Fransa Ukraynada davam edən münaqişəyə hərbi müdaxilə etməyə və 2026-cı ildə öz hərbi kontingentini bu ölkənin ərazisində yerləşdirməyə hazırdır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi, general Pyer Şil (Pierre Schill) məlumat verib.
“Zərurət yarandığı təqdirdə biz Ukraynaya təhlükəsizlik zəmanətləri çərçivəsində qüvvələrimizi yerləşdirməyə hazır olacağıq", - deyə general bildirib.
Şillin sözlərinə görə, 2026-cı il “istəkli ölkələr koalisiyası ili” olacaq və Fransa müttəfiqlərinə sadiq qalmaqda davam edəcək. O əlavə edib ki, bu “koalisiya”nın orduları üç fərqli fövqəladə vəziyyətdə eyni vaxtda fəaliyyət göstərə biləcək, o cümlədən Ukraynadakı münaqişəyə müdaxilə etmək imkanına malik olacaq.
Bundan əvvəl general Şil Avropanı “qaçılmaz müharibəyə” hazırlaşmağa çağırmışdı. O vurğulamışdı ki, müharibə “hər an, səhər saatlarında belə başlaya bilər” və Fransa “getdikcə daha ciddi və radikal xarakter alan təhlükələrə” qarşı hazır olmalıdır.
Şillin fikrincə, dünya elə bir mərhələyə daxil olub ki, artıq güc tətbiqi bəzi böyük dövlətlər üçün “normal hadisə” kimi qəbul olunur.
Nuriyyə NATİQQIZI