2025-ci il oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.
Forum ölkənin müxtəlif bölgələrindən gələn QHT rəhbərlərini bir araya gətirərək vətəndaş cəmiyyətinin aktual mövzularının müzakirəsi üçün mühüm platforma olub. Tədbirdə iştirak edən ictimai birlik rəhbərləri təəssüratlarını QHT.az-la bölüşüblər.
“Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin sədri Osman Gündüz QHT.az-a açıqlamasında Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin III Əməkdaşlıq Forumu”nun əhəmiyyətindən danışıb. O bildirib ki, Forum yüksək səviyyədə təşkil olunub və ilk dəfə Xankəndidə keçirilməsi ilə xüsusi rəmzi məna daşıyıb:
“Forumda müasir vətəndaş cəmiyyətindəki tendensiyalar, rəqəmsal transformasiya, süni intellekt və yeni texnologiyaların QHT fəaliyyətinə təsiri müzakirə olundu. Mən ‘Rəqəmsal vətəndaş cəmiyyəti’ panelinin moderatoru kimi süni intellektin yaratdığı imkanlar və risklər barədə fikir mübadiləsi apardım. Rəqəmsal texnologiyalar ictimai nəzarət və maarifləndirmə üçün yeni imkanlar açır, lakin etik və informasiya təhlükəsizliyi riskləri də mövcuddur. Forumda bu risklərin azaldılması üçün “Rəqəmsal vətəndaş cəmiyyəti konsepsiyası”nın hazırlanması və QHT-lər üçün təlimlərin təşkili kimi təkliflər irəli sürülüb.
“Bu Forum rəqəmsal vətəndaş cəmiyyətinin formalaşması baxımından mühüm mərhələ kimi yadda qalacaq,” – deyə Osman Gündüz vurğulayıb.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a açıqlamasında bildirib ki, Xankəndidə keçirilən QHT-lərin 3-cü Əməkdaşlıq Forumu həm simvolik, həm də strateji baxımdan mühüm hadisə olub. O qeyd edib ki, forum vətəndaş cəmiyyətində baş verən keyfiyyət dəyişikliyinin göstəricisinə çevrilib:
“Forumun gündəliyində vətəndaş cəmiyyətinin qarşıdakı vəzifələri və layihə fəaliyyətində nəzərə alınmalı məsələlər yer almışdı. Bu, sektorun sağlamlaşması və peşəkarlaşması baxımından əhəmiyyətlidir.”
Aqil Camal türkmən irsinə dair müzakirələrin də dəyərli olduğunu vurğulayıb:
“Türkmən irsinə diqqətin davamlı şəkildə gündəmdə saxlanılması Azərbaycan dövlətinin mədəni və etnik bağlılığa verdiyi önəmin göstəricisidir.”
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin 3-cü Əməkdaşlıq Forumu” yüksək səviyyədə təşkil olunub. O vurğulayıb ki, Prezident Administrasiyası və azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin rəhbərlərinin, eləcə də müxtəlif dövlət və QHT təmsilçilərinin iştirakı foruma xüsusi əhəmiyyət verib:
“Forum həm iştirakçı tərkibi, həm də müzakirələrin məzmunu baxımından çox dəyərli idi. Xocalıda keçirilən ağacəkmə aksiyası tədbirə mənəvi rəng qatdı. Forum QHT sektorunun hədəflərinin və qarşıda duran vəzifələrin müzakirəsi üçün mühüm platforma oldu.”
Sonda Hafiz Səfixanov təşkilati dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a açıqlamasında bildirib ki, Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumu yüksək səviyyədə təşkil olunub və vətəndaş cəmiyyəti üçün mühüm hadisə olub. O qeyd edib ki, forumun panelləri aktual mövzulara həsr olunub, tanınmış şəxslərin çıxışları maraqlı və informativ olub:
“Xüsusilə türkologiya mövzusunda professor Qəzənfər Paşayevin çıxışı çox təsirli idi. Süni intellekt paneli isə müasir dövrün tələblərinə tam cavab verirdi.”
Eyyub Hüseynov forumun həm mənəvi, həm də peşəkar baxımdan əhəmiyyət daşıdığını vurğulayıb:
“Xankəndidə belə bir tədbirin keçirilməsi böyük rəmzi məna daşıyır və QHT-lər arasında əməkdaşlıq üçün yeni imkanlar açır.”