“Sabah” basketbol komandası oktyabrın 15-i saat 20:00-da Bakıda FİBA Çempionlar Liqası çərçivəsində ilk oyununu keçirəcək.
Offsideplus.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaitis oyun öncəsi saytımıza açıqlamasında komandanın "Alba" (Berlin) klubuna qarşı hazırlığından danışıb:
"Avropanın ən yaxşı turnirlərindən biri olan Çempionlar Liqasında oynayırıq, ona görə də bizim üçün asan deyil. Bu səviyyədə çox təcrübəmiz yoxdur və bir neçə əcnəbi oyunçumuz olsa da, onların çoxu əvvəllər Avropa Çempionlar Liqasında çıxış etməyib. Bəli, bu, bir qədər çətindir. Amma biz yaxşı məşq edirik, oynamağa hazırıq. "Nimburk"a qarşı ilk oyunumuz heç də yaxşı deyildi, enerjimiz yox idi. Məşqdə hər şey yaxşı görünürdü, meydançaya çıxanda həmişəkindən iki dəfə yavaş oynadıq. Düşünürəm ki, bu, əsasən, bizim hələ də bu yeni turnirə və onun atmosferinə öyrəşməyimizlə bağlı idi. İndi bunun necə olduğunu daha yaxşı başa düşürük və inanıram ki, sabah daha yaxşı çıxış edəcəyik. Şübhəsiz ki, biz qələbə üçün oynayacağıq - buna heç bir sual yoxdur. Nə olursa olsun, əlimizdən gələni edəcəyik və qələbə qazanmağa çalışacağıq”.
O, qarşılaşmanın keçiriləcəyi Milli Gimnastika Arenasındakı atmosferdən söz açıb, azarkeşləri komandaya dəstək olmağa çağırıb:
"Bakıdakı hər kəsdən xahiş etmək istəyirəm, gəlin və bizə bir daha dəstək olun - bizim azarkeşlərin, xüsusən də "Sabah" basketbol və futbol azarkeşlərinə həqiqətən ehtiyacımız var. Bu, bizim komandamızdır və biz də futbol oyunlarını dəstəkləməyə çalışırıq. Ona görə onların da dəstəyini istəyirik. Biz gözəl basketbol oynamaq üçün əlimizdən gələni edəcəyik və ümid edirəm ki, Azərbaycan basketbolu tarixində ilk Çempionlar Liqası qələbəsini qazanacağıq.
Milli Gimnastika Zalında oynamağa gəlincə, bu, mütləq fərqlidir. Bu, böyük, dünya səviyyəli idman zalı və heyrətamiz hissdir. O, adətən oynadığımız arenalardan daha böyükdür, ona görə də təbii ki, meydançada hisslər fərqlidir – daha çox yer, daha çox atmosfer var. Amma ümumilikdə burada oynamaqdan məmnunuq. Keçən mövsüm avrokuboklarda bir neçə böyük oyunumuz oldu, amma bu qədər böyük arenada ilk dəfəyik. Kort mükəmməldir, səbətlər əladır – indi bizə sadəcə tribunalarda azarkeşlər lazımdır və biz oyuna hazırıq”.