Bu nümunə beynəlxalq səviyyədə də təqdir olunur
Müasir dövrdə qlobal iqlim dəyişmələri, enerji təhlükəsizliyinin təminatı və ekoloji tarazlığın qorunması məsələləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu səbəbdən bərpaolunan enerji mənbələri (günəş, külək, su, bioenerji və s.) dünya ölkələrinin iqtisadi və ekoloji siyasətində prioritet istiqamətə çevrilib.
"Yaşıl enerji" ilə zəngin olan Azərbaycan da son illər ənənəvi enerji modellərindən dayanıqlı və ekoloji cəhətdən təmiz enerji istehsalına keçid istiqamətində mühüm addımlar atır. Məlumdur ki, Azərbaycan coğrafi mövqeyinə və iqlim şəraitinə görə bərpaolunan enerji mənbələri baxımından böyük potensiala malikdir. Ölkənin ərazisində günəşli günlərin müddəti ildə 2200-2500 saat təşkil edir ki, bu da günəş enerjisinin səmərəli istifadəsi üçün əlverişli şərait sayılır. Külək enerjisi baxımından isə xüsusən Abşeron yarımadası və Xəzər dənizi sahil zolağı fərqlənir. Bu ərazidə küləyin orta illik sürəti 7-8 m/s-dən yuxarı olur. Dağlıq ərazilərdə isə su enerjisi resursları, kənd təsərrüfatı tullantılarından bioenerji istehsalı imkanları mövcuddur. Ekspertlərin hesablamalarına görə, Azərbaycanın bərpaolunan enerji potensialı ümumilikdə 27 min MVt-dan çoxdur. Bunun 23 mini günəş, 3 mini külək, qalan hissəsi su və bioenerji mənbələrin payına düşür. Həmin göstəricilər ölkənin enerji təhlükəsizliyinin təminatı və karbohidrogenlərdən asılılığın azaldılması üçün baza yaradır.
Azərbaycan üçün "yaşıl enerji" siyasəti çoxşaxəlidir. Bu siyasət neft və qazdan asılılığı azaltmaq, ixrac imkanları yaratmaq və "yaşıl iqtisadiyyat" modelinə keçidi sürətləndirmək baxımından səmərəlidir. Məsələyə beynəlxalq prizmadan yanaşanda isə deyə bilərik ki, ölkə bərpaolunan enerji layihələrinə xarici investorları cəlb etməklə beynəlxalq əməkdaşlığı gücləndirmək və enerji sektorunun dayanıqlılığını artırmaq məqsədini güdür. Bu siyasət Azərbaycanın ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsi ilə daha qlobal məna qazandı. Ölkəmizin isə yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq iqlim siyasətində aktiv iştirakçı olduğunu ortaya qoydu. Üstəlik, qlobal tədbir vasitəsilə Azərbaycan bərpaolunan enerji imkanlarını dünyaya təqdim etdi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsi sahəsində dialoq platforması rolunu oynadı.
Azərbaycan "yaşıl enerji" strategiyasını həyata keçirərkən beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsinə önəm verir. Ölkəmiz son illər dünyanın aparıcı enerji şirkətləri ilə strateji tərəfdaşlıqlar quraraq bərpaedilən enerji sahəsində mühüm layihələrin reallaşdırılmasına nail olmuşdur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə əməkdaşlıq nəticəsində 230 MVt-lıq Qaradağ Günəş-Elektrik Stansiyası 2023-cü ildə istifadəyə verilmişdir. Bu layihə regionda ən iri günəş enerjisi stansiyalarından biri sayılır və ildə təxminən 500 milyon kVt/s elektrik enerjisi istehsalı ilə 110 min ev təsərrüfatını təmin etmək gücünə malikdir. Hazırda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə imzalanmış saziş əsasında Xızı-Abşeron Külək-Elektrik Stansiyası (240 MVt) layihəsi həyata keçirilir. Bu stansiya işə düşdükdən sonra hər il 400 min tona yaxın karbon emissiyasının qarşısı alınacaq.
Paralel olaraq ölkəmiz Avropa bazarına "yaşıl enerji" ixracını təmin etmək məqsədilə "Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinə qoşulmuşdur. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 2022-ci ildə imzalanmış saziş çərçivəsində Xəzər dənizinin qərb sahillərindən Avropaya elektrik interkonnektorunun çəkilməsi planlaşdırılır. Layihə regionun enerji inteqrasiyasına və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Beləliklə, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığı iqtisadi baxımdan sərfəli olmaqla yanaşı, həm də qlobal ekoloji məqsədlərlə uzlaşan strateji bir istiqamət kimi formalaşır.
Bu əməkdaşlıqların coğrafiyası getdikcə genişlənir və artıq Asiya regionunun aparıcı enerji şirkətləri ilə də tərəfdaşlıq əlaqələri formalaşır. Bir neçə gün əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə "China Energy Engineering Corporation Limited" şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində gündəlikdə olan layihələrin icrası, eləcə də Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Müzakirələrdə Prezident İlham Əliyevin bərpaolunan enerji mənbələrinin inkişafı, istehlak və ixrac məqsədli "yaşıl enerji zonaları"nın yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın dərinləşdirilməsi siyasəti vurğulanıb. Eyni zamanda yeni enerji güclərinin elektrik şəbəkəsinə inteqrasiyası üzrə potensialın müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə aparılan tədqiqatların əhəmiyyəti və "Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi"nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan "yaşıl enerji" sahəsində tərəfdaş ölkələrin dairəsini genişləndirməklə yanaşı, Şərq və Qərb enerji sistemləri arasında texnoloji və elmi inteqrasiyaya da mühüm töhfə verir.
Ölkəmiz bərpaolunan enerji sahəsində ardıcıl və məqsədyönlü siyasət apararaq regionda "yaşıl keçid"in liderlərindən birinə çevrilməkdədir. Dövlət proqramları, beynəlxalq şirkətlərlə tərəfdaşlıq və COP kimi qlobal təşəbbüslərdə fəal iştirak Azərbaycanın enerji təhlükəsizliyini və ekoloji dayanıqlılığını möhkəmləndirir. "Yaşıl enerji zonaları"nın yaradılması və Asiya, Avropa dövlətləri ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın gələcəkdə qlobal enerji bazarlarında strateji rolunu daha da gücləndirəcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"