Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən həyata keçirilən “Milli opera incilərimiz” layihəsi çərçivəsində teatrın opera truppası solistlərin milli operanın ən gözəl vokal əsərlərini ifa etdiyi daha bir konsert keçirib.
AZƏRTAC xəbər verir ki, konsert Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında baş tutub. Proqrama teatrın simfonik orkestri və xorunun müşayiəti ilə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Niyazi, Şəfiqə Axundova, Ramiz Mustafayev və Firəngiz Əlizadənin şah əsərlərindən parçalar daxil edilib.
Konsertdə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, İlahə Əfəndiyeva, Cahangir Qurbanov və Səbinə Vahabzadə, solistlər Adil Axundov, Mahir Tağızadə, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Səma Həmzəyeva, Aytac Şıxəlizadə, Günel Hacıyeva, Fəhmin Əhmədli, Aydan Quliyeva, Orxan Cəlilov iştirak ediblər.

Dirijor Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar artist Sevil Hacıyeva, layihənin direktoru isə Əməkdar artist İnarə Babayeva olublar.
Layihənin məqsədi zəngin milli musiqi irsini təqdim etmək, klassik operanı populyarlaşdırmaq və bu unikal ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verməkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.