RU

Bizimkilər İrəvanda oldular, ermənilər isə 2 ay sonra Bakıya gələcək...


Məlum olduğu kimi, bu günlərdə ölkəmizi təmsil edən bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi erməni həmkarları ilə görüşmək üçün İrəvanda olub. Səfərdə iştirak edən “Valday” Diskussiya Klubunun eksperti, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov “Vestnik Kavkaza” nəşrinə açıqlamasında qeyd edib ki, bu, vətəndaş cəmiyyəti nümayəndələrinin, ekspert icmalarının, media qurumlarının təşəbbüsü idi və dövlətlər tərəfindən dəstəklənirdi:

“Bu, ona görə mümkün oldu ki, avqustun 8-də Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafı üçün şərait yaradıldı. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, hazırda uzunmüddətli sülhün əsasları yaradılır".

Fərhad Məmmədov qeyd edib: “Bakı ilə İrəvan arasında dövlət səviyyəsində qarşılıqlı əlaqələr artıq inkişaf edir, ona görə də vətəndaş cəmiyyəti və media qurumlarının nümayəndələrinin ikitərəfli görüşlər keçirməsi üçün situasiya yetişib. İkitərəfli format bu tədbirin əsas yeniliyidir. Biz erməni ekspertləri çoxdan tanıyırıq, onlarla beynəlxalq tədbirlərdə iştirak edirik, beynəlxalq QHT nümayəndələri ilə xaricdə görüşürük. Amma İrəvanda həm Ermənistanın, həm də Azərbaycanın təmsilçiləri vasitəçilərsiz görüş keçirib. Xüsusilə qeyd etmək lazımdır ki, son 30 ildə ilk dəfə olaraq “Azərbaycan Hava Yolları”na məxsus təyyarə “Zvartnots” hava limanına eniş edib. Bu, həm də görüşün simvolik nəticəsidir. İrəvandakı görüşlə bağlı ümumi təəssüratlarımız müsbət idi. O, yaxşı təşkil olunmuşdu və biz təhlükəsizliklə təmin olunmuşduq. Biz şəhəri gəzdik. Görüşün özündə çox mənalı müzakirələr aparıldı ki, bu da bizim uzunmüddətli sülhə sadiqliyimizi aydın şəkildə nümayiş etdirdi”. Beləliklə, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində daha bir əlamətdar hadisə baş verib. İrəvanda iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin heç bir vasitəçi olmadan ilk görüşü keçirilib. Vətəndaş cəmiyyəti təmsilçilərinin vasitəçi olmadan, yalnız öz hökumətlərinin dəstəyi ilə görüşüb-danışması sülh gündəmi üçün vacib faktor sayılır. Müstəqil şəkildə təşkil edilən görüşlər sülh prosesinin tərəflərində əlavə məsuliyyət yaradır, prosesə təkan verir. Ən vacib məqam isə ondan ibarətdir ki, bu görüş Vaşinqtonda əldə olunmuş 8 avqust razılaşmalarının həyata keçirilməsi istiqamətində atılan praktiki addımlardan biridir. Topçubaşov Mərkəzinin direktoru, siyasi analitik Rusif Hüseynov bildirir ki, onların Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanal görüşü zamanı erməni rəsmisi Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündə daha çox nikbin mövzulara kökləndi. O qeyd edib ki, Ermənistana belə bir səfərin təşkili tarixi hadisədir: “İndiyə qədər də hər iki ölkənin ictimai-siyasi xadimlərinin, jurnalistlərinin, idmançılarının, bəzi hallardan deputatlarının müxtəlif tədbirlər çərçivəsində Azərbaycan və Ermənistana səfərləri baş tutmuşdu. Lakin bu dəfə reallaşdırılmış səfər sırf ikitərəfli təşəbbüsün nəticəsidir. O baxımdan biz səfəri yüksək qiymətləndiririk”. R.Hüseynovun sözlərinə görə, səfərdə məqsəd avqustun 8-də Vaşinqtonda baş tutmuş tarixi görüş və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək və bu prosesdə yer almaq olub: “Bu görüşün iştirakçıları Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşmək və onun fikirlərini eşitmək imkanı əldə etdilər. Bu, olduqca önəmli idi. Çünki İrəvana səfər etmiş azərbaycanlı ekspertlər üçün Ermənistan dövlətinin mövqeyini öyrənmək, xüsusilə sülh prosesinə rəsmi İrəvanın baxışını anlamaq və bu görüşdə müəyyən suallar qaldırmaq böyük əhəmiyyət daşıyırdı. Armen Qriqoryan da öz çıxışında daha çox nikbin mövzulara kökləndi, proseslə bağlı onun optimizmi hiss olundu”.

Siyasi analitik hesab edir ki, bu görüş ilk növbədə sırf ikitərəfli xarakter daşıması və azərbaycanlı iştirakçıların birbaşa Ermənistana səfər edə bilməsi baxımından çox əhəmiyyətlidir: “Qarşımızda müəyyən planlar, məqsədlər dayanır. Ümid edirik ki, nəzərdə tutduğumuz çərçivədə Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılan dövlətlərarası sülh gündəliyinə müəyyən töhfəmizi verə bilərik və məqsədimiz bu prosesin ardıcıllığını, davamlılığını qoruyub saxlamaqdır”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Azərbaycan və Ermənistanın ekspert icmalarının bir qrup nümayəndələrinin təşəbbüsü və iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda keçirilən görüşü şərh edib: “Oktyabrın 22-də mən İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masanın iştirakçıları ilə görüşdüm. Mən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində belə görüşlərin keçirilməsini yüksək qiymətləndirdim, çünki onlar insanlar arasında müsbət təmasların yaradılmasına yönəlib. Mən vurğuladım ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu işə cəlb olunması yalnız sülhün möhkəmlənməsinə töhfə verəcək. Vətəndaş cəmiyyəti nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosfer yaratdıqlarına görə erməni tərəfinə təşəkkür ediblər. İştirakçılar etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Görüşün ikinci hissəsində iclasda iştirak edənlərin suallarını cavablandırdım”. Bu arada o da məlum olub ki, Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfəri bu ilin sonuna qədər baş tuta bilər.

SAMİRƏ SƏFƏROVA

Избранный
97
18
baki-xeber.com

10Источники