Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır.
Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə deyilib.
Bildirilib ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və intizam tələb edir.
“Bu səbəbdən bir daha xatırladırıq ki, belə hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən sürət həddini azaldın, ara məsafəsini normadan artıq saxlayın, şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin”, - məlumatda deyilir.