RU

Azərbaycan-Türkiyə prezidentlərinin Ermənistana səfəri

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunduqlarını deyib. Bildirib ki, dəvətlər hələlik şifahi formada çatdırılıb.

Politoloqlar indiki şəraitdə bu dəvətin hansı halda reallaşa biləcəyini danışıblar.

“Azərbaycan-Ermənistan münaqişəsi potensial olaraq bitməyib”

Politoloq Natiq Miri bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunması şifahi qaydada irəli sürülüb.

Onun sözlərinə görə, bu, qeyri-müəyyənlik yaradır:

“Çünki Azərbaycanla Ermənistan arasında münaqişə potensial olaraq bitməyib. Doğrudur, sülh mühiti mövcuddur, sülh sənədi ilə bağlı paraflanma 8 avqustda ABŞ-da mümkün olub. Ancaq yekun sülh sənədi imzalanmayana qədər münaqişə potensialı davam edir. Digər tərəfdən, diplomatik münasibətlərin qurulması üçün yekun sülh sənədinin imzalanmasına ehtiyac var. Ona görə də Azərbaycanın Ermənistanın konstitisiyasında qeyd edilən ifadələrin dəyişdirilməsi tələbi həll olunmalı, həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiasını əsas götürən maddə ləğv olunmalıdır. Bundan sonra diplomatik münasibətlərin qurulması, bu kontekstdə rəsmi dəvət və bu dəvətin yerinə yetirilməsi mümkün ola bilər. Ancaq istisnalar da mümkündür. Çünki son zamanlar həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərində bir intensivlik hiss olunur. Tranzit yüklərin daşınmasında məhdudiyyətlər aradan qaldırılıb ki, bu da çox mühüm praktiki addım, eyni zamanda sülhün göstəricisidir. Eyni məsələlər artıq Ermənistan-Türkiyə arasında da müzakirə edilir, sərhədlərin açılması gözlənilir. Bu kontekstdə konkret anlaşmalar mümkündür. Parlament çoxluğundan istifadə etməklə baş nazir Nikol Paşinyan Konstitusiyada mövcud olan ərazi iddiaları ilə bağlı ifadələri aradan qaldıra bilər. Bu razılıq olarsa, imkan yarana bilər ki, Azərbaycan və Türkiyə prezidentləri bu sammitdə iştirak etsinlər. Ancaq Azərbaycan daha çox konstitusiya dəyişikliyinin referendum yolu ilə baş verməsində maraqlıdır. Azərbaycan ona görə bunu istəyir ki, sülh müqaviləsi sadəcə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında bağlanmır. Azərbaycanın istədiyi ondan ibarətdir ki, xalqlar bu məsələyə birmənalı münasibət bildirsin. Referendum da bunun bariz göstəricisi ola bilər. Xalq ya sülh, ya müharibəyə səs verməlidir ki, bu da erməni xalqının açıq şəkildə mövqeyini ortaya qoyacaq, uzun müddət sülhün təminatçısı olacaq”.

Politoloq hesab edir ki, istisnalar da ola bilər. Onun fikrincə, xüsusilə də növbədənkənar parlament seçkiləri təyin olunsa və Paşinyanın rəhbərlik etdiyi güc mərkəzi qalib gələrsə, yeni konstitusiya ilə bağlı referendumu irəli çəkə bilərlər:

“Xalq yeni konstitusiyaya səs verərsə, Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana səfərində heç bir problem qalmayacaq. Ermənistan anlamalıdır ki, 30 il münaqişədə saxladığı Azərbaycanın rəhbərinin Ermənistana səfəri bütün dünyaya mesaj olaraq artıq sözün əsl mənasında sülhün mövcudluğunu bəyan etmiş olacaq. Eyni zamanda, Azərbaycan Prezidenti ilə yanaşı Türkiyə Prezidentinin də Ermənistana səfəri region və Ermənistanın gələcəyi üçün bir çox qapı açacaq. Bu, səfərin mühüm əhəmiyyəti olardı. Ona görə də Ermənistan rəhbərliyindən ciddi gözləntilər var. Ermənistan ictimaiyyəti buna adekvat deyil. Bu gün parlament seçkiləri öncəsi mübarizə gedir. Rusiya bütün müxalif qüvvələri konsalidə edib. Rusiyada fəaliyyət göstərən milyarderlərin böyük maliyyələri mövcuddur və bu maliyyə vasitəsilə xalqın rəyini öz tərəflərinə çəkməyə çalışırlar. Rusiya bu praktika ilə Gürcüstanda qalib gəlmişdi. İvanişvili Rusiya variantı idi ki, kriminal yolla qazandığı vəsaitləri xərcləməklə Gürcüstanda korrupsiyanın kökünü silən Saakaşvilini devirə bildi. Eyni modeli Ermənistanda da bərqərar eləmək istəyirlər. Doğrudur, zamanında Saakaşvilinin etmədiyini Nikol Paşinyan Samvel Karapetyanı həbsə atmaqla etdi. Bu məsələdə Qərbin xüsusi təyinatlı orqanları Paşinyana yardım etdi. Ona görə də ciddi proses gedir və prezidentlərin Ermənistana səfəri həm də bu mübarizənin nəticələrindən asılı olacaq.  İstisna etmirəm ki, konkret razılaşmalar olduğu təqdirdə belə bir səfər reallaşa bilər. Hətta parlament seçkisi öncəsi belə bir səfərin baş tutması Paşinyanın qələbəsi üçün açıq kart olacaq. Bu erməni xalqına açıq şəkildə Ermənistana sülhün gəldiyi mesajı olacaq. Ona görə də parlament seçkilərində “ya sülh, ya müharibə” sualında erməni xalqı sülhü seçəcək. Çünki övladlarının müharibədə ölməsini istəməz”.

“Prezidentin səfəri həmin tədbirə qədər Ermənistan hökumətinin atacağı addımlardan asılı olacaq”

Politoloq Rəşad Bayramov xatırladıb ki, Avropa Siyasi Birliyi Saamitinin son iclasında növbəti üç il üçün sammitin keçiriləcəyi ölkələrin adları müəyyənləşdi.

Və qərara alındı ki, Sammitin toplantıları 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçirilsin. Politoloqun sözlərinə görə, 2026-cı ildə Sammitin Ermənistanda keçirilməsi əslində Avropa Birliyi tərəfindən Paşinyanın seçkiqabağı kampaniyasına dəstək kimi də qəbul oluna bilər.

Gələn il Ermənistanda keçiriləcək toplantıda iştirak edib etməməklə bağlı qərarın Azərbaycan və Türkiyə prezidentləri tərəfindən veriləcəyini vurğulayan R.Bayramov xüsusilə Azərbaycan Prezidentinin iştirakının bir sıra şərtlərdən asılı olacağı qənaətində olduğunu vurğulayıb:

“Niyə xüsusilə Azərbaycan Prezidenti deyirəm, çünki Türkiyə Prezidentinin iştirakı erməni cəmiyyəti üçün qeyri-adi görünməyə bilər. Belə ki, Paşinyanın Türkiyəyə səfərləri reallaşıb və indi cənab Ərdoğanın da səfəri tamamilə mümkün görünür. Prezident İlham Əliyevin səfəri isə həmin tədbirə qədər Ermənistan hökumətinin atacağı addımlardan asılı olacaq. Daha dəqiqi Ermənistanın sülh istiqamətində atacağı addımlardan, Zəngəzur dəhlizi istiqamətində fəaliyyətin həyata keçirilməsindən, öhdəliklərə uyğun olaraq separatçı qüvvələrin neytrallaşdırılmasından və ən əsası da Ermənistanın daxilində ictimai-siyasi vəziyyətdən asılıdır. Seçki öncəsi Ermənistanda təlatümlər yaşanacaqsa, bu təbii ki, təhlükəsizlik tədbirlərinin də üst səviyyədə təmin olunmasında problemlərə səbəb ola bilər. Odur ki, qənaətimcə, Azərbaycan Prezidentinin səfər edib-etməməsi tamamilə Ermənistanın davranışlarından asılı olacaq.

Ümumiyyətlə isə Avropa Siyasi Birliyinin Sammiti hansısa qərarların qəbul olunduğu toplantı deyil. Bu birlik siyasi dialoq və strateji müzakirələr üçün bir platformadır və ildə iki dəfə keçirilən bir tədbirdir. Yəni başqa sözlə, bu toplantılardan hansısa birində iştirak etməmək heç nəyi dəyişməyəcək”.

Избранный
27
hafta.az

1Источники