"Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir".
APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib: “Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək”.
Onun sözlərinə görə, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib ki, Ukraynada davam edən müharibə şəraitində həyata keçirilən humanitar proqram ölkə və xüsusilə ukraynalı uşaqlar üçün böyük əhəmiyyət daşıyır:

“Bu proqram Ukrayna və ukraynalı uşaqlar üçün çox vacibdir. Bu dəhşətli müharibə zamanı Ukraynaya göstərdikləri dəstəyə görə Azərbaycan Prezidentinə, hökumətinə və bütün Azərbaycan xalqına çox minnətdarıq”, – səfir vurğulayıb.
Yuriy Husyev əlavə edib ki, ukraynalı uşaqlar Azərbaycanda dinc günlər keçirəcəklər:
“Onlar bütün həyatları boyu Azərbaycan xalqının bu dəstəyini və köməyini xatırlayacaqlar. Bunun üçün çox sağ olun. Təşəkkür edirəm”, – diplomat qeyd edib.