RU

Keçmiş deputat Ziya Məmmədovun qardaşı yeyintiyə görə istintaqa cəlb olundu: 3 milyon ödəyib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Keçmiş deputat, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda da həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinə rəhbərlik edən Elton Məmmədov külli miqdarda yeyinti ilə əlaqədar istintaqa cəlb olunub.

Bizimyol.info xəbər verir ki, sabiq deputat istintaqa cəlb olunduğunu təkzib etsə də, Baş Prokurorluq rəsmi açıqlama yayaraq, Elton Məmmədovun dediklərinin həqiqətə uyğun olmadığını bəyan edib. Hətta bununla əlaqədar Elton Məmmədov Baş Prokurorluğa çağrılaraq, ona xəbərdarlıq da edilib.

Qeyd edək ki, Elton Məmmədov heç bir qanun pozuntusuna yol vermədiyini, Azərbaycan Milli Elmlər Akademiyasındakı yeyintilərlə əlaqədar hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi üzrə istintaqa çağrılmadığını bildirib.

Baş Prokurorluğun bununla bağlı açıqlamasında isə bildirilir ki, Elton Məmmədov nəinki istintaqa cəlb olunub, hətta o, Azərbaycan Milli Elmlər Akademiyasında əsassız xərclənmiş milyonlarla vəsaiti də ödəyib.

“AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.

İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib”, - Baş Prokurorluğun rəsmi açıqlamasında deyilir.

Qeyd edək ki, Milli Məclisin 15 il deputatı olmuş Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Mediada onun adı həm də Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə yaxın adamlardan biri kimi hallanır.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
2
bizimyol.info

10Источники