RU

Vətən müharibəsi şəhidinin məzarı ziyarət olundu - FOTOLAR

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində 30 oktyabr 2025-ci il tarixdə, Sumqayıt şəhər “Şəhidlər Xiyabanı”nda Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Tahir oğlunun anım günü ilə əlaqədar tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, döyüş yoldaşları, şəhidimizin ailə üzvləri, yaxınları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin məzarı ziyarət olundu, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunulub. 

Eyni zamanda tədbir iştirakçıları tərəfindən əslən Qubadlı rayonunun Yuxarı Mollu kəndindən olan Vətən Müharibəsi şəhidi gizir Elnur Təvəkkül oğlu Abdullayevin və Əliyev Xəqani Füzuli oğlunun anım günü münasibətilə məzarları ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyulub. 

Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyi tərəfindən vətənpərvərlik mövzusunda və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. 

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd edib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz Liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox qazimiz öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.

Vətən Müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sənan Həsənov və digər çıxış edənlər Vətən Müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşdülər. 

Şəhidin atası Tahir Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub. 2006-cı ildə Qubadlı Şəhər 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Kooperasiya universitetinin maliyyə və kredit fakültəsinə daxil olmuş və həmin universiteti bitirmişdir. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

2012-2015-ci illərdə “UNİBANK” Kommersiya Bankında İstehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Daha sonra Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. 2020-ci ildən Kapital Bankda “Birkart Bank olmayan Kredit Təşkilatı” MMC- nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir. Sonra həmin vəzifədən öz ərizəsi ilə işdən çıxmışdır.

14 iyul 2020-ci ildə - Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınmışdır. 

01 oktyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə olmuşdur.

4 günlük mühasirədə qaldıqları vaxt böyük şücaət göstərərək, yaralı şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olmuşdur. Sonuncu dəfə yaralı komandirini döyüş mövqeyindən çıxararkən, komandiri ağır yaralı olduğu üçün Vüsala onu buraxıb getməyini desə də, Vüsal bildirib ki, “ya ikimiz bir yerdə şəhid olacağıq, ya da burdan çıxacağıq”. 

Həmin döyüşdən sağ-salamat çıxaraq komandiri hərbi hospitala çatdırsalar da, komandir şəhid olur. 

Füzulinin Seyidəhmədli kəndi istiqamətində döyüşlərdə iştirak edən Vüsal Allahverdiyev sonra Xocavənddə döyüşmüşdür.

Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürurla danışıb deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhid olmaqdırsa, o işdən niyə qorxmalıyıq!". 

Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olmuşdur. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər “Şəhidlər xiyabanı"nda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Vüsal Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalları təltif edilmişdir. 

Subay idi. 

 

Избранный
9
50
unikal.az

10Источники