RU

AZƏRBAYCANA ŞƏRƏF GƏTİRƏN 1088 GÜN

Gün var əsrə bərabər!

Möhtəşəm hadisələrin, ağlasığmaz dəyişikliklərin baş verdiyi günlər barədə belə deyirlər!

Hər günüm bir il kimi keçir.

Bu ifadə isə adətən əzab-əziyyətli, məşəqqətli günlər haqqında söylənilir.

Qarabağ müharibəsindən Zəfərə qədər keçilən uzun bir yolda bu ifadələrin hər ikisini məqamında işlətdik.

8 noyabr 2020-ci il xalqımız üçün əsrə bərabər bir günə çevrildi!

14 may 1994-cü ildən - atəşkəs başlayandan böyük qələbəyədək 10407 gündə isə hər birimiz dəfələrlə, məcburi köçkünlərimiz isə hətta illərlə "ilə bərabər" günlər yaşadılar!

Amma xoşbəxtlikdən heç kim qələbəyə olan inamını heç vaxt itirmədi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:

"Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz".

Azərbaycan xalqı heç zaman ümidsiz və inamsız olmadı!

Nə Qarabağ uğrunda gedən müharibələrdə, nə işğalın davam etdiyi müddətdə bir an da olsun torpaqların geri qaytarılacağına inamını itirdi!

27 sentyabr 2020-ci ildən etibarən hərbi əməliyyatların fasilələrlə davam etdiyi 1088 gündə isə nəinki torpaqlarını işğaldan qurtardı, hətta ərazi bütövlüyünə də nail olaraq dövlət suverenliyini və konstitusiya əsaslarını da bərpa etdi!

***

Düşmənlərimiz həmişə bizdən ərazi qoparmaq, təbii sərvətlərimizə sahib çıxmaq üçün fürsət gözləyiblər...

Əlverişli məqamın çatdığını gördükdə isə özlərinin yaratdıqları "Qarabağ problemi"ni işə salıblar.

İlk dəfə bu "problem" hesabına Azərbaycandan torpaq almaq cəhdi Azərbaycan Xalq Cümhuriyyəti qurulanda - Azərbaycan birinci dəfə dövlət müstəqilliyi qazananda baş tutdu.

Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq istəyəndə yenidən eyni ssenari işə salındı.

70 illik sovet dönəmində dəfələrlə müxtəlif üsullarla bizdən torpaq almaq istəsələr də, istəklərinə yetərincə çata bilmədilər.

Xüsusən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dəfələrlə bu istiqamətdəki cəhdlər boşa çıxarıldı.

Sovetlər İttifaqında böyük nüfuz sahibi olan Heydər Əliyev hər dəfə onları məharətlə yerlərində oturdurdu.

Odur ki, dostlarına arxalanan ermənilər yeni fürsət gözləyirdilər.

Belə bir fürsət isə əllərinə Ulu Öndər Heydər Əliyev 1987-ci ildə SSRİ rəhbərliyindən istefaya göndəriləndən sonra keçdi.

Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi (Aqanbekyan - B.S) Fransanın "Humanite" qəzetinə müsahibəsində "Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan çıxarılaraq Ermənistana birləşdirilməlidir" fikrini səsləndirdi.

Sovet mətbuatının bu fikri hallandırması Azərbaycanda böyük narazılıqlara və etirazlara səbəb oldu.

Ermənistan isə bundan ruhlanaraq Qarabağdakı ermənilərin fəallıqlarını artırmağa və separatizm hərəkatının baş qaldırmasına təkan verdi.

22 fevral 1988-ci ildə Xankəndidə yaşayan erməni separatçılarının qudurğan hərəkətlərinə etiraz olaraq Ağdamdan oraya doğru əhalinin dinc yürüşü başladı.

Niyyətlərinə çatmaqdan ötrü ciddi hazırlıqlar görən, hətta gizlin şəkildə silahlanan ermənilər nümayiş iştirakçılarına qarşı silah işlətdilər.

Nəticədə iki ağdamlı gənc - Bəxtiyar və Əli güllə yarası alaraq həlak oldular.

Bu, I Qarabağ müharibəsinin başlanması, öldürülənlər isə xalqımızın ilk şəhid övladları idi. 

Ərazi bütövlüyü uğrunda başlanan Qarabağ müharibəsinin Zəfərlə sonuclanaraq Ermənistanın tam məğlubiyyəti ilə başa çatdırılmasına isə bütövlükdə 11951 gün gərək oldu!

Uğur, uğursuzluq, əzab, çətinliklər, sevinc və qələbə göz yaşları ilə dolu, sonda isə möhtəşəm zəfərlə başa çatan və heç zaman unudulmayacaq 11951 gün!

***

Erməni işğalçıları üzərində tarixi qələbəmizin 5 ilini qeyd edəcəyimizə sayılı günlər qalıb!

Xalqımızın hər bir üzvünə böyük sevinc, haqlı qürur və sonsuz fəxarət bəxş edən şanlı Qələbə Gününə!

Qələbəmizin zirvəsindən geriyə baxanda nələri görürük?

Ermənistan heç zaman bizdən nəinki torpaq almaq, heç bizimlə müharibə etmək cəsarətində olmazdı.

Amma dostları və havadarları onların arxalarında dayanaraq silahlandırdılar və bizə üstün gəlmələrinə hər cür kömək göstərdilər.

I Qarabağ müharibəsində məğlubiyyətimizin ikinci mühüm səbəbi isə xalqımızın öz sevimli rəhbərindən uzaq düşməsi, həmin dövrdə ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz insanların başçılıq etmələri idi.

AXC-Müsavat iqtidarı təkcə naşılığına görə yox, həm də xəyanətkar əməllərinə görə Şuşa və Laçın kimi şəhərlərin asanlıqla düşmənə verilməsinə şərait yaratdı.

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqda isə artıq iş-işdən keçmişdi.

Dahi rəhbərimiz Azərbaycanı yalnız bir dövlət kimi məhvolmadan, xaos, anarxiya və özbaşınalıq burulğanından qurtarmaqla müstəqilliyimizi əbədi və dönməz etmədi, üstəlik müharibədə atəşkəs yaratmaqla yeni ərazilərin işğalının qarşısını da aldı!

Ömür bundan artığına imkan vermədi!

Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətlərinə əməl etmək onun layiqli siyasi varisi cənab İlham Əliyevin üzərinə düşdü.

İlham Əliyev bütün bunların öhdəsindən şərəf və ləyaqətlə gəldi!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh danışıqlarını davam etdirsə də, heç zaman Azərbaycan xalqının işğalla barışmayacağını və lazım gələrsə, hərbi yolla ərazi bütövlüyünə nail olacağını söyləyirdi.

Belə də oldu!

Havadarlarına güvənən düşmən məsələni bitmiş sayır və lovğalanaraq özünü Qarabağın sahibi kimi aparırdı.

Lakin bu, onun xam xəyalı idi!

İlham Əliyevin yetişdirdiyi gənclərdən yaradılan və ən müasir silahlarla silahlandırılan yeni ordu hələ öz sözünü deməmişdi!

Zaman çatdı və Azərbaycan xalqının şərəf, milli qürur müharibəsi başladı!

Zəfər müharibəsi və onun nəticələri ilə bağlı məqamlara Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə müxtəlif çıxışlarında toxunmuşdur.

Belə maraqlı çıxışlarından birini isə Xankəndidə 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin açılışı zamanı etmişdir.

Gərəkli məqamlarda həmin çıxışdan iqtibaslar gətirəcəyik.

27 sentyabr 2020-ci ildə başlayan və 90 mindən çox gənc azərbaycanlının iştirak etdiyi II Qarabağ müharibəsi ilk günlərdən qeyri-adiliyi ilə diqqət çəkirdi.

Hərbi əməliyyatların gedişində ən müasir silahlardan istifadə olunur, yeni taktika və strategiya tətbiq edilirdi.

Heç də təsadüfi deyil ki, bu müharibə ümumilikdə hərbi ekspertlər tərəfindən nümunəvi müharibə sayılaraq "XXI əsrin yeni tipli müharibəsi" adını qazandı və buradakı bir çox döyüş əməliyyatı dünyanın bir sıra hərbi məktəblərində öyrənilməyə başlandı.

Yeni silah-sursatlarla yanaşı, bu müharibədə əsgər və zabitlərin mənəvi durumu, döyüş əzmi də yeni idi və son nəticədə öz əksini tapdı!

Müharibənin baş sərkərdəsi və baş qəhrəmanı İlham Əliyevin dediklərindən:

"Bildiyiniz kimi, 44 gün ərzində şanlı ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər də olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur".

Müzəffər Ali Baş Komandanımız qələbənin ən mühüm şərtlərindən birinin məhz bu amil olduğunu göstərir:

"Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz".

Ordumuzun qəhrəmanlıqla, yüksək peşəkarlıqla döyüşməsi heç də təsadüfi deyildi.

Çünki Azərbaycan xalqı da, onun əsgər və zabit balaları da nə işğalla, nə də dünyanın Qarabağ münaqişəsi ilə bağlı yol verdiyi ədalətsizliklərlə barışdılar.

Hərçənd ki, ermənisayaq düşünənlər belə hesab edirdilər ki, sülh danışıqlarını uzatdıqca Qarabağı görməyən yeni nəsil gələcək və onlar torpaq uğrunda döyüşməyəcəklər!

Faktlar isə tam əksini göstərdi!

Vətən müharibəsində və antiterror əməliyyatı keçirərkən 3200-dən çox qəhrəman əsgər və zabitimiz şəhadət zirvəsinə ucaldı!

Heç bir qurum və təşkilatın Azərbaycan xalqını işğalla barışdırmaq cəhdi isə heç zaman baş tutmadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin günləri belə xatırlayır:

"İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda o vaxt "Birinci Qarabağ" deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın".

Düşmənlərimizin və bədxahlarımızın mənfur niyyətləri təkcə bununla bitmirdi:

"Digər tezis ondan ibarət idi ki, Ermənistanla əməkdaşlığa başlamaq lazımdır. Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz  -Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik".

Azərbaycan xalqı təkcə murdar düşüncə və yanaşmaları deyil, düşməni də alt-üst etdi, qarşısında diz üstə qoyaraq ona kapitulyasiya aktını imzalatdı!

***

10407 gün çəkən erməni işğalının hər günü Vətən həsrəti ilə yadda qalıb.

Yalnız azərbaycanlı olduqlarına görə soyqırımına, vəhşiliklərə və qəddarlıqlara məruz qalan bir milyonadək insan olmazın məşəqqətlərə düçar oldu.

* Üçkünc çadırlardan qurulmuş şəhərciklərdə yaşadı.

* Qışda soyuqdan, yayda istidən zillət çəkdi.

* İşsiz qaldı, ehtiyac içərisində yaşadı, dövlətin verdiyi yardımla birtəhər dolandı!

* Nə bəs qədər su tapdı, nə də xəstələnəndə dava-dərman!

* Nə düz-əməlli oğul evləndirdi, nə də qız köçürdü!

Amma dözdü, duruş gətirdi...

Hərçənd ki, dünyasını dəyişənlər də çox oldu.

Amma hamı dövlətinə, rəhbərinə, sərkərdəsinə inandı!

İnandılar ki, gün gələcək, zalım düşmənin başını əzərək torpaqları azad edəcək, doğma el-obaya qayıdacaqlar.

Xalqımızı ən müqəddəs arzusuna çatdıran II Qarabağ müharibəsi cəmi 44 gün çəkdi!

44 gün ərzində ikiəsrlik Qarabağ münaqişəsinə, günlərlə deyil, saatlarla ölçülən Vətən həsrətinə "dəmir yumruq"la son qoyuldu!

Düşmən təkcə hərb meydanında deyil, diplomatiya sahəsində və informasiya müharibəsində də məğlubiyyətə uğradıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün tələblərini və şərtlərini yerinə yetirən məğlub Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzaladı.

Bu, hələ onun məğlubiyyətinin birinci mərhələsi idi.

Zaman baxımından dəqiqələr ərzində yüksək peşəkarlıqla hazırlanan və icra olunan hərbi əməliyyat nəticəsində Həkəri çayı üzərindəki post ələ keçirildi, Laçın qapısı əbədi olaraq Azərbaycana qaytarıldı!

Başqa sözlə desək, tarixi Zəfərdən 896 gün sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi!

Hələ bu da hamısı deyildi.

Azərbaycan Ordusu daha bir unikal antiterror əməliyyatı keçirərək cəmi 23 saat ərzində bir nəfər mülki əhaliyə və obyektə xətər toxundurmadan Ermənistana məxsus qanunsuz hərbi birləşmələri və terrorçu qruplaşmalarını ağ bayraq qaldıraraq təslim olmağa məcbur etdi!

Təslim olaraq silah-sursatını təhvil verənlərin və Azərbaycan vətəndaşlığını qəbul etməyərək Qarabağda yaşamaq istəməyənlərin ərazilərimizi təhlükəsiz surətdə tərk etmələrinə şərait yaradıldı!

Beləliklə, ərazi bütövlüyünün bərpasından 150 gün sonra dövlət suverenliyi və konstitusiya əsasları da təmin olundu!

Vətən müharibəsindən 1044 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u sayəsində ikiəsrlik Qarabağ münaqişəsi tarixin arxivinə verildi!

I Qarabağ müharibəsinin başlanmasından dövlət suverenliyimizin təmininədək 12995 gün keçmiş oldu!

Daha bir maraqlı rəqəm:

12 iyun 2024-cü ildə - II Qarabağ müharibəsinin başlanmasından 1355 gün sonra Rusiya sülhməramlı kontinqenti də Azərbaycan ərazisini birdəfəlik tərk etdi!

***

Rəqəmlər təkcə tarixi günləri və faktları əks etdirmir.

Bəzən rəqəmlər ömrümüzün səhifələri sayılan ağrılı-acılı, yaxud fərəhli və qürurlu günlərimizi də özündə yaşadır.

Yalnız həmin günləri yaşayanlar quru rəqəmlərin arxasındakı əsl yaşantıları görürlər.

Təəssüf ki, on minlərlə keçmiş məcburi köçkün Qələbə gününü görmədən, Vətən muradına yetmədən dünyadan köçüb getdi.

Yeganə təskinliyimiz odur ki, onların qisasını aldıq, arzularını həyata keçirdik.

Həm də bütün dünyaya sübut etdik ki, biz milli birliyə malik vətənpərvər xalqıq.

İlham Əliyevin təbirincə desək: 

"Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz".

* Qələbəni çətinliklə qazandıq!

* Qələbəni döyüşərək, çarpışaraq qazandıq!

* Qələbəni birləşərək, bir olaraq, "dəmir yumruğ"a çevrilərək qazandıq!

* Qələbəni Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, dönməz iradəsi, uzaqgörənliyi və müdrik rəhbərliyi sayəsində qazandıq!

Bu gün isə yenə onun başçılığı ilə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirir, min əzab-əziyyət görmüş Vətən həsrətli insanların doğma yurdlarındakı xoşbəxt günlərinə baxaraq sonsuz fərəh hissi keçiririk!

Bəxtiyar SADIQOV

Избранный
170
azerbaijan-news.az

1Источники