RU

"Xal itkisindən nə biz sığorlalanmışıq, nə də "Şəfa" - Elvin Məmmədov

1-ci Liqanın 6-cı turu çərçivəsində ötən gün iki iddialı - "Şəfa" və "Səbail" Binə qəsəbə stadionunda üz-üzə gəldilər. Paytaxt təmsilçiləri 2:2 hesablı heç-heçəyə razılaşdılar. "Səbail"in baş məşqçisi Elvin Məmmədov ilə əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Desəm ki, ideal oyun alındı, şişirtmiş olaram. Temp yüksək deyildi. Zaman-zaman bu və ya digər komanda təşəbbüsə yiyələnirdi. Hesabda geri düşsək də, oyundan qopmadıq, qollar vurduq. Amma üstünlüyümüzü qoruya bilmədik. Ümumiyyətlə, ucuz toplar buraxdıq. Məölubiyyətsiz oyunlar seriyamızı davam etdiririk. Çempionluq mübarizəsindən qopmamalıyıq. İrəli baxacağıq və oyunumuzu təkmilləşdirərək addım-addım hədəfə doğru irəliləyəcəyik".

Məmmədov çempionluq yolunda əsas rəqiblərindən olan "Şəfa" ilə baş məşqçisi olduğu "Səbail"in heyətini müqayisə etmək istəməyib:

"Bəli, hər iki komandada elita təcrübəsi olan futbolçular var. Amma "Şəfa" ilə öz heyətimizi müqayisə etmək istəmirəm. Bilirsiz ki, adlar hər şeyi həll etmir. Birinci Liqada isə ümumiyyətlə, bu, nisbidir. Premyer Liqada 100, 200 oyun keçirsən belə, aşağı liqada qaçmırsansa, mübarizə aparmırsansa, adın öməmi yoxdur. Sözlərim hər iki komandada olan təcrübəli futbolçulara aiddir".  

37 yaşlı mütəxəssis 2 xallıq geriliyi aradan qaldıra bilmədikləri liderin nə vaxtsa büdrəyəcəyinə inanır: "Marafon uzundur. Xal itkisindən heç kim - nə biz sığorlalanmışıq, nə də "Şəfa". Hələ cəmi 6 tur oynanılıb. 
Növbəti turda MOİK-lə qarşılaşacağıq. Onlar döyüşkən komandadır. Bizə asan olmayacaq. Amma qələbə qazanmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik".

Qeyd edək ki, 6 turdan sonra hesabında 16 xal olan "Şəfa" 1-ci yerdədir. "Dənizçilər"in isə 14 xalı var. Elgiz Kərəmlinin baş məşqçisi olduğu "Şəfa" növbəti turda daha bir iddialı "Mingəçevir"in qonağı olacaq.

Mirağa       

Избранный
67
1
fanat.az

2Источники