Gündə cəmi bir avokado yemək yuxu keyfiyyətini yaxşılaşdıra və ürək-damar xəstəlikləri riskini azalda bilər. AzPost xəbər verir ki, bu nəticələr Avokado Qidalanma Mərkəzinin dəstəyi ilə aparılan geniş araşdırmanın nəticələrinə əsaslanır.
Pensilvaniya Dövlət Universitetinin alimləri ürək-damar xəstəliyi riski yüksək olan 969 nəfərin qidalanma məlumatlarını təhlil ediblər. Altı ay ərzində hər gün bir ədəd avokado yeyən şəxslərin yuxu keyfiyyətinin, ayda iki dəfədən az avokado yeyənlərlə müqayisədə daha yaxşı olduğu müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, keyfiyyətli yuxu ürək sağlamlığı üçün vacibdir. Amerika Kardiologiya Assosiasiyası sağlam yuxunu ürək-damar sağlamlığını qoruyan səkkiz əsas amildən biri kimi qeyd edir.
Avokadonun tərkibində yuxu və ürək fəaliyyətinə müsbət təsir edən bir sıra maddələr mövcuddur:
Triptofan – melatoninin yaranmasını təmin edərək yuxu ritmini tənzimləyir.
Fol turşusu – melatonin istehsalını dəstəkləyir.
Maqnezium – əzələlərin rahatlamasına kömək edir.
Təbiı yağlar və lif – xolesterin səviyyəsini azaldır və qan dövranını yaxşılaşdırır.
Alimlər bildirirlər ki, bu araşdırmanın əsas məqsədi yuxu ilə bağlı təsirləri ölçmək olmasa da, əldə olunan nəticələr qidalanmanın yuxuya və ümumi sağlamlığa təsiri barədə yeni istiqamətlər açır.