Moskva, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından biri olaraq qalır, həmçinin davamlı ixrac artımı nümayiş etdirir və Avrasiya istiqamətindəki mövqeyini möhkəmləndirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq biznes kafedrasının professoru, Rusiya Rektorlar Şurasının üzvü Aleksey Xarlanov mətbuata müsahibəsində bildirib.
“Azərbaycanın mövcud ixracının 40 milyard dollardan çoxunun xarici bazarlara getməsi fonunda bunun təxminən yarısı İtaliya, 9 faizi isə Türkiyənin payına düşür. Qeyri-əmtəə seqmentində isə 30 faiz Rusiyaya ixrac olunur”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan qeyri-xam mal ixracını tədricən gücləndirir və innovativ sahələrini inkişaf etdirir. “Hələ sovet dövründə kök salmış Azərbaycanın innovativ və şaxələndirilmiş potensialı bu gün elmi mərkəzləri və sənaye müəssisələrini birləşdirən yaradıcı sənaye sahələrini yaratmağa kömək edir. Ölkə ərazisində minlərlə birgə müəssisə, tədqiqat laboratoriyası və konstruktor bürosu fəaliyyət göstərir, onlar yeni lokalizasiya və texnoloji əməkdaşlıq zəncirləri formalaşdırır”, - deyə ekspert əlavə edib.
Rusiyanın rolundan danışan alim ikitərəfli əlaqələrin energetikadan kənara çıxdığını vurğulayıb: “Azərbaycanı Rusiya ilə təkcə yanacaq sektoru deyil, həm də kənd təsərrüfatı, qida sənayesi və əczaçılıq sahələri bağlayır. Bizim tərəfdaşlığımız Qafqazın sabitliyi, regionun təhlükəsizliyi və təchizat zəncirlərinin inkişafı üçün bazadır. Azərbaycan bizim mehriban qonşumuz və etibarlı dostumuzdur, bizi onunla onilliklər davam edən qarşılıqlı etimad münasibətləri birləşdirir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva