Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ilin yanvar-sentyabr aylarını 13 mlrd. 324 mln. 521,85 min manat aktivlə başa vurub.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 112 milyon 104 min manat və ya təxminən 0,83% azdır. Ötən ilin müvafiq dövründə bankın aktivləri 13 mlrd. 436 mln. 626.28 min manat təşkil etmişdi.
Hesabat dövründə bankın banklar və digər maliyyə institutlarındakı depozitləri və bu depozitlər üzrə faiz gəlirləri də azalıb. Belə ki, 2025-ci ilin ilk 9 ayında ABB-nin bu istiqamətdəki depozitləri 488 milyon 311.10 min manat olub. 2024-cü ildə isə bu göstərici 937 milyon 982.78 min manat təşkil etmişdi. Nəticədə, depozitlərdə 449 milyon 671.68 min manat və ya təxminən 47,95% azalma qeydə alınıb.
2024-cü ildə qeyd olunan depozit gəlirləri 73 milyon 192.48 min manat olduğu halda, 2025-ci ilin ilk 9 ayında 23 milyon 983.45 min manat olub. Bu da 49 milyon 209 min manat və ya təxminən 67,22% azalma deməkdir.
Faiz və qeyri-faiz xərclərində artım baş verib. 2024-cü ilin yanvar-sentyabr aylarında 165 milyon 627.91 min manat olan faiz xərcləri, 2025-ci ildə 283 milyon 425.18 min manata yüksəlib. Artım 117 milyon 797 min 270 manat və ya təxminən 71,1% təşkil edib.
Qeyri-faiz xərcləri də artaraq 352 milyon 646.66 min manatdan 439 milyon 877.27 min manata çatıb. Bu sahədə artım 87 milyon 230.61 min manat və ya təxminən 24,74% olub.
2024-cü ildə 11 milyard 549 milyon 831 min manat olan öhdəliklər, 2025-ci ildə 11 milyard 213 milyon 524 min manata enib. Bu da 336 milyon 307 min manat və ya təxminən 2,91% azalma deməkdir.
Ümumi depozitlər də azalıb. 2024-cü ilin ilk 9 ayında 9 milyard 665 milyon 241.85 min manat olan depozitlər, 2025-ci ildə 8 milyard 627 milyon 046.67 min manata düşüb. Bu, 1 milyard 38 milyon 195 min 180 manat və ya təxminən 10,74% azalma ilə müşayiət olunub.
Depozitlərin strukturunda isə dəyişiklik müşahidə edilib. Fiziki şəxslərin depozitləri əvvəlki ilin 9 ayı ərzində 2 milyard 385 milyon 246.80 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 3 milyard 146 milyon 954.78 min manata yüksəlib. Əksinə, hüquqi şəxslərin depozitləri 7 milyard 279 milyon 995.50 min manatdan 5 milyard 480 milyon 091.89 min manata enib.