RU

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması siyasi və tarixi tələbdir - Rəy

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ermənistanı blokadadan çıxarır, Cənubi Qafqazda sülh, yoxsa Rusiya imkan verməyəcək?

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycanın maraqlarının təmin edilməsi üçün çox vacibdir. Münasibətlərin normallaşması bütövlükdə regionun sabitliyi və inkişafı üçün əsas şərtdir".
 
Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.
 
 
"Bu münasibətlər imkan verirdi ki, Rusiya və Qərb dövlətləri Cənubi Qafqaza müdaxilə imkanları əldə etsinlər. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təbii ki, xarici təsirlərin zəiflədilməsi və kənarlaşdırılması, Cənubi Qafqazın sülh regionuna çevrilməsi üçün siyasi və tarixi tələbdir. Söz yox ki, erməni dövlətçiliyi və türk etnosuna qarşı düşmənçilik Rusiya və Qərb xristian aləmi tərəfindən cızılan bir mahiyyət daxilindədir. Düşmənçilik süni şəkildə ortaya atılmış olsa da, artıq erməni kimliyini formalaşdıran xalqın şüuraltı düşüncə tərzinə çevrilib", ekspert bildirib.
 
Ermənistanla Azərbaycan arasında sülhə gəlincə, ekspert qeyd edib ki, bunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan və Azərbaycan liderləri arasında paraflanmış sülh sazişi çərçivəsində həyata keçməsi Azərbaycanın maraqlarının təmin edilməsi olardı:
 
"Dediyimiz paraflanmış o sülh sazişinin klassik sülh müqaviləsinə uyğun müddəalardan fərqliliyi təbii ki, Azərbaycanın daha geniş milli maraqlarının perspektivini saxlayır. Artıq Azərbaycan Ermənistanın blokadadan çıxarılması üçün ilk addımlarını atır və Azərbaycan Prezidentinin Qazaxıstana səfəri çərçivəsində verdiyi açıqlamasında bəyan edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Əlbəttə ki, Azərbaycan Prezidentinin Qazaxıstana səfərinin mərkəzində Qazaxıstan–Azərbaycan Ali Dövlətlərarası Şuranın ikinci iclası və bir sıra razılaşmalar, ən əsası isə Orta Dəhliz üzrə sabit marşrutun formalaşması üçün hüquqi bazanın yaradılması dayanırdı. Demək, Ermənistan da Azərbaycan kimi Orta Dəhliz subyektinə çevrilir. Yəni, gələcəkdə Ermənistanın Türkiyə və Azərbaycana, xüsusən də təhlükəsizlik sahəsində inteqrasiyası real görünür. Qeyd edim ki, Ermənistan və Azərbaycan arasında bu ilin avqustunda Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanması Rusiya və Qərbin Cənubi Qafqaza müdaxiləsini tam məhdudlaşdıra bilər. Əbəs deyil ki, Moskva 10 noyabr 2020-ci il üçtərəfli bəyanat çərçivəsində sülh sazişinin imzalanmasına israr edir".
Избранный
66
hafta.az

1Источники