Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində marşrut avtobusu yanıb.
“Çinar Trans” MMC-yə məxsus 160 nömrəli marşrut üzrə hərəkət edən BMC markalı avtobus tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı avtobusda sərnişinin olmadığı bildirilir.Xatırladaq ki, sentyabrın 29-da da Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində “İSUZU” markalı sərnişin avtobusunda yanğın baş vermişdi. Yanğın nəticəsində nəqliyyat vasitəsinin yanar hissələri yanmış, lakin xəsarət alan olmamışdı.
Son aylarda bu kimi hadisələrin təkrarlanması ictimai narahatlıq doğurur. Ümumiyyətlə, bu yanğınlar niyə baş verir? Marşrut avtobuslarına texniki nəzarət, texniki baxış hansı standartlara əsasən həyata keçirilir?
Sözügedən məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 29 oktyabr 2025-ci il, saat 04:45 radələrində Mərdəkan şosesi Binə qəsəbəsi yaxınlığında "Çinar Trans" MMC-nin istismarında olan 160 nömrəli marşrutda 99-JK-966 DQN-li avtobusda yanğın baş verib:

“Avtobus qarajdan başlanğıc dayancağa sərnişinsiz hərəkət edərkən mühərrikdə yaranan nasazlıq nəticəsində alovlanma olub. Alovun qarşısı alınıb. Xəsarət alan yoxdur”.
O əlavə edib ki, müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı istifadəsində olan bütün nəqliyyat vasitələrinin reysqabağı texniki yoxlamadan, onların sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir:
“Daşıyıcılarla keçirilən görüşlərdə AYNA tərəfindən onlara müvafiq tövsiyə və tapşırıqlar verilir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.