Moldova prezidenti Rusiyanın regiondakı strategiyasını yenidən qurduğunu bildirib...
Poliqon xəbər verir ki, Moldova prezidenti Maya Sandu Buxarestdə fəaliyyət göstərən “Rock FM” radiostansiyasına verdiyi müsahibədə Rusiyanın Cənubi Qafqazdakı siyasi strategiyasını dəyişdirdiyini bildirib. Onun sözlərinə görə, Moskva yaxın aylarda Ermənistanda keçiriləcək seçkilər vasitəsilə hakimiyyət üzərində nəzarəti ələ keçirməyə çalışacaq.
“Rusiya öz strategiyasını yeniləyir. Onlar gözləmədikləri nəticələrlə üzləşiblər və indi planlarını yenidən nəzərdən keçirirlər. Diqqətlərini seçkilərin keçiriləcəyi digər ölkələrə yönəldəcəklər. Məsələn, Ermənistanda gələn il seçkilər olacaq və Moskva orada hakimiyyəti nəzarətə götürməyə cəhd edəcək”, deyə Sandu qeyd edib.
Moldova lideri əlavə edib ki, Rusiya yalnız postsovet məkanında deyil, həm də Qərbi Avropa ölkələrində, o cümlədən Rumıniya, Fransa və Almaniyada təsir vasitələrini genişləndirməyə çalışır. “Bu ölkələrdə Rusiya daha çox təbliğat və dezinformasiya vasitəsilə fəaliyyət göstərir və vətəndaşlar üçün bu təsiri tanımaq daha çətindir”, deyə Sandu vurğulayıb.
Ekspertlər Sandunun bəyanatını Rusiyanın regional təsir strategiyasının növbəti mərhələsinə dair xəbərdarlıq kimi qiymətləndirirlər. Onların fikrincə, Moskva Ermənistanla yanaşı, Moldova və Gürcüstan kimi ölkələrdə də siyasi proseslərə müdaxilə imkanlarını genişləndirmək niyyətindədir.
Poliqon.info
 
                        