Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyində 17 məsələ olub. Parlament sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb. Spiker deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür: "Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu.
Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi".
"Azərbaycanın tranzit qərarı Ermənistanla sülhün praktikaya keçdiyini göstərdi"
Millət vəkili Azər Badamov bildirib ki, xarici siyasətin və daxili proseslərin məhz bu mərhələsində 30 illik işğaldan sonra ərazimizdən Ermənistanın tranzit yüklərinə tətbiq olunmuş bütün məhdudiyyətlərin aradan qaldırılması ilə Azərbaycan göstərdi ki, sülh gündəliyi ancaq kağız üzərində deyil, həm də artıq praktikaya keçib. Deputat deyib ki, bu prosesin qarşısını almağa çalışan qüvvələr xalqların rifahında deyil, onları siyasi alət kimi istifadə etməkdə, öz şəxsi ambisiyalarını reallaşdırmaqda maraqlıdır: “Qazaxıstanda səfərdə olarkən dövlət başçımız bildirdi ki, Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Zəngəzur dəhlizi Orta Dəhlizin yeni bir marşrutu deməkdirsə, Azərbaycan da mərkəzi nöqtədir. Bu mərkəzdən yayılan reallıqlar da, məqsədlər də stratejidir və uzaq gələcəyə hesablanıb. Zəngəzur dəhlizin işə düşməsi həm də Türk Dövlətləri Təşkilatın gücünü artıracaq. Ən azından ona görə ki, Türk dünyasında uzun illər düşünülmüş şəkildə yaradılmış fiziki ayrılıq aradan qalxacaq. Həm də atılan addımlar ona hesablanıb ki, regionumuzda sülh və əməkdaşlıq perspektivlərinə real töhfə verilə bilsin. Çünki xalqların bir-birinə inteqrasiyası mübadilədən və qarşılıqlı iqtisadi maraqlardan keçir”.
"Birinci vitse-prezidentin Vatikana səfəri Azərbaycanın humanist obrazının möhkəmləndirilməsinə böyük töhfədir"
Deputat Soltan Məmmədov bildirib ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana bir neçə gün öncə həyata keçirilmiş rəsmi səfəri də Azərbaycanın yalnız siyasi yox, həm də mədəni-dini platformalar üzərindən sülh diplomatiyası qurduğunu göstərir: "Bu səfəri mühüm tarixi hadisə kimi qiymətləndirməyə əsas verən amillərdən biri mədəniyyətlərarası dialoq və multikulturalizm ideyalarının praktiki təbliği baxımından əhəmiyyətidir. Səfər çərçivəsində görüşlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilmiş bərpa işlərinin yüksək qiymətləndirildiyi xüsusi olaraq vurğulandı. Roma Papası XIV Leo Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini xüsusi olaraq vurğuladı. Bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd etdi. Eyni zamanda Bakı şəhərində ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı qərara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində böyük əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq yekunlaşdırılıb. Səfər bir daha təsdiq etdi ki, Azərbaycan dünyada tolerantlıq və dinlərarası əməkdaşlıq mərkəzi kimi öz imicini möhkəmləndirir”.
"İnformasiya təhlükəsizliyi həyati əhəmiyyət daşımağa başlayıb"
Millət vəkili Ceyhun Məmmədov deyib ki, son günlərdə yayılan bir sıra təxribat xarakterli məlumat və açıqlamalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır: "Bu gün informasiya dünyada sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur. Bu mənada məlumatların kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır". O qeyd edib ki, bu bir danılmaz faktdır ki, yalan və ya təhrif edilmiş məlumatlar təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər: “Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəlidir. Bu gün təəssüf ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar etmək, yoxlanılmamış xəbərlər yaymaq adi hala çevrilib. Bunu biz ən açıq şəkildə İkinci Qarabağ müharibəsi zamanı da gördük. Ölkəmizə qarşı hərbi əməliyyatlarla yanaşı, güclü informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etmək, ordumuzun iradəsini zəiflətmək və xalqımız arasında çaşqınlıq yaratmaq məqsədi daşıyırdı. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınını təmin etməsi bu cəhdləri boşa çıxardı. Bu gün də vəziyyət fərqli deyil. Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı təxribatçı kampaniyalar, deputat həmkarlarımız barəsində yayılan təhrif olunmuş məlumatlar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Bu səbəbdən hər bir vətəndaşımız üzərinə düşən məsuliyyəti ciddi dərk etməli, paylaşdığı hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməlidir".
"Tehran da, Paris, Moskva da Bakının yaratdığı yeni reallıqları qəbul edir"
Deputat Bəhruz Məhərrəmov deyib ki, artıq Vaşinqtion da, Tehran da, Paris, Moskva da Bakının hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni reallıqları qəbul edir və bu ölkələrlə münasibətlərimiz arzuolunan məcraya qədəb qoyub: "Bütün bunların fonunda ölkədə ictimai rəyin bəzən milli məqsədləri aşması suallar doğurur. Məsələn, son günlər diqqətin Ramiz Mehdiyevin barəsində cinayət təqibinə fokuslanması başa düşülən olsa da, bu situasiyanın dövlətçilik əleyhinə qaralama cəhdlərinə çevrilməsi qəbuledilməzdir. Burada söhbət Mehdiyevə bir zamanlar xoş söz demiş hansısa fərdin müdafiəsindən getmir, söhbət dövlətin imicindən gedir.
Bu gün Azərbaycanın bütövlüyünü istəyən, sabitliyi, dayanıqlı inkişafı arzulayan, qalib kimi yaşamaq istəyən sağlam düşüncəli hər bir vətəndaş üçün yalnız bir qütb var – cənab İlham Əliyev. Nə Mehdiyev, nə onun radikal müxalifətdəki balaları, yaxud mitinq kuklaları Azərbaycan xalqının gözündə cənab İlham Əliyevə alternativ olmayıb, olması da mümkün deyil".
Deputat bildirib ki, əlbəttə Mehdiyev barəsində cinayət təqibi üzrə təkzibedilməz sübutların olduğunu demək üçün ciddi əsaslar mövcuddur və onun əməllərində hansı xəyanətlər yatır, bunu hüquq mühafizə orqanları müəyyən edəcək: “Amma dəyişməyən bir reallıqlar var ki, neobolşevik təfəkkürü ilə, ayrı-ayrı şəxsləri bir vaxtlar hakimiyyət iyerarxiyasında yüksək mövqe tutmuş şəxs barəsində deyilən sözlərə, protokol xarakterli yazılara görə linç etdirmək heç də Mehdiyevin ehtimal olunan xəyanətləri ilə mübarizə deyil. Əksinə, bu xəyanət qədər təhlükəlidir və ölkədə dövlətin nüfuzunu zədələməyə, idarəçilik sistemini gözdən salmağa hesablanan, qəsdən Mehdiyevin böyük sosial dayaqlara malik olduğu effektini formalaşdırmaq üçün süni formada təşkil edilən kampaniyadır. Heç bir sosial bazisi olmayan Mehdiyev kimi cılız adam barədə nə vaxtsa tərif demək qorxulu deyil, qorxulu olan bir vaxtlar Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyev barədə hədyanlar söyləyib, bu gün isə maskalanaraq məqam gözləyənlərə görməzdən gəlməkdir.
Bəli, Mehdiyev bir zamanlar ictimai-siyasi kəsim üzərində söz sahibi olub, amma onun heç vaxt sosial dayağı olmayıb. Sadəcə, antimilli ünsürlərin köməyi ilə zaman-zaman özünün əvəzedilməz obrazını formalaşdırmağa çalışıb. Xatırlayırsızsa, onun administrasiya rəhbəri olduğu dövrdə 3-5 aydan bir radikallar tökülürdü küçələrə, aidiyyatı strukturlar səfərbər edilirdi və Mehdiyev də olurdu önəmli adam. Ona görə də diqqət daha çox məhz həmin o radikal ünsürlərin, antimilli Şura funksionerlərinin Mehdiyevlə gizli əlaqələrinə yönəlməlidir və hər kəs də əmin olsun ki, istinaq çox mətləbləri üzə çıxaracaq”.
"Azərbaycanda 645 hakim fəaliyyət göstərir"
Deputat Nizami Səfərov deyib ki, ötən dövrdə 2500-dən çox hakimliyə namizəd seçim prosesində iştirak etmiş, onlardan 254 nəfəri uğurla nəticə göstərərək dövlət başçısının müvafiq sərəncamları ilə birinci instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyin ediliblər. O bildirib ki, hazırda məhkəmə sistemində 645 hakim fəaliyyət göstərir: "Növbəti ilin əvvəlinə hakim sayının 720-yə çatdırılması nəzərdə tutulur. 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri qadınlardır. Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175 nəfərini qadınlar təşkil edir".