Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına daxil oldu. Müstəqil dövlət olaraq Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu, ikitərəfli münasibətlərə üstünlük verdi.
Yeni dünya düzənində regional və qlobal inteqrasiya strateji xətt kimi müəyyən edilib. Bu siyasətin ardıcıl olaraq həyata keçirilməsi, Azərbaycanın dünyada özünü təsdiqi ilə nəticələndi. Məhz təməli qoyulan düşünülmüş siyasətin nəticəsidir ki,Azərbaycan hazırda çoxsaylı dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hazırda Azərbaycan nəinki dünya dövlətləri ilə əməkdaşlıq edir, hətta beynəlxalq aləmin qlobal problemlərinin həlli istiqamətində faydalı təşəbbüslə çıxış edir.
Təkcə oktyabrda Prezident 4 fərqli coğrafiyada 4 sammitdə iştirak edib
Bu il ərzində Azərbaycan beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirərək, həm regional, həm də qlobal səviyyədə strateji əməkdaşlıqlarını genişləndirib. Azərbaycan və Çin arasında 23 aprel 2025-ci ildə imzalanan "Əhatəli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" iki ölkə arasında ticarət, investisiya, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Avropa İttifaqı ilə də münasibətlər inkişaf etməkdədir. Aprelin 25-də Brüsseldə keçirilən görüşdə, Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi üzrə danışıqların bərpa olunmasına qərar veriblər. Avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişinin bəndləri paraflanıb. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalanıb. Azərbaycanən Şanxay Əməkdaşlıq Təşkilatı ilə təmasları güclənib. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısına Azərbaycan ev sahibliyi edib. Təkcə oktyabr ayının statistikasına baxsaq görərik ki, Prezident Əliyev 4 fərqli coğrafiyada 4 sammitdə iştirak edib, ortaya mövqe qoyub, diqqət mərkəzində olub: 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammiti; 9-10 oktyabrda Düşənbədə MDB Sammiti; nəhayət, 13 oktyabrda Şarm əş-Şeyx Zirvəsi.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, Azərbaycan dünyada mövqeyini möhkəmləndirir: “Bakının Şərqdən Qərbə çoxşaxəli işbirliyi ilə Çin, ABŞ, Avropa Birliyi və Türk dünyası planında aktivliyinin artması danəlmaz faktdır və əlbəttə, tarixi təqdiri haqq edir. Bəs bunu şərtləndirən amillər hansılardır?
Dövlətlərarası mövqelərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu il Azərbaycan xarici siyasətdə çoxsaylı irəliləyişlərə nail olub və bu yalnız bölgədə yox, qlobal arenada da öz səciyyə və səviyyəsi ilə seçilir. Bakı təkcə müşahidəçi deyil, aktiv oyunçu kimi davranır. Strateji işbirliklərinin genişlənməsi - bu, sadəcə “dostluq anlaşmaları” imzalamaqla olmur, həmçinin daşımaçılıq-logistik, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, enerji ötürülməsi kimi sahələrdə ciddi “məhsulverici” işbirliklərinin qurulması deməkdir. Örnəyi, Çinlə əlaqələrdə bu yeni mərhələni görürük. Çin və Azərbaycan arasında aprelin 23-də imzalanmış “Əhatəli Strateji Tərəfdaşlıq” çərçivəsində bu sahələr önə çıxıb. Bu işbirliyinin gündəliyinə yerləşdirilən sahələr - ötürülmə (tranzit) və logistik (“Orta dəhliz” çərçivəsində), yaşıl enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və s. vurğulana bilər. Çin tərəfi Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Bununla belə, Azərbaycan eyni zamanda Avropa İttifaqı(Aİ) ilə münasibətlərini də inkişaf etdirir. Aİ-Azərbaycan arasında növbəti “Tərəfdaşlıq və İşbirliyi” anlaşması üzrə danışıqların bərpa edilməsinə qərar verilib.
ABŞ-la əlaqələrdə də ciddi addımlar var: avqustun 8-də Vaşinqtonda Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq xartiyası hazırlamağa yönəlmiş Strateji İşçi Qrupunun yaradılması barədə memorandum imzalanmasını yada salaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan yalnız bölgə ilə məhdudlaşmır, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirir.
Yaxşı, bəs məntiq və motivlər nə deyir?
Bu aktivliyin arxasında müəyyən məntiqi motivlər dayanır, əlbəttə. Xüsusən də diversifikasiya siyasəti. Azərbaycanın iqtisadiyyatda və tranzitdə asılılıqları hələ də yüksəkdir. Yeni işbirlikləri vasitəsilə tək-əl ilə müəyyən tərəfdaşlara bağlanmaq riskləri azaldılır. Çinlə işbirliyi bu baxımdan alternativ açar “qapı” rolundadır. Coğrafi üstünlükdən səmərəli istifadə edilir. Azərbaycan enerji, tranzit, qitələrarası körpü baxımından Cənubi Qafqazda strateji mövqeyə malikdir. Bu mövqedən istifadə edərək “Orta dəhliz” və ya Çin-Avropa yolu çərçivəsində rolunu artırmaq imkanı var. Aparılan siyasətin siyasi və təhlükəsizlik üstünlükləri var. Regional mühitdə – Türkiyə, Rusiya, İran və hətta Ermənistan ilə birgə yaxud qarşılıqlı işbirliyində – Azərbaycan öz mövqeyini möhkəmləndirmək, həmçinin indiki geosiyasi qütblərin kəsişməsində dayanan dövlət kimi çıxış etmək əzmindədir.
Azərbaycan Türk dünyasında rolunu möhkəmləndirir
İqtisadi və texnoloji transformasiya yeni imkanlar yaradır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat kimi sahələrə fokus – bu, artıq resurs ixracçısı olmaqdan çıxıb “dəyər yaratmaq” yoluna keçmək niyyətini göstərir. Çinlə imzalanan sənədlər də bu yöndədir. Bax, bu motivlər çərçivəsində Prezident İlham Əliyevin bir sıra sammitlərdəki iştirakı və təşəbbüsləri ölkəmizin nüfuzunu artırır. Bəli, Azərbaycan aktivdir, yeni-yeni arenaları fəth edir. Təkcə uğurlar yox, risklər və diqqət tələb edən məqamlar da vardır. Çin–Azərbaycan münasibətlərində bəzi analitiklər ehtiyatlı yanaşır. Məsələn, Çin yatırımının strateji aktivlərə təsiri barədə müxtəlif fikirlər var. Aİ ilə münasibətlərdə “şərtlilik məsələsi” özünü göstərməkdədir. Yəni Aİ öz standartlarını önə çəkir və bu, müəyyən müzakirələrə mövzu olur. Regionda balans qurmaq işi asan deyil. Rusiya, İran, Avropa aktorları arasında zəruri manevrlərin uğuru özünəməxsus məsuliyyətli qərarlar doğura bilir. Azərbaycanının diplomatik aktivliyinin bu il daha da artması Cənubi Qafqazın geosiyasi məzmununa, səhnəsinə çevrilmə səylərini göstərir. Məsələn, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammiti Azərbaycana bir ev sahibi kimi status verir və Türk dünyasında rolunu möhkəmləndirir. Çinlə strateji tərəfdaşlıq Avropaya, Asiyaya açılan yeni işbirliyi imkanlarını göstərir. ABŞ ilə memorandum vasitəsilə həmin ölkənin aid olduğu siyasi-diplomatik, ideoloji məkan arasında bağların yenidən qurulması baş verir. Aİ ilə danışıqlar yenidən qurulur. Bütün bunlar Azərbaycanın “dünya oyunu”nda prinsipial şəkildə iştirak istədiyini göstərir. Əlbəttə, bu işbirliklərinin gerçəkləşmə mərhələsinə keçməsi vacibdir. İmzalar, açıqlamalar yaxşıdır, ammayetərli deyil. Konkret yatırımlar, layihələr, həmin sahələrdə əməli addımlar tələb olunur. Biz sözü imzası qədər keçərli bir ölkə olduğumuz üçün, imzamız heç şübhəsiz öz nəticələrini verəcəkdir”.
Vidadi ORDAHALLI
 Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.
 
                        