31 oktyabr dünyada “Beynəlxalq Əmanət Günü” kimi qeyd olunur. Bu günün əsası 1924-
cü ildə İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Əmanət Bankları Konqresində qoyulub.
Məqsəd – cəmiyyətdə qənaət mədəniyyətini formalaşdırmaq, vətəndaşları gələcəyi düşünərək
yığım vərdişlərinə təşviq etmək və maliyyə sisteminə inamı möhkəmləndirmək olmuşdur.
Əmanət Günü daha sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınaraq rəsmi status almış,
hazırda da iqtisadi sabitliyin və sosial rifahın təməl dəyərlərini xatırladan gün kimi qəbul və qeyd
olunur.
Müasir dünyada əmanətlərin sığortalanması mexanizmi maliyyə təhlükəsizliyinin mühüm
dayağı sayılır. Əmanətlərin sığortalanması sistemi vətəndaşların vəsaitlərini risklərdən müdafiə
etməklə yanaşı, bank sektoruna inamı artırır, dayanıqlı iqtisadi inkişafın əsasını qoyur.
Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalandığı ölkələrdə maliyyə sisteminə etimad,
investisiya fəallığı və yığım meyilləri daha yüksək olur.
Azərbaycanda bu istiqamətdə mühüm addım 2006-cı ildə “Əmanətlərin sığortalanması
haqqında” Qanunun qəbul edilməsi ilə atılmışdır. Qanun vətəndaşların əmanətlərinin
sığortalanması mexanizminin hüquqi əsaslarını təsbit etmiş, əmanət vəsaitlərinin təhlükəsizliyini
təmin edən institusional baza formalaşdırmışdır. Bunun nəticəsində ölkəmizdə əmanətçilərin
hüquqlarının müdafiəsi, bank sektorunda şəffaflıq və məsuliyyət prinsipləri daha da
güclənmişdir.
Həmin qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu sistemin
səmərəli fəaliyyətinə təminat verir. Fondun əsas missiyası banklarda sığorta hadisəsi baş verdiyi
halda əmanətçilərə kompensasiyaların qanunla müəyyənləşdirilmiş müddət ərzində
ödənilməsidir. Bununla yanaşı, ƏSF maliyyə sabitliyinin qorunmasında, bank sisteminin
etibarlılığının və dayanıqlığının artırılmasında mühüm rol oynayır.
Son illərdə Fond öz fəaliyyətini beynəlxalq təcrübəyə və rəqəmsal innovasiyalara uyğun
şəkildə modernləşdirməkdədir. Kompensasiyaların mümkün ən qısa müddət ərzində
ödənilməsinin, proseslərdə şəffaflığın və avtomatlaşdırılmanın təmin olunması, məlumat
mübadiləsinin rəqəmsal sistemlərə inteqrasiyası, eləcə də maliyyə savadlılığının artırılması
layihələri ƏSF-nin fəaliyyətində keyfiyyətcə yeni mərhələ təşkil etmişdir. Bu tədbirlər
əmanətçilərin məmnunluğunu artırmaqla ölkədə bank sisteminə olan etimadı daha da
möhkəmləndirməkdədir.