Son günlər dabaq xəstəliyi ilə bağlı ağartı məhsullarının satışına ciddi nəzarət başlayıb. Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) bildirilib ki, qurum ölkədə və dünyada epizootik vəziyyəti diqqət mərkəzində saxlayır
Bəs evlərdən satılan süd, qatıq və s. süd məhsullara nəzarət varmı, varsa necə icra olunur?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida üzrə ekspert İlkin Şirinov cavablandırıb.
Ekspert bildirib ki, ev şəraitində satılan süd və qatıq məhsullarına nəzarət mümkün deyil.
“Son günlər dabaq (ağız və dırnaq) xəstəliyinin yayılması ilə əlaqədar olaraq süd və süd məhsullarının satışına ciddi nəzarət tədbirləri görülür. Lakin geniş istehlakçı kütləsinin tez-tez müraciət etdiyi ev şəraitində hazırlanmış süd, qatıq və digər ağartı məhsulları hələ də nəzarətsiz qalır. Bu məhsulların hazırlanma və satış prosesi mövcud sanitar-gigiyenik normalara uyğun şəkildə tənzimlənmir.
Ev şəraitində hazırlanan süd və qatıq məhsullarının hansı normalara əsasən istehsal olunduğunu nə görmək, nə də müşahidə etmək mümkündür. Belə məhsullara dövlət qurumlarının – o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin – nəzarət mexanizmi tətbiq edilmir. Çünki bu cür istehsal fəaliyyətləri rəsmi qeydiyyata alınmır, biznes fəaliyyəti kimi aparılmır”, – ekspert qeyd edib.
Ekspertin sözlərinə görə, evdə hazırlanan süd və qatıq məhsulları adətən heç bir markalanma, sanitar sertifikat, yaxud istehsal şəraiti haqqında məlumat olmadan satışa çıxarılır. Bu isə həm məhsulun təhlükəsizliyini şübhə altına alır, həm də istehlakçı sağlamlığı üçün ciddi risk yaradır:
“Bu günlərdə dabaq xəstəliyinin geniş yayılması fonunda bu cür nəzarətsiz məhsulların istifadəsi xüsusilə təhlükəlidir. Onsuz da süd və qatıq məhsulları risk qrupuna daxildir, belə şəraitdə onların istifadəsi yoluxma təhlükəsini daha da artırır.”
İlkin Şirinov hesab edir ki, bu sahədə nəzarətin tam həyata keçirilməsi real olaraq mümkün deyil.
“Kimsə evində bir neçə banka qatıq hazırlayıb bazarda, metro qarşısında və ya insanların sıx toplaşdığı yerlərdə satırsa, bunun üzərində dövlət nəzarət mexanizmini qurmaq çətindir. Nəticədə məsuliyyət istehlakçıların öz üzərinə düşür. İnsanlar aldıqları məhsulun mənşəyi və təhlükəsizliyi barədə diqqətli olmalıdırlar”, – ekspert fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az