RU

Zəngəzur dəhlizinə qarşı yeni maneə: Rusiya bunu təklif edir - MÜSAHİBƏ

BAKI, 30 oktyabr. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan öz ərazisi üzərindən Ermənistana daşınan yüklərin keçidinə razılıq verib. Bu rəsmi Bakının sülh və regional kommunikasiya xətlərinin blokdan çıxarılması istiqamətində atdığı addım kimi də dəyərləndirilir…

- Bu əslində sülhün təşviqi istiqamətində atılan addımdır. Daha öncə Zəngəzur dəhlizi (Tramp marşrutu) açılmasa, digər yolların açılmağının mümkünsüzlüyü önə çəkilirdi. Amma indiki mərhələdə Ermənistan daxilində də Zəngəzur dəhlizi ətrafında ciddi müzakirələr gedir. Erməni cəmiyyətində bunu dəstəkləyənlər və əksinə çıxanlar da var. Eyni zamanda region dövlətlərindən olan İrandan başqa, Rusiyanın da buna qarşı çıxdığı müşahidə edilir. Əvvəl isə guya Zəngəzur dəhlizinin Rusiyaya lazım olması ilə bağlı iddialar səslənirdi. Hazırkı məqamda isə bəlli olub ki, Rusiya heç də bunu istəmir. Kreml sözdə bunu istəsə də, özünün prosesdə rolunun olmasına çalışır.

- Kremlin dəhlizlə bağlı yanaşması və iddiaları nə ilə bağlıdır?

- Rusiya iddia edir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə rus əsgəri dayanıb. Yəni, Ermənistan-İran sərhəddi rus sərhədçiləri tərəfindən qorunur. Demək olar ki, həmin bölgə tam olaraq rusların nəzarəti altındadır. Əslində Ermənistan adından orada inzibati idarələrdən başqa heç nə yoxdur. Ona görə də bu heç də asan bir proses deyil.

- Ermənistan hakimiyyətindən başqa revanşistlərin və digər müxalif kəsimin dəhlizlə bağlı əsas istəyi nədən ibarətdir? Onlar bu yolun hansı şərtlər daxilində açılmasını iddia edir?

- Sözsüz ki, Ermənistan müxalifəti və İran Zəngəzurdan keçən dəhlizə qarşı çıxır. İndi isə onların qarşısında tək Azərbaycan faktoru dayanmayıb. Dəhlizin açılması ilə bağlı bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşma ilə əsas təminatçı ölkə Amerikadır. Ona görə də dəhlizin açılmasını istəməyənlər qarşılarında eyni zamanda Trampı da görürlər.

- Bakının jestindən sonra rəsmi İrəvanın regional kommunikasiyalar çərçivəsində hətta Türkiyə ilə sərhədlərin açılması ilə bağlı mövqeyi bəyan edilib. Prosesin bir qədər də sürətlənməsi üçün daha nələrə ehtiyac var?

- Zəngəzur dəhlizi (Tramp marşrutu) Rusiya Prezidenti Vladimir Putinin Trampla danışığında da əsas müzakirə mövzularından biri olub. Bu isə aysberqin görünməyən tərəfinin və daha çox bunu nəzərə almayanların proqnozlarını alt-üst etmiş oldu. Ümumiyyətlə, Rusiya bu gün Orta dəhliz layihəsinə özü üçün rəqabət yaradacaq bir marşurut kimi baxır. Keçmiş sovet dövründə Zəngəzurdan keçən dəmir yolu xətti var idi. Avrasiya kommunikasiya xəttləri də buradan keçirdi. Eyni zamanda Suveyş kanalından da mühüm keçid mövcud olub. Amma hazırda bu istiqamətdə bəzi problemlər ortaya çıxır.

- Bu halda Rusiyanın əsas təklifi nədir? Onlar üçün məqbul xətti hansıdır?

- Rəsmi Moskva Arktikadan keçən kommunikasiya xəttlərini Çin üçün təklif edir. Bu halda Orta dəhliz onlara lazım olmur. Amma bütün hallarda Orta dəhliz mövcuddur. Sözsüz ki, Orta dəhlizin genişlənməsi məhz Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır.

- Orta dəhliz və Zəngəzur dəhlizi layihəsinin qısa zamanda reallaşması üçün rəsmi Bakının atdığı addımlar nədən ibarətdir?

- Azərbaycanın məhz öz ərazisindən Ermənistana tranzit xəttini açması bunun nümunəsidir. Eyni zamanda Qazaxıstan, Özbəkistanla yanaşı, türk dövlətlərinin demək olar ki, hamısı Orta dəhlizin açılmasında maraqlıdır. Regional kommunikasiyaların Azərbaycan tərəfindən daha tez açılması üçün atılan addımlar sülh və Orta dəhliz layihəsinin təşviqi baxımından əhəmiyyətlidir. Çünki bu Çinlə yanaşı türk dövlətləri üçün mühüm önəm kəsb edən kommunikasiya xəttidir.

Избранный
15
2
teleqraf.com

3Источники