Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
"Hadisələrin əsas problemlərindən biri işin düzgün təşkil edilməməsidir. Məsələn, dəmir yolunda aparılan təmir işləri zamanı əsas keçid yollarının uzun müddət bağlı saxlanması insanları təhlükə altına qoyur. Təmirin tələb etdiyi real müddət çox vaxt saatlarla məhdudlaşır, halbuki yol inzibatçıları həmin hissəni uzadılmış müddətə bağlayır. Nəticədə sürücülər üçün alternativ marşrutlar göstərilmir və insanlar əlavə risklə üzləşirlər".
O bildirib ki, əgər bağlanma məcburi və qaçılmazdırsa, niyə paralel alternativ yollarla və vətəndaşlara əvvəlcədən izah edilərək yönləndirmə aparılmır?:
"Bu cür davranış məsuliyyətsizlik, özbaşınalıq və insanlara saymamazlıq kimi qiymətləndirilir. Cəzasızlıq mühiti isə problemi daha da dərinləşdirir. Tez-tez baş verən oxşar hallara baxmayaraq, aidiyyatı şəxslərin sərt cəzalandırılmaması onları məsuliyyətsiz hərəkətlərə təşviq edir.Baş verənləri diqqətdə saxlamalı və məsul şəxslərin cavabdehliyə cəlb edilməsi tələb edilməlidir. Çünki bu gün bir ailənin üzvü ölürsə, sabah başqa bir ailənin üzvü həyatını itirə bilər. Təkrarlanan səhvlərə qarşı sistemli tədbirlər görülməsə, inzibati və hüquqi məsuliyyətin mövcud olmaması davam edəcək".
Ekspert deyib ki, başqa ölkələrdə belə hallara qarşı sərt nəzarət və adekvat cəzalar tətbiq olunur:
"Azərbaycanda isə faktiki olaraq cəzasızlıq hökm sürür. Bu da o deməkdir ki, adi bir işi vaxtında və lazımi keyfiyyətdə yerinə yetirə bilməyən şəxslər idarə rəhbəri vəzifəsinə təyin edilir, nəticədə isə insan tələfatları baş verir.
Yekun olaraq, vətəndaşların gündəlik həyatına təsir edən infrastruktur xidmətləri peşəkarlıq və məsuliyyət tələb edir. Aidiyyəti qurumlar dərhal hərəkətə keçməli, baş vermiş nöqsanlara görə cavabdehlər cəzalandırılmalı və gələcəkdə oxşar halların qarşısını almaq üçün sistemli tədbirlər görülməlidir".
Qeyd edək ki, Xaçmazda dəmiryolunun təmirə bağlanması səbəbindən yol bağlı qalıb. Nəticədə hamilə qadın yolda doğuş edib və körpə həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az