RU

"Dünən fərman verən bu gün can verir"

Avropa İttifaqında ilk dəfə keçmiş prezident həbs edilib

Oktyabrın 21-də Fransanın 70 yaşlı keçmiş prezidenti Nikola Sarkozi  2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirməsi ilə bağlı Liviya ilə cinayətkar sövdələşmədə təqsirli bilinərək məhkum edilmiş, 5 il həbs cəzasını çəkməyə başlamaq üçün Parisdəki La Sante həbsxanasına aparılıb.

Eks-prezident yerli vaxtla səhər saat 9:15 radələrində həyat yoldaşı, müğənni və keçmiş model Karla Bruni-Sarkozi ilə əl-ələ tutaraq Fransa paytaxtındakı evindən çıxıb. Sarkozi onu birbaşa Parisdəki yeganə həbsxananın qapısına aparan polis maşınına minməzdən əvvəl cütlük qucaqlaşıb. Sabiq dövlət başçısı orada təkadamlıq kamerada saxlanılacaq.

Sabiq prezidentin oğullarının həmrəylik nümayişi keçirmək üçün çağırışından sonra  Sarkozinin yüzlərlə tərəfdarı onun Parisin elit 16-cı rayonundakı ailə iqamətgahı qarşısında toplaşıb. İzdiham Fransa bayraqları dalğalandıraraq "Nikola, Nikola" şüarları səsləndirib. Bəzi etirazçılar hətta göz yaşları axıdıblar. "Onu həbsxanaya göndərmək düzgün deyil" deyən bir qadın Fransa bayrağını dalğalandırıb: "Bu, tamamilə absurddur. Elektron bilərzik, ictimai xidmət kimi başqa variantlar da var idi. Bu, sadəcə olaraq onu alçaldır və Fransanı alçaldır". Yaşlı bir kişi isə bu fikirləri təkrarlayıb: "Onun etdiyi hərəkət həbsə layiq deyil. Bu, tamamilə iyrəncdir".

"Euronews" telekanalı xəbər verib ki, etirazçılardan biri əlində "Biz səninləyik, Nikola" yazılmış lövhəni tutub. Qadın məhkəmənin qərarından utandığını deyib və əlavə edib ki, Fransa indi keçmiş dövlət başçısını həbs etdiyi üçün inkişaf etməkdə olan ölkəyə bənzəyir. Bir gənc hökmə reaksiyasını belə izah edib: "Ölkəmizə 5 il rəhbərlik etmiş insana görə çox kədərliyəm. Bu cəza çox sərt görünür". Həqiqətən, Nikola Sarkozinin həbsi Fransanın siyasi tarixində görünməmiş hadisədir.

Onu da qeyd edək ki, sabiq prezident apellyasiya şikayəti verib. Amma o, yalnız rəsmi həbsdən sonra azadlığa buraxılmasını tələb edə bilərdi. Ona görə də vəkilləri artıq müvafiq vəsatət qaldırıblar. Fransa qanunlarına görə isə hakimlərə qərar çıxarmaq üçün iki aya qədər vaxt verilir. Bu hesabla məhkəmənin cavab vermək üçün dekabrın 21-nə qədər vaxtı var, yəni Sarkozinin Miladdan əvvəl azadlığa buraxılmaq ehtimalı var.

Vəkillərinin dediyinə görə, N.Sarkozi təhlükəsizlik baxımından digər məhbuslardan tam təcrid olunacaq. "O, hasarlanmış həyətdə gündə bir saat təmiz havada olacaq" deyən vəkil Kristof İnqreyn jurnalistlərə bildirib ki, Sarkozi kamera soyuq olduğu üçün özü ilə bir neçə sviter, iki kitab və səs-küyə qarşı qulaqcıqlar götürüb. O, digər məhbuslar olmadıqda kiçik kitabxana və idman zalından istifadə edə biləcək. Eks-prezidentə yeməkləri məhbuslar deyil, işçilər çatdıracaq. Həbsxana direktoru Sebastyan Kovel bunu belə izah edib: "Məqsəd onun heç vaxt digər məhbuslarla təmasda olmamasını təmin etməkdir".

Xatırladaq ki, keçən ay Nikola Sarkozi 2007-ci ildə prezidentlik kampaniyasını qanunsuz yolla maliyyələşdirməkdə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Paris məhkəməsi cinayətlərin səbəb olduğu "ictimai qaydanın pozulmasının ciddiliyi"ni əsas gətirərək, apellyasiyadan əvvəl dərhal həbs cəzası ilə bağlı qərar vermişdir.

Ötən həftə Sarkozi ilə Yelisey sarayında görüşən Fransa Prezidenti Emmanuel Makron sələflərindən birini qəbul etməsinin tamamilə normal olduğunu bildirmiş, lakin  məhkəmənin qərarı ilə bağlı birbaşa şərh verməmişdir. Bununla belə, həmin anın emosional təsirini etiraf etmişdir: "Həbsxanadakı prezidentin obrazının kəskin reaksiyaya səbəb ola biləcəyi başadüşüləndir".

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
16
azerbaijan-news.az

1Источники