RU

Qəzza yenidən bombalandı - Trampın sülh planı yerə sürtüldü...


Mübariz Göyüşlü: " Qəzza ilə bağlı sülh planı gündəmə gələndə bunun davamlı olacağı ehtimal edilmirdi”

İsrail atəşkəs razılaşmasının HƏMAS tərəfindən pozulduğunu əsas gətirərək Qəzza zolağına yenidən şiddətli hücumlara başlayıb.

İsrail Ordusunun yaydığı açıqlamada bildirilir ki, İsrail atəşkəsə baxmayaraq Qəzzanın hər yerində ardıcıl hücumlara başlayıb. Ordu mənbələri Qəzzada israilli məhbusların saxlanıldığı tunellərə də hücumlar edildiyini iddia edib.

İsrailin atəşkəsi pozmasından və Qəzzaya hücumlara başlamasından sonra HƏMAS vasitəçilərə çağırış edib. HƏMAS-ın yaydığı açıqlamada deyilir: "Biz razılaşmanın pozulmasından İsraili məsul tuturuq. Vasitəçiləri İsrailin hücumlarını dayandırmaq üçün müdaxilə etməyə çağırırıq".

Hadisələr göstərir ki, Qəzzada müharibə yenidən başlandı, Trampın sülh planına əməl edilmədi.

“Qəzzada vəziyyətin həlli istiqamətində, tam atəşkəsə nail olmaq, problemin həlli üçün böyük dövlətlər BMT tribunasında səy göstərməlidir”

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qəzza ilə bağlı sülh planı gündəmə gələndə bunun davamlı olacağı ehtimal edilmirdi: “Açıqlamalarımda Qəzzada atəşkəsin uzun müddət davam edəcəyinə inanmadığımı dilə gətirmişəm. Tərəflərin silahlanmanı dayandırmayacağı bəlli idi, çünki HƏMAS və digər qruplar aktiv olub. Təcrübə göstərir ki, illərdir aparılan danışıqlar və təşəbbüslər nəticəsiz qalıb”.

Həmsöhbətimiz hesab edir ki,Qəzzada vəziyyətin həlli istiqamətində, tam atəşkəsə nail olunmaq, problemin həlli üçün böyük dövlətlər BMT tribunasında səy göstərməlidir: “Ancaq biz bunu tam müşahidə edə bilmirik. Vəziyyət belə olduğu təqdirdə problemin həlli uzanır və əldə olunan razılaşmalardan real nəticəortaya çıxmır. Təbii ki, bu vəziyyətdə atəşkəs pozulur, gərginlik davam edir”.

Siyasi şərhçinin fikrincə, müşahidə edilən qarşıdurmalar yenidən gərgin müharibə mərhələsinə səbəb ola bilər: “Böyük dövlətlər məlum vəziyyətə ciddi yanaşmalıdır. Belə olarsa, adıçəkilən bölgədə sülhün şahidi ola bilərik, əks halda vəziyyət daha da pisləşəcək”.

Günel CƏLİLOVA

Избранный
97
baki-xeber.com

1Источники