RU

Müntəzəm qan verən şəxslərdə infarkt və insult riskinə donor olmayanlarla müqayisədə daha az rast gəlinir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu ilin ilk doqquz ayı ərzində 100 minə yaxın şəxs könüllü şəkildə qan verərək donor olub". Bu barədə Səhiyyə Nazirliyi Respublika Qan Bankından məlumat verilib ki, bu ilin ilk doqquz ayı ərzində 100 minə yaxın şəxs könüllü şəkildə qan verərək donor olub. Bildirilib ki, son illərdə Azərbaycanda könüllü qan donorlarının sayında nəzərəçarpacaq artım qeydə alınıb. "Ötən ilin eyni dövründə təxminən 93 min nəfər donor qeydə alınmışdı". Qurumdan verilən məlumata görə, hazırda Respublika Qan Bankında və onun regional bölmələrində daimi qan köçürülməsi tələb edilən pasiyentlər, rutin tibbi əməliyyatlar və təcili hallar üçün kifayət qədər ehtiyat mövcuddur.Qan donorluğu nədir? Qan donoru olmaq üçün hansı şərtlər və kriteriyalar olmalıdır? Qan donorluğu ölkəmizdə yetərincə təbliğ olunurmu? Qan donorluğunda risklər nədən ibarətdir?

Mövzu ilə bağlı Azərbaycan Respublikası Qan bankına sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, qan vermək sadəcə humanist addım deyil, həm də donorun sağlamlığına bir sıra müsbət təsirlər göstərir:

“Qan donorluğu sağlam şəxsin könüllü olaraq müalicə məqsədləri üçün qanını və ya qan komponentlərini ehtiyacı olan şəxslərin həyatını xilas etmək üçün verməsidir. Qan donoru 18–65 yaş aralığında, çəkisi minimum 50 kq olmalı, yoluxucu və xroniki xəstəlikləri, qan azlığı və ya qan xəstəlikləri olmamalıdır. Eləcə də, 1 il ərzində hər hansı əməliyyat keçirmiş, doğuş, döymə və ya digər tibbi prosedurlar etdirmiş şəxslər, hamilə qadınlar, süd verən analar qan verə bilməzlər. Qan vermək sadəcə humanist addım deyil, həm də donorun sağlamlığına bir sıra müsbət təsirlər göstərir. Müntəzəm qan verən şəxslərdə infarkt və insult riskinə donor olmayanlarla müqayisədə daha az rast gəlinir. Yeni qan hüceyrələrinin yaranması orqanizmdə oksigenin daşınmasını və toxumaların qidalanmasını yaxşılaşdırır. Kişilər 3, qadınlar isə 4 aydan bir qan verə bilərlər. Donor qanı HİV, Hepatit B və C, sifilis infeksiyalarına qarşı yoxlanılır”.

Qurum vurğulayıb ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Azərbaycan Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakının və bir çox şəhər və rayonların müxtəlif ərazilərində maarifləndirici bilbordlar yerləşdirilib:“Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən qan donorluğu sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə ardıcıl təbliğat-təşviqat tədbirləri həyata keçirilir. Bu çərçivədə həkim-mütəxəssislərimiz Səhiyyə Nazirliyinin rəsmi internet saytında müsahibələr, Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayım, eləcə də “Sağlam Radio”da müxtəlif verilişlərdə çıxışlar edərək sağlam cəmiyyət və ehtiyacı olan şəxslərin xilası naminə qan donorluğunun əhəmiyyəti barədə ictimai maarifləndirmənin yüksəlməsinə töhfə verirlər.

Bununla yanaşı, Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Azərbaycan Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakının, eləcə də Sumqayıt, Gəncə, Xankəndi, Şirvan, Bərdə, İsmayıllı kimi şəhər və rayonların müxtəlif ərazilərində maarifləndirici bilbordlar yerləşdirilib.

Eyni zamanda Respublika Qan Bankının əməkdaşları tərəfindən müxtəlif dövlət və özəl müəssisələrdə, təhsil və səhiyyə ocaqlarında təbliğat görüşləri, maarifləndirici təqdimatlar təşkil edilir. Görülən işlərin əsas məqsədi əhalidə könüllü qan donorluğuna marağın artırılması, sağlam həyat tərzinin təbliği və ölkə üzrə qan ehtiyatlarının təhlükəsiz şəkildə təmin edilməsidir. Aparılan maarifləndirici tədbirlər nəticəsində ölkədə qan donorluğuna marağın artması tendensiyası müşahidə olunmaqdadır. İlin ilk 9 ayı ərzində əvvəlki illərin eyni dövrü ilə müqayisədə qan donorlarının sayının artaraq təxminən 100 min nəfərə yaxın olması da bunu deməyə əsas verir. Qan donorluğu tam təhlükəsiz bir prosesdir. Qanvermə sanitar-gigiyenik tələblərə müvafiq şəraitdə həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
61
bizimyol.info

1Источники