RU

Bakı və Astana Xəzərə aid mühüm layihə başlada bilər - İlham Əliyev ideya verdi...


Əyyub Kərimli: “Bu, region üçün həm praktiki, həm də strateji bir ideyanın işarəsidir”

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

Prezident Əliyev müsahibəsində bildirib ki, Xəzər üzrə birgə tədbirlər işləyib həyata keçirməliyik: “Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.

Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir”.

Bakı və Astana Xəzərə aid mühüm layihə başlada bilər və bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev ideya verib.

“... Xəzər dənizinin üzləşdiyi ekoloji problemin - biomüxtəlifliyi, ekosistemin dayanıqlılığını və sairi təhdid edən məsələlərin aradan qaldırılmasına töhfə verə bilər”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu ideya rəmzi xarakter daşımır, bu, region üçün vacib əhəmiyyət daşıyan çağırışdır: “Bu, region üçün həm praktiki, həm də strateji bir ideyanın işarəsidir. Bu çağırış gələcəkdə bir neçə istiqamət üzrə tədbirlər planı həyata keçirilməsini özündə ehtiva edə bilər. İki dövlət arasında həm ümumi layihələrin, həm də Xəzaryanı, regional dövlətlərlə bağlı birgə koordinasiyanın aparılmasını özündə ifadə edə bilər. Sözsüz ki, ilk növbədə regional inteqrasiya və logistika keçidlərində Azərbaycanla Qazaxıstan qardaş ölkə kimi çox vaxt bir-biri ilə əməkdaşlıq edir və burada iki ölkənin birgə layihələri həm iqtisadi, həm siyasi sahədə əməkdaşlığı ehtiva etməkdədir”.

Ə.Kərimli qeyd etdi ki, 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb və bu Yol Xəritəsi üç dövlət arasında logistikanın, infrastrukturun sinxronlaşdırılmasını nəzərdə tutur. “Digər sahədə əməkdaşlıq ekoloji və iqtisadi təhlükəsizlikdir ki, bu da, əlbəttə, Xəzər dənizinin üzləşdiyi ekoloji problemin, biomüxtəlifliyi, ekosistemin dayanıqlılığını və sairi təhdid edən məsələlərin aradan qaldırılmasına töhfə verə bilər”.

Ə.Kərimli vurğuladı ki, yeni sahələr və innovativ tətbiqlər də burda mümkündür. Ekspert hesab edir ki, ənənəvi sahələr olan neft-qaz kifayət qədər işlənilib, inkişaf edib. Ə. Kərimli qeyd etdi ki, gələcək üçün rəqəmsal və yaşıl enerji, dəniz infrastrukturu multimodal logistika kimi sahələri əhatə edə bilər. “Həmçinin sualıtı fiber-optik kabel xətləri layihəsi hazırda gündəmdədir. Bu ideya Azərbaycanla Qazaxıstanın yalnız öz aralarında deyil, eyni zamanda Xəzər regionunda bütün sahil yanı ölkələrin iştirakı ilə bağlıdır. Onlar da bu istiqamətdə öz töhfələrini verməlidirlər. Bu ideya bütün region üçün böyük əhəmiyyət daşıyır”.

Konkret layihələrə gəlincə, Ə.Kərimlinin sözlərinə görə, bu ilk növbədə sualtı kabellər və rəqəmsal infrastrukturlarla bağlıdır. Ə.Kərimli qeyd etdi ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə 372 kilometrlik sualtı fiber-optik kommunikasiya xətlərinin tikinti layihəsi var, bu da rəqəmsal “İpək yolu” layihəsinin bir hissəsidir. Azərbaycanla Qazaxıstan arasında nəqliyyat marşurustlarının genişləndirilməsinin prioritet olduğunu deyən ekspert qeyd etdi ki, Azərbaycanın Ələt, Qazaxıstanın Aktau limanlarının gücləndirlməsi, infrastrukturun yenilənməsi və böyüdülməsi nəzərdə tutulub. “Bu yolla Qazaxıstana, Orta Asiyaya, Çinə, Avropaya yük tranzitləri də sürətlənə bilər...

Əsas istiqamətlərdən biri kimi yaşıl enerji dəhlizini vurğulaya bilərik. Sözsüz, ekoloji məsələlərlə bağlı deyə bilərik ki, Xəzər dənizinin su hüquqları, ekoloji məsuliyyətlər, liman infrastrukturları, sahil ölkələrin tənzimlənmələri kimi məsələləri də koordinasiya etmək mümkündür. Həmçinin qlobal səviyyədə Xəzər regionunda Rusiya, İran, Türkiyə, Çin kimi aktorların maraqları var və həmin bu kontekstlər də işlənilə bilər. Ekoloji problemlərin həlli təkcə infrastruktura deyil, eyni zamanda davamlılıq prinsiplərinə əsaslanmalıdır. Bunun üçün də Xəzəryanı dövlətlər arasında atılan addımların alimlər, mütəxəssislər, ekspertlər tərəfindən koordinasiya edilməsinə ciddi ehtiyac var”-deyə Ə.Kərimli qeyd etdi.

İradə SARIYEVA

Избранный
31
baki-xeber.com

1Источники