Son günlər bölgələrdə dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar ictimaiyyətdə narahatlıq yaradıb.
Maraqlıdır, dabaq xəstəliyinin yayılması fonunda ətin satışına qadağa qoyulması gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, belə bir vəziyyət mümkündür və bu, dövlətin həm əhalinin sağlamlığını qorumaq, həm də iqtisadi itkilərin qarşısını almaq məqsədilə atdığı addımlar sırasına daxildir.

Akif Nəsirli
“Dabaq və ya digər heyvan xəstəlikləri sürətlə yayıldığı zaman, bir çox ölkələrdə ət və heyvan mənşəli məhsulların satışına müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Dabaq heyvanlar üçün yüksək yoluxucu və zərərli xəstəlikdir. İnsanlara birbaşa yoluxmasa da, yoluxmuş heyvanlardan əldə olunan ət məhsulları müəyyən risk daşıya bilər”, – deyə iqtisadçı qeyd edib.
Nəsirlinin sözlərinə görə, infeksiya baş verən ərazilərdə heyvan kəsimi və ətin satışı məhdudlaşdırıla, bazarlar, restoranlar və istehsal müəssisələrində müvəqqəti qadağalar tətbiq olunur. Bu məhdudiyyətlər regional və ya milli səviyyədə həyata keçirilə bilər.
Ekspert əlavə edib ki, xəstəliyin qarşısının alınması üçün əlavə tədbirlər də görülür:
• Xəstə heyvanların məhv edilməsi və sanitariya tədbirlərinin gücləndirilməsi;
• Nəzarətli kəsim və sertifikatlaşdırılmış ət istehsalı;
• Heyvanların hərəkətinə məhdudiyyətlərin qoyulması.
“Əgər dabaq xəstəliyi geniş miqyasda yayılarsa, qida təhlükəsizliyi baxımından ətin satışına qismən və ya tam qadağa qoyulması istisna deyil. Qadağanın müddəti və miqyası xəstəliyin yayılma səviyyəsindən və dövlətin epidemioloji protokollarından asılı olacaq”, – iqtisadçı vurğulayıb.
Qeyd edək ki, dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gün davam edir.
Aynurə İsmayıl
KONKRET.az