RU

''Real''ın ulduzu ''El Klasiko''dakı hərəkətinə görə üzr istədi

''Real''ın ''El Klasiko''da qalib gəlməsinə və turnir cədvəlində inamla liderlik etməsinə baxmayaraq komanda daxilində ab-hava ideal deyil. Elə ''Barselona'' ilə oyunda Vinisiusun erkən əvəzlənməsinə çox emosional şəkildə reaksiya bildirməsi də bunu sübut edir.

Ümumiyyətlə, iddialara inansaq, ''Real''da bəzi futbolçular baş məşqçi Xabi Alonsodan narazıdı. Onların fikrincə, məşqçinin seçdiyi taktika onları ''çərçivə''yə salır və yetərli qədər sərbəstlik vermir. Rəhbərlik isə Alonsodan və onun iş metodundan artıqlaması ilə razıdı. ''Real'' Vinisiusa son hərəkətinə görə cəza verməmək qərarına gəlib. Bu məsələni həll etməyi tamamilə Alonsoya buraxıblar və onun heç bir qərarına müdaxilə edilməyəcək.

Bu arada Vinisius qalmaqallı hərəkətinə görə üzr istəməli olub. Bu mövsüm əvvəlki illərlə müqayisədə tez-tez ehtiyatda qalan və bu üzdən məşqçisindən narazı olan braziliyalı ulduz öz səhifəsində bunları yazıb:
''Bəzən hisslərimin qurbanı oluram. Mən hər zaman qalib gəlmək və komandama yardım etmək istəyirəm. Çılğınlığım bu kluba sevgimdən və onun böyüklüyündən irəli gəlir. İndiyə qədər olduğu kimi bundan sonra da hər saniyə ''Real''ın uğurları üçün mübarizə aparacağıma söz verirəm''.
İspaniya mətbuatının yazdığına inansaq, Vinisius ilə Alonsonun gərgin münasibətlərinə baxmayaraq rəhbərlik hələ də ''sambaçı'' ilə yeni müqavilə imzalamaq istəyir.
Избранный
17
football-plus.az

1Источники