RU

İldırım presedenti, Karməl nümunəsi – dövlət çevrilişinin belə variantı da var

Bəzi müxalif siyasətçilər və politoloqlar Ramiz Mehdiyev barədə yayılmış iddiaları nəyə görəsə təkzib etməyə çalışırlar, deyirlər, o məktub saxtadır, dövlət çevrilişi elə olmur.

Söhbəti bənd-bənd, müddəa-müddəa xırdalayanlar, birdən-ikiyə uğurlu dövlət çevrilişi həyata keçiribmiş kimi işin incəliklərini sadalayanlar var, mövcud iqtidar tərəfindən yayılan hər şeyin dürüstlüyünə inanmadıqları kimi buna da inanmırlar.

Hakimiyyət adamları onlara münasibətdə hansı inkarçı mövqedədirlərsə, onlar da eyni mövqedədir. Bir-birinin sözünə qarşılıqlı etibar sıfırın altındadır.

Təbii ki, bu normal yanaşma deyil, reallıqları danmaq düzgün olmaz.

Mehdiyevi müdafiə edirmiş kimi görünənlər bunu ona sevgilərindən etmirlər, mövcud iqtidara nifrətlərindən edirlər. Hərçənd kim bilir, keçmiş zamanlarda “vurulan”lara qahmar çıxaraq partiyanın maddi durumunu düzəltmək istəyənlər də olub – Rəsul Quliyevdən pul gözləyənlər, Fərhad Əliyevdən pul daşıyanlar və s. Bir ara Əli İnsanovu da yuxarı başa keçirmişdilər.

Mehdiyevdən bənzər umacaq varmı, yoxmu, bilmək olmaz, amma onun barəsindəki iddiaları bəri başdan şübhə altına alanların olması faktdır.

Belə qələmə verilir ki, Mehdiyevin Rusiya dövlətinin başbilənlərinə ünvanlandığı məktub sadəcə dövlət quruluşu haqqında subyektiv konsepsiyasıdır və orada hər hansı bir dövlət çevrilişinə hazırlıqdan söhbət getmir.

Gerçəkdən də akademik dövlət idarəetməsi məsələsinə konseptual yanaşıb, heç də həmin məktubda “filan qüvvələr filan yerdən hərəkət edəcəklər, bəhmən qüvvələr filan yeri götürəcəklər”, yaxud “bu gen tezdir, sabah gec ola bilər” kimi tezislər yoxdur. Məktub heç bir ad çəkilmir. Söhbət sadəcə “50 nəfərlik dövlət şurası”dan gedir. Ortada təşkilat yoxdur, amma niyyət var.

Onu da yəqin etmək olar ki, həmin “o 50 nəfər”in kimlikləri bəlkə də sırf Mehdiyevin özünə bəllidir. Bəlkə də o şəxslərin özlərinin də xəbəri yoxdur ki, dövlət rəhbərliyi dəyişəcəyi halda Mehdiyev və ya onun seçdiyi kimsə onlara vəzifə verəcəkmiş.

Mehdiyevin nail olmaq istədiyi dəyişiklik heç də “banan ölkələri”ndəki “qara polkovniklər”in başlatdığı silahlı qiyam və “uğurla” başa çatdırılmış dövlət çevrilişi əhatə etmir.

Söhbətin ən incə və mühüm məqamı məhz budur: Mehdiyev Azərbaycanda hakimiyyət dəyişikliyinin sırf xarici qüvvənin birbaşa müdaxiləsi ilə baş tutacağını düşünür, belə gözləyir və yazdığı həmin məktubda bu varianta hazır olduğunu bəyan edir.

O hansı variantdır? Bu bizə tanış variantdır və bir dəfə təcrübə edilib.

1920-ci ildə müstəqil Azərbaycan dövlətini süqut etdirmək, hakimiyyəti Müsavat və digər partiyaların əlindən almaq istəyən yerli kommunistlər heç də silaha sarılıb qiyama, üsyana qalxmadılar. Onlar gözlədilər, qırmızı rus-bolşevik ordusu Yalama stansiyasını keçəndə Xəzərdəki hərbi dəniz donanmasının toplarını parlament binasına tuşlayıb, ultimatum verdilər: “Hakimiyyəti biz təhvil verin, yoxsa Bakını topa tutacaq sizi məhv edəcəyik”. Ultimatumu hərbi donanma naziri (gizli bolşevik) Çingiz İldırım bayırdan, son dərəcə həyasız bir adam olan Əliheydər Qarayev isə parlamentin içindən vermişdi. Nəticədə Rəsulzadənin etirazına baxmayaraq, cümhuriyyət rəhbərləri hakimiyyəti bolşeviklərə (rus, erməni, gürcü, polyak, yəhudi, azərbaycanlı) verdilər. Qırmızı ordu da Bakıya çatıb repressiya əməliyyatlarına başladı.

Yəni yerli bolşeviklərdə o güc yox idi ki, gənc olsa da, hökumətlə hökumətlik etsinlər. Onlar milli hökuməri rus süngüsünün gücü ilə devirdilər.

Bir də Əfqanıstan variantı var. O da 27 aprel çevrilişinin başqa bir versiyasıdır.

1979-cu ilin sentyabrında Əfqanıstanda prezident Nurməhəmməd Tərakini boğduraraq hakimiyyəti götürən baş nazir Hafizulla Əmin onun tərəfdarlarını da zərərsizləşdirmiş, hakim partiyanın və inqilab komitəsinin lideri olmuşdu. Yerli kommunistlərin onu devirmək gücü yox idi. Ancaq Tərakini çox sevən SSRİ başçısı Leonid Brejnev və digər sovet rəhbərliyi Əminin qanını halal buyurdu və həmin ilin dekabrında sovet hərbi kontingenti, demək olar ki, maneəsiz şəkildə Əfqanıstana daxil oldu, Moskvadan göndərilmiş xüsusi təyinatlılar Kabulda prezident iqamətgahında əməliyyat keçirərək H.Əmini öldürdülər , dövlət çevrilişi həyata keçirdilər və Moskvanın Babrək Karməl adlı adamını dövlət başçısı təyin etdilər. Karməl həyatını riskə atmadan, əziyyət çəkmədən bir günün içində dövlət başına gəldi və 7 il bu postda işlədi.

R.Mehdiyev bu presedentlərdən yaxşı xəbərdardır, onu da bilir ki, ölkə daxilində mövcud iqtidarla “qiyam-çevriliş” oyunu oynayacaq heç bir güc yoxdur. Belə güc yalnız xaricdən, ya havadan, ya da dənizdən gələ bilər.

Bəzi informasiyası çox, eləcə də təxəyyül gücü artıq olan həmkarlarımızın mülahizəsinə görə, “hava variantı” alınmayıb, amma “dəniz variantı” qalırmış.

Belə olsa da, olmasa da, hiss olunur ki, Mehdiyev və komandası hakimiyyəti, necə deyərlər, “Seyid Əhməd” əli ilə götürməyi planlaşdırıblar.

Diqqət edin, ötən ilin dekabrından ta bu ilin oktyabrına qədər Azərbaycan və Rusiya arasında soyuq müharibə gedirdi. Bəzən şiddətlənən bu ixtilafda hamı düşünürdü ki, Kreml nəsə məkrli bir şey planlaşdırır, nəsə edəcək. Təbii ki, bunu hakimiyyət dəyişikliyini umanlar da gözləyirdi. Bax, yaradılacağı elan olunan “Dövlət Şurası” həmin fors-major hala hazırlığın elementidir. “Başlaya bilərsiniz, biz hazırıq” deməkdir.

Ona görə də bəziləri ətrafımızda gedən proseslərə, qonşu dövlətlərin niyyətlərinə, vəzifədən götürülmüş adamların, güclərini itirmiş klanların revanş niyyətlərinə diqqət etsinlər. Hər şey yavaş-yavaş gün üzünə çıxır. “Adamın var-dövlətini əlindən almaq istəyirlər” söhbəti əfsanədir. Ortada əməlli-başlı layihə-plan olub və qazan örtülü qaynayıb.

Prosesin sonunu gözləmək lazımdır..

P.S. Şəkildə adları yazıda çəkilən şəxslərdir: Çingiz İldırım, Babrək Karməl və Ramiz Mehdiyev.

 

Избранный
17
1
musavat.com

2Источники