RU

Əl və ayaq şişkinliklərinə laqeyd yanaşmaq olmaz

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu hal təkcə kosmetik narahatlıq deyil, bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisidir

Bəzən insanlarda qəfil olaraq əllərdə və ya ayaqlarda şişkinlik, ağrı və gərginlik yaranır. Belə hallarda çoxları bunu yorğunluq, uzun müddət ayaqüstə qalmaq və ya hava dəyişikliyi ilə əlaqələndirsə də, bu simptomlar bəzən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Öz-özünə yaranan şişkinliklər orqanizmdə maye yığılması, iltihabi proseslər, damar və ya oynaq xəstəlikləri, həmçinin hormonal və ya böyrək mənşəli pozğunluqların göstəricisi ola bilər. Mütəxəssislərin fikrincə, əl və ayaq şişkinliklərinə laqeyd yanaşmaq olmaz. Müalicə edilmədiyi hallarda irəliləyə bilir. Əlamətlərin səbəbini müəyyən etmək üçün həkim müayinəsi və laborator analizlər vacib sayılır.

Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, əl və ayaqlarda yaranan şişkinlik (ödəm) müxtəlif səbəblərdən qaynaqlana bilər. Onun sözlərinə görə, bu hal təkcə kosmetik narahatlıq deyil, bəzən ciddi sağlamlıq problemlərinin xəbərçisidir. Həkim qeyd edib ki, əl və ayaq nahiyəsində şişkinlik yüksək təzyiq, hamiləlik dövründə hormonal dəyişikliklər, ürək və böyrək xəstəlikləri, eləcə də artrit, burxulma və travmalar zamanı müşahidə oluna bilər: 

“Qaraciyər xəstəlikləri də bədəndə maye mübadiləsinin pozulmasına gətirib çıxardığından, əllərdə və ayaqlarda ödəm yaranmasına səbəb olur. Bundan başqa, uzun müddət ayaqüstə qalmaq və fiziki hərəkətsizlik də qan dövranının ləngiməsinə və nəticədə ayaqlarda şişkinliyin əmələ gəlməsinə səbəb olur. Ayaqlarda damarların tıxanması qanın həmin nahiyələrdə toplanmasına səbəb olur və bu da ödəmin əsas səbəblərindən biridir. Duzun həddindən artıq qəbulu orqanizmdə suyun toplanmasına gətirib çıxarır, bu isə şişkinliyin daha da artmasına səbəb olur. Ona görə də duz istifadəsini minimuma endirmək vacibdir”.

Ş.Məmmədov həmçinin qeyd edib ki, qarın və ayaqlarda yaranan şişkinlik, eyni zamanda döş ağrısı, yorğunluq və təngnəfəslik kimi əlamətlərlə müşayiət olunursa, bu, çox zaman ürək çatışmazlığının göstəricisidir və bu halda dərhal həkimə müraciət etmək lazımdır: 

“Vena və limfa sistemindəki problemlər qan və maye dövranını pozaraq həm ürək, həm də böyrək çatışmazlığına səbəb ola bilər. Bundan başqa, artıq bədən çəkisi, hərəkətsiz həyat tərzi və pis qidalanma vərdişləri də ödəmin yaranmasına şərait yaradır. Şişkinlik davamlı hal alarsa, insan bunu sadəcə müvəqqəti yorğunluq kimi qiymətləndirməməli, mütləq kardioloq və ya damar cərrahına müraciət etməlidir, çünki bəzən ödəm ciddi xəstəliyin ilkin əlaməti ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
sherg.az

2Источники