Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər keçirilib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı iştirakçılara qəhvəyi mərmər bağacığının təsərrüfat əhəmiyyətli bitkilərə vurduğu zərər, payız–qış mövsümündə həyata keçiriləcək mexaniki və profilaktik mübarizə tədbirləri haqqında geniş məlumatlar verilib.
Bildirilib ki, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılması vacibdir.
Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, onlara qəhvəyi mərmər bağacığına dair buklet və maarifləndirici materiallar təqdim edilib.