AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar təşkil olunub.
Fanat.Az xəbər verir ki, tədbir 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən Uşaq Hüquqları Aylığı çərçivəsində UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə həyata keçirilib.
Seminarın açılışını AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva edib. Təlim prosesinə Layihə Əsaslı Öyrənmə üzrə ekspert və layihənin mentoru Ofeliya Qafarova və psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktay qızı rəhbərlik ediblər.
Tədbirdə Misli Premyer Liqasında iştirak edən klubların sosial və ətraf mühit üzrə məsul menecerləri iştirak ediblər. Onlara uşaqların hüquqlarının qorunması, etik davranış kodeksi, zorakılıq və ayrı-seçkiliyin qarşısının alınması, təhlükəsiz futbol mühitinin yaradılması ilə bağlı praktiki materiallar təqdim olunub.
Seminarın təşkilində əsas məqsəd futbol mühitində uşaqların hüquqlarının tanınması və qorunması, zorakılıq və təhlükəli davranışların qarşısının alınması, etik davranış prinsiplərinin formalaşdırılması, təhlükəsiz futbol şəraitinin yaradılmasıdır. Bu təşəbbüs AFFA və UEFA-nın birgə səyləri nəticəsində həyata keçirilən sosial məsuliyyət layihəsi çərçivəsində uşaqların müdafiəsini gücləndirməyi, həmçinin futbolu sosial inkişaf və maarifləndirmə vasitəsinə çevirməyi hədəfləyir.
Təlim proqramı çərçivəsində iştirakçılar “Hüquq Kartları” və “Futbolda Hüquq Pozuntusu” adlı interaktiv tapşırıqlarda iştirak ediblər, Zorakılıq və təhlükəli davranışların tanınması üzrə real ssenarilər əsasında qrup müzakirələri aparıblar. Həmçinin “Öz Broşürünü Hazırla” fəaliyyəti ilə maarifləndirici materialların hazırlanması üzrə praktik bacarıqlar qazanıb və Doğru/Yanlış oyunu vasitəsilə təhlükəsiz futbol mühiti prinsiplərini öyrəniblər.
Seminarın sonunda iştirakçılara davranış kodeksinin hazırlanması və tətbiqi, uşaqlar üçün geribildirim mexanizmlərinin qurulması və maarifləndirici tədbirlərin klublarda və akademiyalarda təbliği üzrə tövsiyələr verilib.
AFFA tərəfindən bu cür seminarların gələcəkdə milli komandalar, liqa təmsilçiləri və məktəb şagirdləri üçün də keçirilməsi planlaşdırılır.
Məqsəd uşaq futbolunda təhlükəsiz, inklüziv və hörmətə əsaslanan mühitin davamlı şəkildə təşviq edilməsidir.