Moderator.az Qafqazinfo saytına istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan maliyyə yoxlamaları nəticəsində ciddi qanun pozuntuları aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, keçmiş deputat, akademiyanın keçmiş idarə rəsmisi Elton Məmmədov AMEA-da işlədiyi illərdə 3 milyon manata yaxın dövlət vəsaitini mənimsəyib.
İstintaq materiallarına daxil edilən sənədlər və ekspertiza rəyləri bu faktı təsdiqləyib. Mənbələrin bildirdiyinə görə, E. Məmmədov müxtəlif epizodlar üzrə dəfələrlə Baş Prokurorluqda ifadə verib. O, istintaqla əməkdaşlıq edərək dövlətə dəymiş ziyanın ödənilməsinə razılaşıb və mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir. Məmmədovun adı digər maliyyə pozuntuları ilə bağlı əlavə epizodlarda da hallana bilər.
Xatırladaq ki, sabiq deputat Elton Məmmədov AMEA-nın rəhbərliyinə Ramiz Mehdiyev prezident təyin olunduqdan sonra onun “sadiq kadrı” kimi Akademiyaya gətirilmişdi. Mehdiyev onu əvvəlcə “Yüksək Texnologiyalar Parkı”nın direktoru, daha sonra isə Akademiyanın İşlər idarəsinin müdiri vəzifəsinə təyin etmişdi.
Bu fakt bir daha sübut edir ki, Mehdiyevin AMEA-ya rəhbərliyi dövründə qurumun bir sıra struktur bölmələri “bağlı sistem” kimi fəaliyyət göstərib, dövlət vəsaitlərinin şəffaf xərclənməsi prinsipləri kobud şəkildə pozulub.
Ekspertlər bildirirlər ki, Elton Məmmədovun cinayət işi üzrə istintaqın gedişi Ramiz Mehdiyevin də akademiyadakı maliyyə şəbəkəsini tam açmaq potensialına malikdir.
Bu da hazırda ev dustaqlığında olan sabiq PA rəhbərinin ətrafında dairənin daha da daraldığını göstərir.
İstintaq davam edir.