RU

Peruda cinayətkarlığın kəskin artması fonunda 30 günlük fövqəladə vəziyyət elan edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Perunun keçid dövrü Prezidenti Xose Xeri ölkənin paytaxtı Limada və qonşu Kalyao əyalətində fövqəladə vəziyyət elan edib. Bu qərar cinayətkarlığın, xüsusən qəsb hallarının artması ilə əlaqədar qəbul olunub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, müvafiq bəyanat ötən həftə bir nəfərin ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnən etiraz aksiyalarından sonra verilib.

Keçid dövrü Prezidenti bildirib ki, gecə yarısından sonra qüvvəyə minən və Nazirlər Şurası tərəfindən təsdiqlənən bu tədbir ictimai asayişi qorumaq üçün polislə yanaşı silahlı qüvvələrdən də istifadə etməyə icazə verir.

“Biz cinayətkarlıqla mübarizədə müdafiədən hücuma keçirik. Bu mübarizə bizə sülhü, əmin-amanlığı və milyonlarla peruluya olan inamı bərpa etməyə imkan verəcək”, - deyə o, televiziya ilə müraciətində bəyan edib.

Xose Xeri bu ayın əvvəlində keçmiş Prezident Dina Boluartenin impiçmentindən sonra and içib. O, keçən həftə cinayətkarlıqla mübarizəni əsas prioritet edəcəyinə söz verərək yeni kabinetini təqdim edib.

Peru lideri, həmçinin vətəndaş cəmiyyəti qrupları və “Z” nəsli adlanan gənclər tərəfindən artan cinayətə qarşı tədbir görülməsini tələb edən ilk böyük etirazla qarşılaşıb.

Bu, Peruda təhlükəsizliyi təmin etmək üçün fövqəladə vəziyyət elan edilən ilk hal deyil. Sabiq Prezident Boluarte mart ayında oxşar 30 günlük tədbir tətbiq etsə də, analitiklər və təhlükəsizlik ekspertlərinin sözlərinə görə, fövqəladə vəziyyətin bir neçə dəfə elan edilməsi cinayətkarlıq nisbətlərini azaltmayıb.

 

Избранный
104
azertag.az

1Источники