Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 24 oktyabr, AZƏRTAC
Moldova parlamentində çoxluğa sahib olan Fəaliyyət və Həmrəylik Partiyası müxalifətlə birgə biznesmen Aleksandr Muntyanunun rəhbərliyi ilə fəaliyyət göstərəcək yeni hökumətin tərkibini müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, Fəaliyyət və Həmrəylik Partiyasının sədri İqor Qrosu bu barədə prezidentlə məsləhətləşmələrdən sonra jurnalistlərə deyib. “Tezliklə ictimai məsləhətləşmələr, yəni maraqlı tərəflər və parlament partiyaları ilə birgə müzakirələr başlayacaq. Bir sıra partiyalar namizədlərlə tanış olmaq, bəzi partiyalar isə təklif vermək istəyir. Biz onları dinləyəcək və müzakirələr aparacağıq”, - deyə İqor Qrosu bildirib.
Onun sözlərinə görə, nazirlər kabinetinin əsas tərkibi və hökumət proqramı artıq hazırdır. Hökumət proqramı partiyanın seçki platformasına, Avropa inteqrasiyası sənədlərinə və milli inkişaf planına əsaslanacaq.
Qeyd edək ki, Moldova Prezidenti Mayya Sandu Baş nazir postuna namizəd irəli sürməzdən öncə parlament fraksiyaları ilə məsləhətləşmələr aparıb. “Sosialist Partiyası”, “Kommunist Partiyası” və “Evdə Demokratiya” fraksiyaları Aleksandr Muntyanun namizədliyini dəstəkləməyiblər. “Alternativ” və “Bizim Partiya” blokları nazirlərin siyahısı ilə tanış olduqdan sonra mövqelərini açıqlayacaqlar. Digər parlament partiyaları isə əvvəlcədən müxalifətə keçdiklərini bəyan ediblər. Həmin məsləhətləşmələr formal xarakter daşıyıb, belə ki, Fəaliyyət və Həmrəylik Partiyası hökuməti müstəqil şəkildə təsdiqləmək iqtidarındadır.
Qeyd edək ki, Aleksandr Muntyanu təkcə sabiq Baş nazir Dorin Reçandan qalan iqtisadi böhranla mübarizə aparmalı deyil, həm də Moldovanı Avropa standartlarına uyğunlaşdırmaq üçün bir sıra qeyri-populyar islahatlar həyata keçirməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.