"Cənubi Qafqaz respublikalarının təhlükəsizlik xidmətlərinin görüşü, ilk növbədə, Azərbaycanla Ermənistan arasında müharibənin başa çatmasından sonra bütövlükdə regionun təhlükəsizliyinə yönəlmiş üçüncü qüvvələrin təxribatlarına qarşı birgə müdafiəni və ümumi təhlükəsizlik tədbirlərinin gücləndirilməsini özündə ehtiva edə bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, eyni zamanda, əgər bu görüş Tiflisdə keçirilirsə və Gürcüstan-Azərbaycan-Ermənistan formatında baş tutursa, bu, həm də üçtərəfli dövlət təhlükəsizlik xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsini və ortaq düşmənə qarşı birgə mübarizənin aparılmasını nəzərdə tutur.
"Şübhəsiz ki, burada həmçinin dünyanın müxtəlif geosiyasi güclərinin Cənubi Qafqazda həyata keçirmək istədikləri proseslərə və regiona yönəlmiş kənar təsirlərinin birgə şəkildə dəf edilməsi və onlara qarşı koordinasiyalı mübarizənin aparılması da mühüm yer tutur", - deyə ekspert sonda qeyd edib.
Sevda Dəniz