RU

Adnan işinə görə əziyyət çəkən uşaqlar - MÜƏMMA

Deputat bu qurumlara çağırış etdi; Azərbaycan futbolunun gələcəyi sayılan o uşaqlara niyə sahib çıxan yoxdur?

Xəbər verdiyimiz kimi, iş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın “Marset” klubunda olan azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən qalıb. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, bu məsələdə müəyyən sıxıntılar ortaya çıxıb. Akademiya rəhbərliyi 32 uşaqdan 5-6 nəfərini saxlamağı üzərinə götürsə də, qalanlarının geri qayıtmasını istəyib. Futbolçulardan bəziləri millimizin müvafiq yaş qruplarının düşərgəsində olduğu üçün yığma ilə vətənə dönüblər.

Lakin İspaniyada olanlar hələ də geri qayıda bilmirlər. ASTA şirkəti hesabları dondurulduğu üçün uşaqlara bilet ala bilmir. Bəzi valideynlərin də buna imkanı çatmır. Ona görə də belə bir dolaşıq vəziyyət alınıb. 

Qeyd edək ki, bir neçə ildir ASTA şirkətinin layihəsi çərçivəsində azərbaycanlı uşaqlar Barselonanın “Marset” Futbol Akademiyasında futbolun sirlərinə yiyələnir. 

Həmin akademiyada çıxış edən uşaqlardan biri Kamil Həsənovun atası Mərdan Həsənov “Qafqazinfo”ya vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, oğlu və onun bir qrup həmyaşıdı 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən “Marset” akademiyasına yollanıb: "Hər şey gözəl, hər şey əla idi, ta ki, məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA rəhbərliyindən də hesablarının dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə.

Bildiyim qədərilə toplam 32 uşaqdan cəmi 5-6 nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən “Marset”də olanlardır. Amma onları da, deyəsən, yanvar ayına qədər saxlayacaqlar. Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman Nazirliyinin bu məsələyə müdaxilə etməsini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın “Marset”ə qayıdıb futbolla məşğul olmasına köməklik etsinlər".

Bəs müdaxilə olacaqmı?

Futbolla yaxından maraqlanan Milli Məclisin deputatı Aqil Abbas “Yeni Müsavat”a bildirib ki, Adnan Əhmədzadə tutulana qədər çalışdığı təşkilat durur, bağlanmayıb: “Uşaqları maliyyələşdirən həmin qurum bunu dayandırıbsa, böyük səhv edib. Bir naziri işdən çıxaranda nazirlik bağlanır? Adnan Əhmədzadə uşaqlara maliyyəni cibindən ödəmirdi. Həmin vəsait onun işlədiyi qurumun büdcəsindən gedirdi. Bir sözlə, həmin təşkilat durur və pulu ödəməlidir”.

1743514715_1681211040_1679385511_1671542786_aqil.jpg

Deputat aidiyyəti qurumlara çağırış etdi: “Bu işlə Gənclər və İdman Nazirliyi məşğul olmalıdır, AFFA da həmçinin. Həmin təşkilatı məcbur etməlidir ki, gedin, pulunuzu ödəyin, uşaqlar ortalıqda qalmasın, ayıbdır. Bunun yeganə yolu budur. İşə dövlət səviyyəsində qarışılmalıdır”.

1755082358_photo_254955.jpg

Kənan Məstəliyev 

Futbol mütəxəssisi Kənan Məstəliyev deyir ki, bu uşaqların “Marset”də keçirdiyi hər 1 gün Azərbaycanda keçirdiyi 100 günə bərabərdir. Səviyyə, şərait, gələcək baxımından ortada bu böyüklükdə fərq var. Qısa müddətdə “Marset” uşaqları aşağı yaş qrupları üzrə milli komandalarımızda ön plana çıxıb. Əsas heyət oyunçusuna çevriliblər. İstedadlı və hazırlıqlıdılar. Belələrinə sahib çıxmaq gərəkdir. Bunu AFFA da edə bilər. Əlaqə saxlayıb, məbləği öyrənib, azı 1 illik müddətə bu layihəni bitirmək olar. Orada oynayan futbolçuların Avropada özünə klub tapmaq şansı daha yüksəkdir. Bunun üçün onlara dəstək lazımdır. Federasiya bu barədə düşünməlidir. Gənclər və İdman Nazirliyi də işə müdaxilə edib müxtəlif addımlar ata bilər. Ya da bu məsələdə iş adamlarından birinin yardımından istifadə etmək də olar. Əsas odur ki, uşaqlar çöldə qalmasınlar".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Избранный
30
musavat.com

1Источники