Ajans.az xəbər verir ki,bu barədə Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb. Agentliyin xəbərinə görə, “düşmən hava qüvvələri Ayşiya şəhəri yaxınlığında yerləşən Mahmudiyyə və Cormok ərazilərinə hücumlar həyata keçirib”. Cümə axşamına keçən gecə İsrail ordusunun xüsusi təyinatlı bölmələri Livanın cənubuna dərin basqın edərək sərhəddən təxminən bir kilometr məsafəyə irəliləyib. Onlar Blida bələdiyyə binasına hücum edərək bir inzibati işçini qətlə yetiriblər. Livanın Baş naziri Nəvaf Salam bu hadisəni ölkənin suverenliyinin “kobud şəkildə pozulması” kimi qiymətləndirib. Rəsmi Beyrut dəfələrlə bəyan edib ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail respublikanın suverenliyini sistematik şəkildə pozmaqda davam edir. İsrail qüvvələri Livanın cənubundakı beş strateji mövqedə, o cümlədən Livan hakimiyyətinin “davam edən işğal” və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulması kimi qiymətləndirdiyi şimal Qacar kəndində mövcudluğunu qoruyur. Livan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, İsrail 2025-ci ilin əvvəlindən bu günə qədər Livan ərazisinə 4 500-dən çox hücum həyata keçirib. Nəticədə 300-dən çox insan həlak olub, 680-dən çoxu isə yaralanıb. İsrail ordusu isə bildirir ki, hücumlar Hizbullah hərəkatının hərbi infrastrukturunu hədəf alır və onun silahlı qanadının rəhbərliyini zərərsizləşdirməyə yönəlib. İsrail tərəfi dəfələrlə bəyan edib ki, “şiə hərəkatının yaratdığı təhlükəni aradan qaldırmaq” məqsədilə Livana zərbələr endirməyə davam edəcək.