RU

Bərpa, yenidənqurma və dirçəliş dövrü

Qarabağ və Şərqi Zəngəzurun azadlığı və bu ərazilərdə həyata keçirilən quruculuq işləri bütöv Azərbaycanın inkişafına töhfə verir

"Konstitusiya və Suverenlik İli"ndə təntənə ilə beşinci ildönümünü qeyd etdiyimiz Qarabağ zəfəri sayəsində xalqımız müstəqil Azərbaycanın tarixindəki ən qüdrətli çağlarını yaşayır. Bütöv vətənimizin sərhədləri boyu bayrağımız məğrur-məğrur dalğalanır, üç onillik boyu həsrəti ilə qovrulduğumuz Qarabağ və Şərqi Zəngəzurda yenidən həyat qaynayır. Düşmən tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimiz gündən-günə abadlaşır. Gerçəkləşdirilən möhtəşəm bərpa və quruculuq işləri bu yerlərə səfər edən istər yerli, istərsə də əcnəbi qonaqlar olsun, hər kəsi heyran qoyur. Bu ərazilərdə "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyası ilə yenidən qurulan yaşayış məskənləri beynəlxalq miqyasda böyük təqdir görür.

Oktyabrın 15-də Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakçılara müraciətində "Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir" deyən Prezident İlham Əliyev xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirdiyini bildirib. 

Dövlət başçısı onu da vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu.

Növbəti 4 ildə bu ərazilərə 13 milyard manatdan çox vəsait xərclənəcək

Ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri iqtisadiyyatının gücü sayəsində yenidən quran Azərbaycan öz maliyyə gücü hesabına bu yerlərdə meqalayihələr icra edir. Qarabağ və Şərqi Zəngəzurda quruculuğa start verilməsindən ötən müddət ərzində dövlət büdcəmizin əsas prioritetlərindən biri də Böyük qayıdışın həyata keçirilməsidir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 23,5 faizdir. Bununla bağlı Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapan məlumata görə, 2024-cü ildə də işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması davam etdirilib. Ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,3 milyard manat vəsait nəzərdə tutulub.

Həmçinin bildirilir ki, ortamüddətli dövrdə bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin inşası davam etdiriləcək, bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək, bərpaolunan enerji mənbələrindən istifadə genişləndiriləcək, iqtisadi fəaliyyətin təşviqi ilə bağlı tədbirlər davam etdiriləcək: "2027-2030-cu illəri əhatə edəcək "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması çərçivəsində proqram üzrə həyata keçiriləcək tədbirlər və onların maliyyə tutumu dəqiqləşdiriləcək".

     

Sistemli və ardıcıl tədbirlər

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində dövlət başçısı İlham Əliyev bildirib ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. 

Sözügedən iqtisadi rayonlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin baş planları artıq təsdiqlənib. 

Qısa zaman ərzində işğaldan azad edilən ərazilərdə üç beynəlxalq hava limanının açılışının edilməsi isə bu yerlərdə dövlətimizin apardığı quruculuq işlərinin miqyasını gözlər önünə sərir. Azərbaycan dövləti 2021-ci ildə, cəmi 8 ay ərzində Qarabağın "hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanını tikib istifadəyə verib. Eləcə də 2022-ci il oktyabrın 20-də, Zəngilanın azadlıq günündə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Hər iki beynəlxalq hava limanının açılışı Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Laçın Beynəlxalq Hava Limanının rəmzi açılışını bildirən lenti isə Azərbaycan və Türkiyə prezidentləri bu il 28 May - Müstəqillik Günündə kəsiblər. Həmçinin bu ərazilərdə yollar salınır, yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir, enerji infrastrukturu yenidən qurulur, "yaşıl enerji" zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri həyata keçirilir. 

İşğaldan azad edilən torpaqlarda tarixi, mədəni və dini  abidələrimizin inşası və təmirini Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu böyük müvəffəqiyyətlə həyata keçirir.

Uzunmüddətli sülh və əməkdaşlığın təmini

Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli və kompleks işlərin nəticəsidir ki, "Böyük qayıdış" proqramı çərçivəsində 30 minə yaxın keçmiş məcburi köçkün  dədə-baba yurduna qayıdıb. 2022-ci ildən etibarən müxtəlif vaxtlarda Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli, Laçın rayonunun Zabux, Sus, Bəylik, Xocalı rayonunun Ballıca, Təzəbinə, Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Xıdırlı, Xocavənd rayonunun Sos kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar,  Hadrut qəsəbələrinə, o cümlədən Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə qayıdış köçləri həyata keçirilib. 

Ümumiyyətlə, bu gün "Böyük qayıdış" proqramı çərçivəsində 60 minə yaxın insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.

Elə bu il III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsinin də öz rəmzi mənası var idi. Bu həm də onun göstəricisi idi ki, bir zamanlar işğal altında olan bu yurdlara əzəli sahibləri qayıdıb və buranı cənnətməkana çevirir. 

Forum iştirakçılarına müraciətində Qarabağın qurucu lideri İlham Əliyev məhz bu məxsusi məqamı vurğulayıb: "Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Избранный
77
azerbaijan-news.az

1Источники