RU

Bakı məktəblərində dərsliklərin hansı meyarla paylanmasına inanmayacaqsınız...


Dərsliklər tədrisin vacib elementidir, eyni zamanda da strateji əhəmiyyət daşıyır. Bu dəfə dərsliklərimizdəki ciddi qüsurlardan, şagirdlərə ağır yük olan əlavə dərs vəsaitlərindən yox, dərslik çatışmazlığından danışmaq istəyirik. Bu, valideynləri də, müəllim və şagirdləri də ciddi narahat edir.

Valideynlər deyirlər ki, tədris ilinin başlanmasından iki aya qədər vaxt keçməsinə baxmayaraq, hələ də orta ümumtəhsil məktəblərinin əksəriyyətində dərsliklər tam şəkildə verilməyib. Xüsusən də, Bakının bəzi məktəblərində əsasən yuxarı sinif şagirdləri hələ də bütün dərsliklərlə təmin edilməyiblər. Elə şagird var, ona 8-9, elə şagird var ona 10 kitab verilib. Dərsliklər hamıya çatmadığından şagirdlər bir-birinə mətnlərin şəklini çəkib atırlar ki, sinif yoldaşları müəllimin danlağını eşitməsin. Bəli, dərsliyin olmaması bir yana, hələ müəllim şagirdi danlayır ki, niyə mənim fənnimi oxumursan. Dərslik olsun ki, şagird də oxusun.

Məktəblərə verilən dərsliklərin də sayı o qədər azdır ki, onu şagirdlər arasında çox qəribə şəkildə bölüşdürüblər. Məsələn, bir şagir texniki sahəyə maraq göstərirsə ona riyaziyyat, fizika, kimya və sair dərsliklər verilib, humanitar sahəyə meylli olan uşaqlar isə daha çox Azərbaycan dili, ədəbiyyat, tarix və sair fənlərlə təmin olunublar. Bunu özümüzdən demirik, valideynlərin, şagirdlərin, hətta müəllimlərin dediklərinə əsasən yazırıq.

Şagirdlərə deyirlər ki, kimdə hansı dərslik yoxdursa başqa şagird yoldaşından alıb oxusun, yaxud mətnlərin fotolarını əldə etsinlər. Bütün adda dərsliklər məktəbə tam verildikdən sonra onların kitablarla təmin ediləcəyi deyilir.

Maraqlıdır ki, ölkədə dərslik çapına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, bu məsələ dövlətin nəzarətindədir, amma bu sahəyə rəhbərlik edənlər dövlətin bu siyasətini düz-əməlli icra etmirlər. Bakının mərkəzindəki məktəblərdə dərslik çatışmazlığı varsa, onda görün Bakıətrafı kənd və qəsəbələrdə, ucqar rayon və kəndlərdə vəziyyət hansı şəkildədir.

Orta ümumtəhsil məktəblərinə dərsliklərin tam verilməsi niyə gecikir? Səbəb nədir? Bu nə ilə bağlıdır?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərsək də, təəssüf ki, cavab ala bilmədik.

Yenə üz tutduq ekspertlərə.

Kamran Əsədov: “Bunun səbəbi tender proseslərinin gecikməsi və logistika zəncirindəki idarəetmə boşluqları ilə əlaqələndirilir”

Dərsliklərlə bağlı vəziyyətin acınacaqlı olduğunu təhsil ekspertləri də bildirir. Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, yeni tədris ilinin başlanmasından həftələr keçsə də, bəzi siniflərdə dərsliklər tam paylanmayıb. “Bunun səbəbi tender proseslərinin gecikməsi və logistika zəncirindəki idarəetmə boşluqları ilə əlaqələndirilir. Halbuki, “Dərslik siyasəti haqqında qaydalar”a görə, dərs ilinin başlanmasına ən azı iki həftə qalmış bütün ümumtəhsil müəssisələrinə dərsliklər çatdırılmalıdır. Bu tələbin pozulması nəticəsində dərs prosesinin ilk mərhələsində ciddi tədris gecikmələri yaranır”-deyə K.Əsədov qeyd etdi.

Elçin Əfəndi: “...Bəzi məktəblərdə dərslik çatışmazlığı problemini hər il müşahidə edirik”

Digər təhsil eksperti Elçin Əfəndi də “Bakı-Xəbər”ə “Təəssüflər olsun, biz paytaxtda və paytaxtdan kənarda yerləşən bəzi məktəblərdə dərslik çatışmazlığı problemini hər il müşahidə edirik. Elə olur ki, hansısa dərslik ya nəşr prosesindədir, yaxud da yeni nəşr olunub. Ona görə də onların şagirdlərə verilməsi müəyyən qədər yubanır. Amma təbii ki, biz belə bir halı görmək istəmirik və bu xoşagəlməz bir vəziyyətdir”-deyə bildirdi.

E.Əfəndi qeyd etdi ki, təhsil dövründə bütün dərsliklər sifarişlər əsasında hazırlanmalıdır. “İndi hər hansı bir tədris müəssisəsində müvafiq dərs vəsaitləri çatışmırsa, təbii ki, buna görə həmin məktəbin rəhbərliyi də müəyyən mənada məsuliyyət daşıyır. Çünki məktəb tərəfindən vaxtında sifariş verilməyib. Sifariş verilibsə nə üçün təminat yoxdur? Yaxşı olar ki, dərslik çatışmazlığı yaşanan məktəblərlə bağlı valideynlər ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, ya da Elm və Təhsil Nazirliyinə müraciət etsinlər. Çatışmayan dərsliklərin təminatı ilə bağlı müraciətə o qurumlarda yəqin ki, baxılıb dərsliklərin verilməsi prosesi həyata keçirilə bilər. “Kitab yoxdur, kitabı biz vermirik” kimi məsələlər doğru yanaşma deyil. Dövlət tərəfindən müvafiq dərsliklər şagirdlərə pulsuz verilir. Təbii ki, dövlət bu imkanı tanıyırsa, yaxşı olar, müəssisə də həmin vəsaitlərlə şagirdləri təmin etsin”.

Dəsrliklərin tam verilməsinin hansı səbəbdən gecikməsinə gəlincə, ekspert qeyd etdi ki, bu ya yaranan nəşr problemidir, ya da ola bilsin, sifariş verilərkən mövcud kontingentin sayı nəzərə alınaraq verilib. “Tutalım, bir məkdəbdə 5 min şagird təhsil alacaqsa sifariş bu əsasda verilib, amma tədris ili başlananda həmin məktəbə 6 min şagirdin gedəcəyi məlum olub. Buna görə də dərsliklər yenidən sifariş verilməli və təminat həyata keçirilməlidir. Yəqin ki, problem bu kimi situasiyalardan qaynaqlanır”-deyə E.Əfəndi bildirdi.

Məsələyə əlaqədar qurumların aydınlıq gətirməsi vacibdir. Ümid edirik ki, bu barədə həm rəsmi açıqlama veriləcək, həm də dərslik təminatı tam şəkildə həyata keçiriləcək.

İradə SARIYEVA

Избранный
53
1
baki-xeber.com

2Источники