RU

Xankəndidə keçirilən QHT Forumu vətəndaş cəmiyyəti üçün yeni əməkdaşlıq imkanları açdı - İradə Rizazadə / FOTOLAR

19-20 oktyabr tarixlərində Xankəndidə “Konstitusiya və suverenlik” mövzusuna həsr olunmuş QHT-lərin Əməkdaşlıq Forumu keçirilib. Forumda ölkənin müxtəlif ictimai birliklərinin nümayəndələri iştirak ediblər.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, tədbirin məhz Xankəndidə təşkili QHT nümayəndələri üçün böyük qürur hissi doğurub:

“Forumun Xankəndidə keçirilməsi biz QHT nümayəndələri üçün çox qürurvericidir. Bu qüruru, əlbəttə ki, bizə şəhidlərimiz (Allah onlara rəhmət eləsin), qazilərimiz, döyüşçülərimiz və möhtərəm Prezidentimiz yaşatdı. Agentlik tərəfindən təşkil olunan forum yüksək səviyyədə keçirilib, proqram və panel müzakirələrinin mövzuları olduqca maraqlı və əhatəli olub. QHT-lərin gələcək fəaliyyəti ilə bağlı vacib mesajlar səsləndirildi. QHT-lərin beynəlxalq arenada gördüyü dəyərli fəaliyyətlərdən danışıldı və gələcəkdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların rolunun daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Bu, həqiqətən çox təsiredici idi.”

QHT sədri həmçinin forum çərçivəsində nümayiş etdirilən “Şəhidə məktub” və “Zəngəzur” adlı videoroliklərin xüsusi maraqla qarşılandığını da diqqətə çatdırıb.

“Agentlik QHT-lərin yalnız yerli layihələrdə deyil, həm də xarici partnyorlarla birgə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirməsi üçün şərait yaradıb. Bu, vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır,” – deyə Rizazadə vurğulayıb.

Forumun nəticələrini yüksək qiymətləndirən İradə Rizazadə bildirib ki, bu cür tədbirlər QHT-lərin birgə fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir:

“İnanıram ki, forumdan sonra QHT-lər əməkdaşlıqlarını daha da genişləndirəcək, məqsədyönlü layihələrin həyata keçirilməsinə nail olacaqlar. QHT-lərin inkişafı və güclənməsi isə, şübhəsiz, Azərbaycan Prezidentinin rəhbərliyi altında göstərilən diqqət və qayğının nəticəsidir. Mən həmişə deyirəm: QHT-lərin inkişafı dövlətimizin gücünə dəstəkdir.”

Избранный
92
qht.az

1Источники