RU

İlham Əliyevin sülh gündəliyi və strateji əməkdaşlıq vizyonu

15 oktyabr 2003-cü il Azərbaycan siyasi tarixinə mühüm dönüş nöqtəsi kimi daxil olub. Xalqımız həmin gün İlham Əliyevi yüksək səs çoxluğu ilə Azərbaycanın Prezidenti seçdi.  Prezident İlham Əliyev isə həm daxili, həm də xarici siyasət kursunun əsas hədəfini - torpaqlarımızın işğalına son qoymaq və bayrağımızı azad ediləcək ərazilərimizdə dalğalandırmaq olduğunu bəyan etdi. 

Ulu Öndər Heydər Əliyev də bu missiyanın İlham Əliyev tərəfindən yerinə yetiriləcəyinə dərindən inanırdı. Ümummilli Liderin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək" sözləri məhz Qarabağın azadlığına olan inamın ifadəsi idi. Prezident seçilməsindən 17 il sonra - 2020-ci ildə - Ali Baş Komandan kimi Qarabağ və Şərqi Zəngəzurda Zəfər qazanan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaldaraq bu Qələbəni tamamladı. Xalqımız 2003-cü ildə düzgün seçim etdiyinə bir daha əmin oldu.

Bu gün isə Azərbaycan qarşısına yeni məqsədlər qoyub: davamlı inkişaf və xarici təzyiqlərin neytrallaşdırılması, beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi. Dövlətin iqtisadi gücü və qüdrəti onun hərbi gücü qədər vacibdir ki, o öz xarici siyasətində sərbəst, prinsipial və ardıcıl kurs həyata keçirə bilsin.

Prezident İlham Əliyevin sülh gündəliyi regionda və onun sərhədlərini aşan böyük bir coğrafi arealda sabitliyin bərpasına və davamlı əməkdaşlığa xidmət edir. 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla əldə olunan razılaşma və onun sentyabrda BMT müstəvisində təqdimatı bu siyasətin real nəticəsinin qəbuludur. Prezidentin sülh və əməkdaşlıq təşəbbüsləri beynəlxalq səviyyədə özünü doğrultmuş təcrübə kimi dəyərləndirilir. Sülh və əməkdaşlıq gündəliyi müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində - BMT, ASB, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Prezident İlham Əliyevin prinsipial dövlət xadimi kimi tanıdıb. Bu kontekstdə 13 oktyabr tarixində Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin  20-dən artıq siyasi liderlə birgə iştirakı Azərbaycanın qlobal diplomatik müstəvidə nüfuzunun göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Böyük Britaniya, Fransa, İspaniya, Türkiyə liderləri ilə birgə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın Avrasiya siyasi arenasında strateji dialoq tərəfdaşı, etibarlı və dost ölkə olduğunu təsdiqləyir. 

Azərbaycan Prezidentinin sülh gündəliyini intensiv şəkildə irəlilətməsinə dair ən tutarlı arqumentlərdən biri, son dörd ay ərzində keçirilmiş yüksəksəviyyəli görüşlərin intensiv qrafikidir. Avqust ayında Vaşinqtonda sülh sammiti, bundan əvvəl isə Abu-Dabidə baş tutmuş görüş, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ŞƏT+ formatında, oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) Zirvə görüşündə, yenə oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində və Müstəqil Dövlətlər Birliyinin Düşənbə toplantısında iştirak və bu sammitlər çərçivəsində keçirilən görüşlər və aparılmış danışıqlar Azərbaycanın bu istiqamətdə ardıcıl diplomatik səylər göstərdiyini nümayiş etdirir.

BMT Baş Assambleyasının tribunasında Azərbaycan Prezidentinin təqdim etdiyi "sülhü qazanmağın Azərbaycan təcrübəsi"nə ASB daxilində də maraq göstərilməsi təsadüfi deyil. Aİ Şurasının prezidenti Antonio Koşta ASB 7-ci Zirvə görüşündəki açılış nitqində Azərbaycan Prezidenti və Ermənistan Baş nazirini sülh prosesində atdıqları addımlara görə təbrik edərək, bu istiqamətdə Azərbaycanın sülh gündəliyinə verdiyi dəyəri xüsusi vurğulamışdır. Koşta həmçinin Azərbaycanı Avropa İttifaqı üçün dəyərli tərəfdaş adlandıraraq ölkəmizlə əlaqələri inkişaf etdirməyə sadiq olduqlarını "X" hesabında yazmışdır.

Bu kontekstdə Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş Azərbaycanın sülh prosesinə sadiqliyini və sülh gündəliyinin reallaşdırılması istiqamətində ardıcıl fəaliyyətini bir daha təsdiqləyir. Azərbaycanın sülh gündəliyinə və Prezident İlham Əliyevin bu çərçivədəki siyasətinə verilən qiymət həm dövlətimizin sülhə və əməkdaşlığa sadiqliyini, digər tərəfdən isə de-fakto sülhün dayanıqlı sülhə çevrilməsi istiqamətində atılan praktiki addımları təsdiqləyir.

Prezident İlham Əliyevin BMT Baş məclisinin 80-ci sessiyasında çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə tutduğu prinsipial mövqeyi, beynəlxalq hüquqa sadiqliyi, regional sülhə, sabitliyə və təhlükəsizliyə verdiyi töhfəni bir daha aydın şəkildə nümayiş etdirdi. İlham Əliyev illər boyunca BMT tribunasından Azərbaycanın üzləşdiyi işğal və təcavüz faktlarını gündəmə gətirdiyini xatırladaraq, bu gün artıq qalib dövlətin lideri kimi regionda sülhə və əməkdaşlığa töhfə verməyə hazır olduğunu bəyan etdi.

Bu, təkcə milli maraqların təmin olunması deyil, eyni zamanda beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından da mühüm presedent kimi qiymətləndirilir. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, BMT Nizamnaməsinə görə, onun ali orqanlarından olan Təhlükəsizlik Şurasının üzərinə düşsə də, real addımlar atılmadı. 

Postmünaqişə dövründə aparılan sülh danışıqlarını üçüncü qüvvələrin müdaxiləsindən qorumaq və vasitəçisiz uğurla başa çatdırmaq da sülh qazanmağın Azərbaycan modelinin əsas komponentlərindəndir. Regionda sülhü və təhlükəsizliyi hərbi, siyasi və diplomatik vasitələrlə təmin edən, "müharibəni udan və sülhü qazanan" dövlətin lideri bu təcrübəni, Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğumuzu bu universial təşkilatın ali kürsüsündən bəyan etdi. 

Dövlət başçısının çıxışında əks olunan əsas mesajlar son beş ildə Zəfərimizdən sonra regionda yaranmış yeni geosiyasi reallıqların təməlində duran mühüm məqamları əhatə edir. Prezidentin vurğuladığı kimi, Azərbaycan uzun illər işğal və ədalətsizlikdən əziyyət çəkdiyi, ikili standartlarla üz-üzə qaldığı halda, BMT Nizamnaməsinə, müvafiq qətnamələrinə və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. 

Prezident İlham Əliyevin "Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq" çağırışı, qlobal miqyasda hüquq və ədalətə əsaslanan yeni beynəlxalq münasibətlər sisteminə ehtiyac olduğunu diqqətə çatdırır. Bu, həm inkişaf etməkdə olan ölkələrin, həm də münaqişə bölgələrinin ədalətli münasibətə ehtiyacı olduğuna dair mühüm mesajdır. Bu mesajın əhəmiyyəti həm də ona görə diqqət çəkir ki, BMT təşkilat olaraq Nizamnaməsinin 2-ci maddəsinə görə, üzv dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanır.

Azərbaycan Prezidenti BMT tribunasından çıxış edərək ölkəsinin sülh təşəbbüslərinə sadiqliyini, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və suverenliyə əsaslanan yanaşmanı dəstəklədiyini bir daha bəyan etdi. Bu yanaşmanın hazırkı dövrdə beynəlxalq təhlükəsizlik və davamlı inkişaf üçün strateji əhəmiyyəti böyükdür. Prezident İlham Əliyevin çıxışı BMT-nin ali tribunasında Azərbaycanın haqlı mövqeyinin və beynəlxalq hüquqa söykənən siyasətinin ifadəsi olmaqla yanaşı, qlobal ədalət, sabitlik və əməkdaşlıq çağırışının da bariz nümunəsidir. Prezidentin çıxışı Azərbaycan diplomatiyasının sülh yönümlü, prinsipial və konstruktiv xarakter daşıdığını bir daha sübut edir. Bu çıxış həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətli bir sənəd kimi qiymətləndirilə bilər.

İkinci Qarabağ müharibəsindən və suverenliyimizin bərpasından sonra yeni yaranmış reallıqlar şəraitində ABŞ-lə yanaşı, həm də Avropa İttifaqı ilə münasibətlərimizdə intesivləşmə və yaxşılaşma müşahidə olunur. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa İttifaqı siyasi münasibətlər müstəvisində zaman-zaman, xüsusən torpaqlarımız işğal altında olarkən Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmə gəlib. Təəssüf ki, Avropa Parlamenti qərəzli mövqeyindən bu gün də əl çəkməyib. 

Amma Zəfərimiz nəticəsində yaranmış yeni reallıqların üstünlükləri Brüsseldə də qəbul olunur və bu, xüsusi ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ikinci kabinetinin ölkəmizə münasibətdə sərgilədiyi mövqedə müşahidə olunur. Bu kontekstdə genişlənməyə məsul komissarın sentyabr ayında Azərbaycana səfərinə son dövrlər Aİ rəsmiləri ilə Azərbaycan arasında intensivləşən səfərlər kontekstində qiymət vermək olar. May ayında Tiranada, oktyabr ayında Kopenhagendə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə  görüşləri baş tutub. Avqustda Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini cənab Prezident Bakıda qəbul edib. Sentyabrda Aİ-nin genişlənmə məsələləri üzrə komissarı ölkəmizə səfəri çərçivəsində həmçinin işğaldan azad edilmiş ərazilərə, Ağdam rayonuna səfər edib və orada minatəmizləmə fəaliyyəti ilə tanış olub. 

Avropa İttifaqının postmüharibə dövründə barışıq istiqamətində geniş potensialı və təcrübəsi var. İkinci Dünya müharibəsindən sonra bu qurumun formalaşmasında iştirak edən 6 dövlət, ilk növbədə, müharibəyə səbəb ola biləcək resursları - kömür və polad sənayesinin idarəsini əlaqələndirdilər. Bizim regionda isə belə əlaqələndirici və sülhə və sabitliyə xidmət edən məsələlər sırasında tranzit-nəqliyyat infrastrukturu layihələri, enerji sahəsində əməkdaşlıq yer alır. Həmçinin insanlararası əlaqələr qurulması və etimad quruculuğu məsələlərində Aİ-nin təcrübəsindən yararlanmaq olar. 

Aİ ilə münasibətlərdə yer alan çox mühüm məqamlardan biri logistika-nəqliyyat məsələsidir. Qara Dəniz Avropanı Cənubi Qafqazla ayrıcı yox, birləşdirən məkan olmalıdır. Qara dəniz Aİ ölkələrini eyni zamanda Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ilə birləşdirir. Aİ-nin Mərkəzi Asiya ilə münasibətlərində də intensivləşmə müşahidə olunur. Brüssel Mərkəzi Asiya ölkələrinə münasibətdə "Qlobal Gateway" (Qlobal keçid) təşəbbüsü çərçivəsində əməkdaşlıq təklif edib. 2021-ci ildə start verilən "Qlobal Gateway" layihəsinin 300 milyard avroluq büdcəsi var və beynəlxalq müstəvidə 90 layihəni əhatə edir. 2030-cu ilədək tranzit infrastrukturun yaradılması məqsədilə Mərkəzi Asiya ölkələrinə 10 milyard avro investisiya yatırmaq istəyirlər. Aİ müəyyən xammalın, qiymətli metalların Mərkəzi Asiyadan idxalını planlaşdırır. Belə ki, Aİ Mərkəzi Asiyadan xüsusi ilə hərb sənayesində ciddi ehtiyac duyduğu qiymətli metalların və digər xammalın sabit, alternativ yollarla idxalında maraqlıdır. Bu sahədə tələb olunan 39 müxtəlif qiymətli metalın 9 növü Avropa ərazisində kritik həddə çatışmazlığı ilə ciddi narahatlıq yaradır.

Eyni zamanda Aİ ilə Çin arasında intensivləşən ticari münasibətlərdə tranzit ölkə kimi Azərbaycan Orta dəhlizin vacib hissəsi kimi mühüm rol oynayır. Bu həmçinin Zəngəzur dəhlizi (TRIPP) üçün uğurlu perspektiv vəd edir. İstənilən halda Aİ-nın yeni reallıqları nəzərə alaraq, öz siyasətində dəyişiklik etməsinin tam zamanıdır və bu istiqamətdə fəaliyyət sərgiləndiyi müşahidə olunur. Bu reallığı yaradan Azərbaycanın sülh gündəliyi və yeni reallıq şəraitində əməkdaşlığı müəyyən edən Prezident İlham Əliyevin strateji vizyonudur. Qalib Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformasında ayrı-ayrı aktorlar yer almaq istəyir və onun üçün də Bakıya səfərlər və ayrı-ayrı beynəlxalq platformalarda Prezident İlham Əliyevlə dialoq intensivləşib.

Məlum olduğu kimi, oktyabrın 7-də Qəbələdə "Regional sülh və təhlükəsizlik" mövzusunda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirilib. Qəbələ Zirvə görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr edilməsinə bir sıra mühüm amillər səbəb olub. Bu amillər həm regional, həm də qlobal miqyasda mövcud çağırışlardan, eləcə də üzv dövlətlərin xarici siyasətində sülh və sabitliyə verdikləri strateji önəmdən qaynaqlanır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə regionda yeni siyasi reallıq formalaşdırıb. Bu reallığın əsasında dayanan sülh gündəliyi artıq Prezident İlham Əliyev tərəfindən BMT və ASB səviyyəsində təqdim olunaraq yüksək qiymətləndirilib. Belə ki, təhlükəsizliyin və dayanıqlı sabitliyin təmini ilə bağlı məsələlər təkcə türk dövlətləri arasında deyil, həm də ASB və BMT Baş Assambleyası kimi beynəlxalq platformalarda da müzakirə mövzusu olmuşdur. Prezident İlham Əliyevin bu tədbirlərdə təhlükəsizlik və dayanıqlı sabitliklə bağlı sülh gündəliyinin təqdimatı ciddi maraq doğurmuşdur.

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə isə yeni regional güc mərkəzi kimi formalaşmaqda olan TDT çərçivəsində təhlükəsizlik məsələsinin dövlət başçıları səviyyəsində gündəmə gətirilməsinə şahidlik etdik. Ortaq dəyərlər, dil, mədəniyyət, tarix və din bağları ilə birləşən, oxşar strateji maraqları olan dövlətlərin iqtisadi, enerji və siyasi əməkdaşlıqla yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq etmək və birgə hədəflərə nail olmaq istiqamətdə öz qətiyyətlərini ortaya qoyurlar. TDT-nin Qəbələ Zirvəsinin gündəminin yeni əməkdaşlıq sahələri üzrə formalaşdırılması ev sahibi dövlət kimi Azərbaycanın təşəbbüsü ilə, Prezident İlham Əliyevin sülh gündəliyindən qaynaqlandığı aydındır. Bu məsələnin uğur qazanması strateji müttəfiqlərimiz, qardaş türk dövlətlərinin verdiyi dəstəyin nəticəsində mümkün olmuşdur.

Prezident sözügedən sülh gündəliyinin TDT Qəbələ Zirvə Görüşünün çərçivəsində təqdim olunması yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın evsahibliyi etdiyi hər bir Zirvə görüşü istər 2000-ci ildə Bakı, 2009-cu ildə Naxçıvan, 2013-cü ildə Qəbələ, 2024-cü ildə Şuşa, istərsə də bu il Qəbələdə keçirilən toplantı TDT-nin inkişafı baxımından xüsusi əhəmiyyəti ilə seçilib. Budəfəki Zirvə görüşü isə təhlükəsizlik, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində çoxşaxəli əməkdaşlığın əsasını qoydu.

Prezident İlham Əliyevin ortaya qoyduğu sülh modeli hərbi, siyasi və diplomatik vasitələrlə sabitliyin yaradılması təcrübəsi artıq türk dünyası üçün örnəkdir. Bu model indi çoxtərəfli əməkdaşlıq formatında strateji müttəfiqlərimizlə bölüşülür. Ortaq tarix, dil və dini dəyərlər üzərində qurulan bu birliyin əsas məqsədi təhlükəsizlik və sabitlik sahəsində uzunmüddətli, institusionallaşmış əməkdaşlıq yaratmaqdır. Qəbələ Zirvə görüşü TDT tarixində təhlükəsizlik, müdafiə və sülh sahəsində yeni mərhələnin əsasını qoyan tarixi toplantı kimi qalacaq.

Müasir dövrdə regional və qlobal səviyyədə baş verən hadisələr və mövcud çağırışlar təhlükəsizlik və müdafiə məsələlərini beynəlxalq gündəliyin prioritet istiqamətlərindən birinə çevirib. TDT çərçivəsində keçirilən son sammit də bu istiqamətdə mühüm müzakirə platforması kimi çıxış etdi. Belə ki, Qəbələ görüşü zamanı ilk dəfə bu qədər açıq və səmimi şəkildə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əsas mövzuya çevrildi. Prezident İlham Əliyevin bu sahədə irəli sürdüyü təşəbbüslər həm regional, həm də beynəlxalq təhlükəsizlik müstəvisində əhəmiyyətli strateji addım kimi dəyərləndirilə bilər.

Xarici siyasət sahəsində bir sıra yeni hədəflər Qəbələ Bəyannaməsinin mətnində təsbit olunmuşdur. Belə ki, TDT-yə BMT Baş məclisi və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusunun verilməsi üçün diplomatik səylərin artırılması zərurəti vurğulanmışdır. Eyni zamanda Afrika İttifaqı və Ərəb Dövlətləri Liqası ilə institusional əməkdaşlığın yaradılması qarşıya qoyulmuşdur. TDT+ formatının təsis olunması üçün bu təşkilata üçüncü dövlətlərin artan maraqlarının və əməkdaşlıq niyyətlərinin institutlaşdırılması məqsədinə xidmət edir. Xüsusi ilə TDT çərçivəsində çoxşaxəli və yeni əməkdaşlıq sahələrinin reallaşdırılması üçün möhkəm hüquqi əsasın yaradılması çox vacibdir. Bu mənada "Türk Dövlətlərinin strateji tərəfdaşlığı, əbədi qardaşlığı və dosluğu haqqında müqavilə"nin tezliklə imzalanması üçün dövlətdaxili hüquqi prosedurların tezləşdirilməsi üçün üzv dövlətlərə çağırış edilmişdir. 

Ev sahibi kimi Azərbaycanın çıxış etdiyi təşəbbüslərə digər qardaş və strateji tərəfdaşlarımızın verdiyi dəstək nəticəsində bu hədəflər TDT Fəaliyyət Planının əsasını təşkil edəcəkdir. Hazırda həm regional, həm də qlobal miqyasda müşahidə olunan hibrid təhlükələr, enerji təhlükəsizliyi böhranları və münaqişə ocaqlarının aktivləşməsi yeni tipli əməkdaşlıq mexanizmlərinin formalaşmasını zəruri edir. Türk dünyasının coğrafi məkanında yerləşən bəzi ərazilər uzun illər müxtəlif münaqişələrin mərkəzində olub, eləcə də qonşuluqda olan ciddi münaqişələr təhlükəsizliyə və sabitliyə risklər törətməkdə davam edir. Məhz bu səbəbdən TDT ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində əlaqələndirilmiş fəaliyyəti regional sabitliyin əsas təminatına çevrilə bilər. 

Regional sülhün və təhlükəsizliyin təmin edilməsi, dayanıqlı sabitliyə nail olunması hərbi və müdafiə sənayesi, təhlükəsizlik sahələrində əməkdaşlıqla yanaşı, iqtisadiyyat, nəqliyyat və digər əlaqəli sahələrdə də hərtərəfli əməkdaşlığı özündə əhatə edir. Çünki təhlükəsizlik çoxşaxəli, çoxsahəli əməkdaşlığı özündə ehtiva edən məsələdir. 

Bu kontekstdə Zəngəzur dəhlizinin (TRIPP) reallaşması türk dövlətləri arasında iqtisadi və nəqliyyat təhlükəsizliyini gücləndirəcək, həmçinin Şərq-Qərb istiqamətində strateji üstünlük yaradacaq. Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Türkiyədən Azərbaycan üzərindən Orta Asiyaya birbaşa, maneəsiz quru əlaqəsinin bərqərar olması yalnız ticarət dövriyyəsini deyil, "yaşıl enerji"nin ixracını və dəmir yolu layihələrinin icrasını da stimullaşdıracaq. Bu isə türk dövlətlərinin "Şərq-Qərb nəqliyyat dəhlizi"ndə artan çəkisini bir daha təsdiqləyəcək.

Mərkəzi Asiyadan Türkiyənin Avropa sərhədlərinədək uzanan böyük coğrafi arealda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında türk dövlətlərinin və Azərbaycanın malik olduğu coğrafi mövqe və resurslar strateji əhəmiyyəti ilə seçilir. Bu coğrafi mövqenin strateji üstünlükləri və ondan irəli gələn nəqliyyat, logistika və tranzit sahəsində əməkdaşlıq imkanları və yaradılan infrastruktur Azərbaycanın və TDT-nin əhəmiyyətini qlobal səviyyədə artırır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yaratdığı yeni siyasi reallıq və buna uyğun təklif olunan əməkdaşlıq imkanları regionun cəlb ediciliyini daha da artırır. 

Prezident İlham Əliyev BMT, ASB və TDT çərçivələrində ölkəmizin sülh gündəliyini və onun çərçivəsindəki iqtisadi, enerji, nəqliyyat-tranzit əməkdaşlıq imkanlarını təqdim etdi. Digər dövlətlər tərəfindən bu sülh və əməkdaşlıq gündəliyi təqdir olunur və onlar bu əməkdaşlıqda yer almaq istəyirlər. Nəqliyyat-tranzit təhlükəsizliyinin təmin olunması artıq ikitərəfli Azərbaycan-Ermənistan əməkdaşlıq müstəvisini aşaraq, regional və çoxtərəfli əməkdaşlıq kontekstində yer alan məsələdir. Şərq-Qərb, Orta dəhliz artıq təkcə iştirakçı dövlətlər deyil, həm də daha geniş coğrafiyada yer alan dövlətlərin iqtisadi-siyasi marağında olan bir məsələdir. Bu mənada Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşdırılmasının Prezident Donald Trampın şahidliyi ilə əldə edilən tarixi Vaşinqton razılaşmasında yer alması onun beynəlxalq əhəmiyyətini bir daha təsdiqləyir. Ona görə də Ermənistanda Zəngəzur dəhlizinin necə adlandırılması, Zəngəzur dəhlizinin, TRIPP marşrutunun reallaşmasına Ermənistanda aparılan bu siyasi diskussiyalar geniş anlamda mənfi təsir edə bilməyəcək. Çünki bu məsələ Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra yaratdığı yeni siyasi reallıqlar şəraitində regional sülhə, sabitliyə töhfə verən strateji əhəmiyyətli layihədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi (TRIPP) Şərq-Qərb, Orta dəhlizlə yanaşı, eyni zamanda Şimal-Cənub dəhlizinin vacib hissəsidir. Bu mənada onun reallaşdırılması hazırkı siyasi reallığın şərtləndirdiyi, əməkdaşlığın dərinləşdirilməsi iradəsindən ortaya çıxan məsələdir.

2022-ci ildən bəri Orta dəhlizlə yükdaşımaların təqribən 90 faiz artması bunu bir daha təsdiqləyir. Bu dəhliz Vaşinqton görüşünün yekun Birgə Bəyannaməsində də təsbit edildiyi kimi, dövlətdaxili, dövlətlərarası və beynəlxalq əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi (TRIPP) yalnız idxal-ixrac əməliyyatları baxımından deyil, həm də regionada rifaha, sabitliyə və təhlükəsizliyə töhfə vermək baxımından önəmlidir. Çoxşaxəli əməkdaşlığın Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə reallaşdırılmasında çoxsaylı dövlətin də maraqlı olmasını nəzərə alsaq, onun reallaşdırılması elə də uzaq olmayan zaman məsələsidir.

Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Избранный
85
azerbaijan-news.az

1Источники