RU

Dondurulmuş halda yeyilməsi daha faydalı olan 6 meyvə açıqlanıb

Meyvələr vitaminlər, minerallar və bəzən faydalı yağlar baxımından zəngin olduğuna görə, balanslı qidalanmanın vacib hissəsidir. Yeganə problem - bu məhsulların tez xarab olmasıdır, bu da onların həmişə əl altında olmasına mane olur...

Poliqon xəbər verir ki, bu barədə RealSimple portalı yazıb.

Amma çıxış yolu var: bir çox meyvə dondurulmuş şəkildə satışdadır, üstəlik, bəziləri məhz bu halda daha faydalı olur.

"Dondurulmaq üçün nəzərdə tutulan meyvələr tam yetişmə dövründə yığılır, yəni qida maddələrinin miqdarı maksimum olur, sonra isə bu dəyərləri qorumaq üçün sürətlə dondurulur", deyə qeydiyyatdan keçmiş diyetoloq Kristen Lorens izah edib.

Onun sözlərinə görə, dondurulma zamanı su ilə həll olan bəzi vitaminlər (məsələn, C vitamini) bir qədər azalsa da, meyvələrin ümumi qida dəyəri dəyişmir.

"Digər tərəfdən, mağazalarda satılan təzə meyvələr hələ tam yetişməmiş halda yığılır", deyə diyetoloq, elmlər namizədi Marissa Karp bildirib. Bu meyvələr daşınma və saxlanma zamanı yetişir, lakin bu prosesdə bəzi qida maddələri itirilir.

Diyetoloqların fikrincə, dondurulmuş halda daha faydalı olan 6 meyvə:

1. Manqo - "Təzə manqo soymaq və doğramaq çox əlverişsizdir, lakin dondurulmuş mango ilə bu işi artıq sizin yerinizə görüblər", deyə Lorens qeyd edir.

O, əlavə edib ki, dondurulmuş mango tam yetişmiş meyvədən hazırlanır və hər dəfə sizə şirin tropik dad verir. Manqo C vitamini (immunitet üçün), A vitamini (göz sağlamlığı üçün) və sağlam həzm üçün vacib olan liflə zəngindir.

2. Ananas - Lorensin sözlərinə görə, ananas C vitamini və manqanla zəngindir - bunlar müvafiq olaraq immuniteti və sümük sağlamlığını dəstəkləyir: "Həmçinin, ananasda bromelain adlı ferment var, bu maddə həzmi yaxşılaşdırır və iltihabı azaldır".

Dondurulmuş ananas almaq həm də rahatdır, çünki onu təmizləməyə və bərk nüvəsini çıxarmağa ehtiyac yoxdur.

3. Giləmeyvələr - Karpın sözlərinə görə, giləmeyvələr məsaməli quruluşa malikdir, bu səbəbdən tez rütubət çəkir və digər meyvələrə nisbətən daha tez kiflənir: "Ona görə də həmişə təzə giləmeyvə tapmaq çətin olur, lakin dondurulmuşlar bu problemi həll edir".

Dondurulmuş giləmeyvələr aylarla saxlanıla bilər. Onlar antioksidantlarla, immuniteti gücləndirən C vitamini və bağırsaq sağlamlığı üçün faydalı liflə zəngindir.

4. Albalı - Karpın sözlərinə görə, albalı polifenol adlı antioksidantlarla zəngindir - bunlar orqanizmdəki iltihablarla mübarizə aparır: "Dondurulmuş albalı çox rahatdır, çünki çəyirdəksiz olur - onu birbaşa smuziyə, yoqurta əlavə etmək və ya elə olduğu kimi yemək mümkündür".

5. Asai giləmeyvəsi - Asai giləmeyvələri çox həssasdır, buna görə də onları mağazalarda təzə tapmaq mümkün deyil. Onlar adətən toz və ya dondurulmuş püresi şəklində satılır. Xüsusilə dondurulmuş püre smuzi və smuzi-boullar üçün idealdır.

Asai omeqa-3 yağ turşuları və antioksidant antosianinlərlə zəngindir — buna görə də onu dondurulmuş şəkildə saxlamaq məsləhətdir.

6. Əjdaha meyvəsi (Pitaya) - Dondurulmuş pitaya artıq təmizlənmiş və kub şəklində doğranmış olur. Bundan əlavə, adətən təzəsindən ucuzdur və mağazalarda tapmaq da çətindir.

"Əjdaha meyvəsi liflə zəngindir, bu da bağırsaq bakteriyaları üçün prebiyotik rolunu oynayır. Həmçinin, o, betalain və karotinoid kimi güclü antioksidantların da yaxşı mənbəyidir", deyə Karp izah edib.

Poliqon.info

Избранный
14
poliqon.info

1Источники