Politoloq Qabil Hüseynli hafta.az-a budəfəki müsahibəsində dünya siyasətindəki vacib məsələlərə dair fikirlərini bölüşüb. İlk növbədə, Putin və Trampın qarşılıqlı gərginliklərindən və Rusiyanın yeni nüvə raket sistemlərinin təbliğat xarakteri daşımalarından bəhs edib.
Müsahibimiz Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyişləri alqışlayaraq, Zəngəzur yolunun açılması və iqtisadi əlaqələrin inkişaf etməsi məsələlərinə müsbət yanaşdığını diqqətə çatdırıb.
- Qabil bəy, sanki ABŞ Prezidenti Donald Trampın “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı ciddi görünən sanksiyalarına cavab olaraq Rusiya lideri Vladimir Putin 14 min km məsafəyə uçan, nüvə reaktorlu, amerikalıların “uçan Çernobıl” adlandırdıqları “Burevestnik” qitələrarası raketinin sınağını keçirdi. Bu fonda Avropa və ABŞ-ın Ukraynada sülhün əldə olunması istiqamətində atdığı addımları necə dəyərləndirirsiniz?
- Tramp bundan sonra öz mövqelərində sabit dayansa və vəd etdiyi silah-sursatı Ukraynaya çatdırsa, Ukrayna mütləq müharibədə qısa müddətdə uğur qazana bilər. Qaldı Putinin “Burevestnik” uçurması, nüvə hədəsi və s... Bunlar hamısı ritorika və qarşı tərəfə təzyiq etmək cəhdidir. Eyni zamanda Rusiyanın nüvə silahlarının həm modifikasiyası köhnəlib, həmçinin onların yanacaq sistemi sovet dövründən qalmadır. Halbuki nüvə raketlərinin yanacaq sistemi 10 ildən bir təzələnməlidir. “Burevestnik” də, “Topol” da və s. köhnə sovet raketlərinin cüzi kosmetik təmir edilmiş və müəyyən modifikasiyaya məruz qalmış davamıdır. Onları yeni, müasir, texnoloji cəhətdən üstün silahlar adlandırmaq doğru deyil. Bu mənada Rusiyanın yeni nüvə raketləri barədəki informasiyalar sadəcə təbliğat xarakteri daşıyır və həmin silahlar texnoloji baxımdan ən müasir və üstün, hətta bəzilərində süni intellektin tətbiq edildiyi ABŞ və Qərb sistemləri ilə rəqabət edə biləcək səviyyədə deyil. Bir sözlə, Kreml növbəti dəfə hərbi ritorikasıni işə salaraq qarşı tərəfi qorxuya salmaq, eyni zamanda daxili siyasətdə mövqelərini möhkəmləndirmək istəyir, amma gerçəklikdə ciddi heç nə baş vermir...
- Gürcüstanda rusiyapərəst İvanişvili hökumətinə qarşı ötən payızdan başlanan kütləvi etiraz aksiyaları artıq bir ildir ki, səngimir. Bu müddətdə eks-prezident Salome Zurabişvili çox çalışsa da, müxalif qüvvələrin vahid lideri rolunu oynaya bilmədi. Necə hesab edirsiniz, gürcü müxalifəti getdikcə tükənir, yoxsa hələ də dirçəlib məqsədlərinə nail olmaq şansı var?
- Gürcüstanda möhkəm və siyasi perspektivi görən bir müxalifət formalaşıb. O qismən inteqrasiya edib, birləşib. Sadəcə qonşu ölkədəki müxalif qüvvələr silahlı mübarizə xəttini yox, dinc mübarizə yolunu seçməklə mövcud hakimiyyəti təslim etməyə çalışırlar. O da məlumdur ki, Rusiya İvanişvili hökumətini ciddi şəkildə müdafiə edir. Əgər kənardan Moskvanın siyasi və maliyyə dəstəyi olmasaydı, müxalifət artıq çoxdan Bidzinanın sıradan çıxarardı. Amma yenə də görünən odur ki, Gürcüstanda müxalifət qəti qələbəyədək israrlıdır və ölkənin gələcəyi üçün vacib məsələlərin həllini, hakimiyyət dəyişikliyini yarı yolda qoymayacaqdır.
- Ötən günlərin ən maraqlı və vacib hadisələrindən Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını və artıq Qazaxıstan taxılının da ölkəmiz üzərindən Gürcüstan vasitəsilə Ermənistana daşına biləcəyini bəyan etməsidir. Ardınca isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk artıq rəsmi Bakının Rusiya mallarının Ermənistana keçməsinə icazə verməyə hazır olduğunu da bəyan etdiyini bildirib. Bunları necə şərh edərdiniz?
- Azərbaycan ərazisindən Qazaxıstandan gələn taxılın, həmçinin Rusiyadan göndərilən müxtəlif malların Ermənistana daşınmasına icazə verilməsini iki ölkə arasındakı münasibətlərin normallaşmasının bir əlaməti kimi dəyərləndirirəm. Yəni uzun müddətdir ki, dövlətlər bir-biri ilə heç bir ticarət, nəqliyyat, loqistika əlaqələri saxlamır. Artıq loqistik əlaqələri nizama salırıq. Bir müddət sonra isə Zəngəzur yolu da işə salınacaq və bu əlaqələrin dairəsi, miqyası daha da genişlənəcək. Bütün bunlar 8 avqust tarixli Vaşinqton Sülh Bəyanatından sonra sülh prosesini sürətləndirən, Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanması vaxtını tezləşdirən və bir sözlə iki xalqı bir-biri yaxınlaşdıran bir amildir. Bu, indiyədək yığılmış qarşılıqlı nifrəti, kin-küdurəti atmağın bir yoludur.
- Bəs sizcə, Rusiyanın Azərbaycan üzərindən Ermənistana tranzitin açılmasında canfəşanlıq etməsində şübhəli məqamlar yoxdur ki?
- Rusiya sadəcə ona görə canfəşanlıq edir ki, Azərbaycan üzərindən Ermənistana tranzit qadağasının götürülməsi onun xeyrinədir. Başqa sözlə, Kreml çalışır ki, daim Ermənistanı hər vasitə ilə həm siyasi, həm də iqtisadi baxımdan əlində saxlasın. Amma bütün səylərinə baxmayaraq, Moskva Türkiyə-Ermənistan açılımının qarşısını ala bilməyəcək. Həm də ona görə ki, Türkiyə ilə Ermənistan arasında yalnız sərhəd və gömrük məntəqələri açılmayacaq, eyni zamanda diplomatik münasibətlər yaradılacaq. Bu nöqteyi-nəzərdən Ermənistan daha çox qazanır və Qərbə doğru irəliləyir. Odur ki, Rusiyanın bölgə ilə bağlı addımları bu prosesə mane ola bilməz...
- Son təhlillərdən belə nəticəyə gəlmək olur ki, Ermənistanda gələnilki seçkilərə qədər Paşinyan 4 istiqamətdə savaş aparmalı olacaq: radikal-revanşist müxalifət, kilsə, erməni diasporu və Rusiya ilə. Sizcə, hazırkı erməni iqtidarı bu savaşlardan qalib çıxa biləcəkmi?
- Zənnimcə, Paşinyan hakimiyyətinə qarşı duran qüvvələr sayca çox görünsələr də, siyasi iradə və güc etibarilə hazırkı iqtidara qalib gəlmək gücündə deyillər. Paşinyan hakimiyyətə gəldiyi son 7 ildə nələr edib? Azərbaycanla müharibəni uduzub. Təbii ki, işğalçı savaşın sonu belə olmalıydı... Ermənistan ordusu keçmiş Sərkisyan və Köçəryan hakimiyyətlərindən qalan bir ordu idi və onun Azərbaycan torpaqlarındakı işğalçı funksiyasını da igid oğullarımız əlindən aldı və qələbə çaldı. Konkret Paşinyana gəldikdə o, iqtidara gələn kimi Ermənistanda demokratik xarakterli islahatlar həyata keçirməyə başladı. Demək olar ki, ölkədə rüşvət və korrupsiyanın kökünü kəsib. Paşinyan ermənilərin maddi güzəranını əvvəlki illərə nisbətən hiss ediləcək dərəcədə yüksəldib və bu işə davam edir. Odur ki, Rusiya, erməni kilsəsi, revanşist qüvvələr və diasporun xəstə, millətçi və müasir dövrlə bir araya sığmayan baxışlarını həm tənqid edir, həm də məqamı gəldikdə belə qüvvələri hüquqi yollarla əzib sıradan çıxarır. Bütün bunları nəzərə alaraq inanmıram ki, növbəti seçkilərdə də erməni xalqı Paşinyana səs verməsin. Əgər 44 günlük müharibədəki məğlubiyyətindən sonra ona səs verdisə, onun partiyasına parlamentdə yer verildisə, bu dəfə də həmin hal təkrar olunacaq. Nəticədə Paşinyan başladığı islahatları həyata keçirib, Azərbaycanla sülh sazişini bağlayıb bölgədə sözün həqiqi mənasında mütərəqqi ictimai-siyasi xadim kimi özünü təsdiqləyəcək...
- Bu arada Rusiya Xarici İşlər Nazirliyinin məşhur sözçüsü Mariya Zaxarova Ermənistanda qondarma “erməni soyqırımı” tarixinin müqəddəs sayılmasından çıxması ilə bağlı şoka düşdüyünü bildirib. Hətta dolayısıyla Paşinyanı xəyanətkar adlandırıb. Bunu necə şərh edərdiniz?
- Bu, açıq-açığına provakasiyadır və başqa dövlətin daxili işlərinə müdaxilə deməkdir. Bu, Kremldə Türkiyəyə olan nifrətdən doğur. Üstəlik, Ermənistandakı revanşist qüvvələri müəyyən addımlara ruhlandırmağa çalışırlar. Qondarma “erməni soyqırımı” məsələsində Paşinyanın mövqeyi kifayət qədər praqmatik mövqedir: o, regionda davamlı düşmənçilik və qarşıdurmanın qalmasını istəmir. Eyni zamanda Paşinyanın Ermənistanı inkişaf etdirmək üçün əsas dayaqlarından biri Azərbaycandırsa, digəri Türkiyədir. Ona görə də bu qondarma “soyqırım”ın yalan olduğunu, gerçəyi əks etdirmədiyini Paşinyan da bilir. Amma yalnız revanşist, irqçi xislətli ermənilərə xasdır ki, Xocalı soyqırımı kimi soyqırımı qəbul etməyərək 1988-ci ildə Sumqayıtda sovet “KQB”-sinin planı əsasında elə digər bir neçə erməni tərəfindən 18 erməninin öldürülməsini soyqırımı olaraq qəbul edilsin. Bu, erməni şüurunun təhrifləri və uydurmalarıdır. Məhz eyni zehniyyətin 1915-ci ildə cəmi 400 min erməninin yaşadığı Şərqi Anadolu bölgəsində Osmanlı Türk ordusunun guya 1,5 milyon erməni öldürdüyü barədə uydurduğu rəvayətlər sadəcə gülüş doğurur... Üstəlik, bildiyimə, oxuduqlarıma görə, Türkiyə Osmanlı sultanının əmri ilə həmin vaxt Türkiyə ərazisinə soxulmuş işğalçı Rusiya ordusuyla birgə öz təbəəsi olduğu dövlətə, onun ordusuna və dinc vətəndaşlarına güllə atan erməni komitələrinin heç birinə güllə atılmamışdır. Onlar yalnız elə Osmanlı rəhbərliyinin səhvləri nəticəsində vaxtilə yerləşdirildikləri ərazilərdən Makedoniya və digər Cənubi Avropa ölkələrinə köçürülmüşdür. Bir sözlə, 1915-ci il “erməni soyqırımı” haqda uydurulmuş “fakt”lara baxdıqca bişmiş toyuğun da gülməyi gəlir. Digər tərəfdən, dünyada beynəlxalq səviyyədə hüquqi baxımdan tanınmış yeganə soyqırım yəhudilərin nasistlər tərəfindən qırılması, yəni Holokostdur. Heç bir beynəlxalq təşkilat qondarma “erməni soyqırımı”na hüquq donu geyindirə bilməyib... Конец формы
- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu günlərdə bildirdiyinə görə, “3+3” formatının ya Azərbaycanda, ya da Ermənistanda keçirilməsi nəzərdə tutulub. Sizcə, əsasən Moskvanın dəstəklədiyi bir layihənin Azərbaycana faydası ola bilərmi?
- “3+3” formatı Azərbaycan Prezidenti də müdafiə edir. Eyni zamanda Azərbaycan da həmin layihədə iştirak edir. Bölgədə belə bir layihə səmimi baza, fundament üzərində yaradıla bilərsə, o halda onun faydası olar. Amma bu günədək Gürcüstan Rusiya ilə bir masa raxasında oturmaq istəmir. Görək bu dəfə oturacaqmı? İranın başqa iddiaları var. Ümumiyyətlə, “3+3” formatı ilk baxışdan mütərəqqi görünsə də, bölgə üçün müəyyən sülh xarakterli faydalı layihələri gündəmə gətirmək məqsədi daşıdığı bəyan edilsə də, onun baş tutacağı, ayaq tutub irəliləcəyi ehtimalı çox zəifdir...
Sultan Laçın
