
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da “TikTok” sosial media platforması ilə bağlı yekun müavilə imzalaya bilər.
Yeniavaz.com Ağ Evə istinadla xəbər verir ki, o, bu barədə Yaponiyaya səfər edərkən təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.
Tramp jurnalistin oktyabrın 30-da sazişin imzalanması ilə bağlı sualına “Ola bilər” cavabını verib.
Amerika lideri qeyd edib ki, o, artıq Çin Prezidenti Si Cinpindən ilkin razılıq alıb.
Qeyd edək ki, sentyabrın 25-də Tramp Çinin “TikTok” sosial media platformasının ABŞ-dəki əməliyyatlarının Amerika biznesi tərəfindən idarə edilməsinə dair müqaviləni təsdiqləyən sərəncam imzalayıb. Sərəncama əsasən, yeni qurumun əsas payı və nəzarəti Amerika vətəndaşlarına məxsus olacaq. Çinin “ByteDance” şirkəti 20%-dən az pay alacaq. Qalan hissəsi isə müəyyən investorlara məxsus olacaq.
Ancaq sərəncamda konkret investorlar göstərilməyib. Şirkət amerikalıların məlumatlarının lazımi şəkildə qorunmasını, həmçinin, ABŞ-nin dövlət səviyyəsində təhlükəsizliyini təmin edəcək qaydalara uyğun olaraq yeni direktorlar şurası tərəfindən idarə olunacaq.
Yeni şirkətin dəyəri təxminən 14 milyard dollar olacaq.