RU

Masallıda Nadir Ağayevin xatirəsinə XXIX respublika turniri keçirilir

Masallıda Nadir Ağayevin xatirəsinə XXIX respublika turniri keçirilir

 

Oktyabrın 28-də Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935–1985) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXIX ənənəvi respublika turnirinin açılış mərasimi keçirilib.
Ustad pedaqoq və idman xadimi Nadir Ağayevin anadan olmasının 90 illiyi münasibətilə təşkil olunan tədbir Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının, eləcə də Nadir Ağayevin timsalında dünyasını dəyişmiş idmançıların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, “Şöhrət” ordenli Elçin Cəfərov, Nadir Ağayevin yetirməsi və turnirin sponsoru, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb Dairəsi üzrə Güləş Federasiyasının prezidenti, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman  İşçisi Məşkur Qasımov çıxış ediblər. Nitqlərdə Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mühüm yer, onun yetişdirdiyi idmançıların uğurları və ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafı və kütləviliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət yığma komanda üçün perspektivli idmançıların seçilməsidir.
Nadir Ağayevin qohumu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bölgə nümayəndəsi Akif Ağayev turnirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, Masallı Rayon İcra Hakimiyyətinə, Rusiya Federasiyasının Əməkdar məşqçiləri Məşkur və Qasıməli Qasımov qardaşlarına, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə və digər əməkdaşlara minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində tanınmış müğənni Miriş Hüseynov, “Halay” folklor kollektivi və “Masallı” rəqs qrupunun ifasında musiqi nömrələri təqdim olunub.
Açılış mərasimindən sonra meydan yeniyetmə bahadırların ixtiyarına verilib.
Məlumat üçün bildirək ki, 28–29 oktyabr 2025-ci il tarixlərində keçirilən açıq turnirdə 2009-2011-ci il təvəllüdlü (U-17) yunan-Roma güləşçiləri 10 çəki dərəcəsində mübarizə aparırlar. Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında beynəlxalq dərəcəli hakim Qərib Əliyevin rəhbərliyi ilə AGF-nin hakimlər heyəti tərəfindən idarə olunan yarışlarda respublikanın müxtəlif rayon və şəhərlərindən olan 22 komandanın tərkibində 200 idmançı qüvvəsini sınayır.
Yarışların ilk günündə 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq çəki dərəcələrində qalib gələn güləşçilər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Sabah, oktyabrın 29-da isə qalan 5 çəki dərəcəsində mübarizə aparan idmançılar mükafatlar uğrunda yarışacaqlar.

 

Akif VAQİFOĞLU.
 

Избранный
53
qht.az

1Источники