RU

Ermənistanın gələcək perspektivləri barədə ciddi suallar yaranır - xəbərdarlıq

Samvel Karapetyan və revanşist qüvvələr Ermənistanın mövcud siyasi və sosial sferasında pozucu və destruktiv təsirlər yaradan aktorlar kimi görünürlər. Onlar ölkənin qarşısında duran əsas çağırışları görməzlikdən gələrək keçmişin kölgəsində ilişib qalmaqda israr edirlər.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bunu Musavat.com-a açıqlamasında bildirib.

Tural

O qeyd edib ki, bu cür yanaşma Ermənistan üçün heç bir perspektiv vəd etmir, əksinə, ölkənin inkişaf yolunda ciddi əngəl və tıxacdır: “Karapetyanın şəxs olaraq özünün Rusiyanın vətəndaşı olması Ermənistandakı fəaliyyətinin xarici təsirlər altında həyata keçirilməsi barədə şübhələri artırır. O, uzun illər boyunca Azərbaycan torpaqlarının işğalına dəstək vermiş, silah və maliyyə yardımı göstərmiş bir şəxs kimi yaddaşlarda qalır. Bu fonda onun “Bizim yolumuz” hərəkatı barədə bəyanatları, o cümlədən “ümumxalq hərəkatı”na çevrilmə çağırışları, simvolik olsun ya olmasın, Ermənistanda siyasi sabitliyi pozmaq məqsədi kimi də qiymətləndirilir. Onun sərbəst qalması ilə bağlı böyük mitinqlərin təşkili də Ermənistanın siyasi səhnəsində yeni qeyri-sabitlik mənbəyi yaratmaq niyyətinin açıq ifadəsidir. Karapetyanın və altında olduğu qrupun keçmiş rejimlərlə, xüsusən də Robert Köçəryan və Serj Sərkisyanyla qismən əməkdaşlıq üçün açıq qapı saxlamaları isə Azərbaycanın və bölgənin maraqlarını nəzərə almamaqdır. Belə siyasətin regional inteqrasiya, sülh və əmin-amanlıq proseslərinə ciddi zərbə vuracağı qaçılmazdır”.

T.İsmayılov bildirdi ki, revanşistlər keçmiş dövrün xəyallarına qapılaraq Ermənistanın demokratikləşmə yolunda irəliləməsinə mane olurlar: “Onlar Paşinyan hökumətinin nailiyyətlərini gözdən salmağa cəhd edirlər, lakin özləri keçmiş məğlubiyyətlərin və böyük sosial iqtisadi böhranların daşıyıcılarıdırlar. Karapetyanın həbs müddətinin uzadılması, istintaqın uzanması kimi halları siyasi təzyiq kimi təqdim etməsi isə hərbi və siyasi fəaliyyətlərinin qanuni icrasını manipulyasiya məqsədindən başqa bir şey deyil. Bu cür qüvvələr Ermənistanın gələcəyi üçün real təhlükədir, çünki onlar öz maraqlarını ümumxalqın maraqlarından üstün tuturlar. Ermənistan cəmiyyətinin isə qarşısında duran əsas vəzifə bu cür “ağır irsin” öhdəsindən gəlmək, yeni, peşəkar və daha konstruktiv siyasi qüvvələri dəstəkləməkdir.

Karapetyanın və onun kimi qüvvələrin ritorikası çox vaxt daxili siyasi çəkişmələri artırmaqla Ermənistanın xarici siyasətində də sabitsizlik yaratmağa xidmət edir. Onlar regional əməkdaşlığa və ölkənin gündəlik iqtisadi inkişafına mane olmaqda davam edir, sülh və əməkdaşlıq üçün vacib olan prosesləri təxirə salırlar”.

Ekspert vurğuladı ki, Ermənistanın uğurlu gələcəyi üçün bu cür revanşist yanaşmalardan uzaq durulmalı, siyasi arena yenilənməli və müasir, demokratik əsaslarla qurulmalıdır: “Karapetyan və onun Kremlə yaxından əlaqəli dairələri Ermənistanda daxili siyasi stabilliyin pozulmasında məsuliyyət daşıyır. Belə qüvvələr yalnız öz şəxsi və qrup maraqlarını güdür, ölkənin ümumi inkişafını həmişə arxa plana atırlar.

Əslində, onların fəaliyyəti Ermənistanın xarici siyasətində onun müttəfiqləri ilə əlaqələrinin zədələnməsinə də gətirib çıxarır, ölkə beynəlxalq təcridə düçar olur. Bu, həmçinin Ermənistanın iqtisadi inkişafının yavaşlamasına təsir edir və sosial gərginliyi artırır.

Göründüyü kimi, “Bizim yolumuz” kimi hərəkatların yaratdığı narahatlıq Ermənistanın ümumi siyasi təhlükəsizliyinə ciddi zərbə vurur və ölkənin dayanıqlı inkişafını sual altına qoyur. Onların bəyanatları çox vaxt populistdir və real siyasət barədə deyil, köhnə siyasi dövrlərin nostaljisini ifadə edir”.

T.İsmayılov mühüm bir məqama diqqət çəkdi: “Bir çox ekspert və müşahidəçilər hesab edir ki, bu cür revanşist qüvvələr Ermənistanda əsas siyasi transformasiyanın qarşısını almaq, ölkəni sabitlik və inkişaf yolundan uzaqlaşdırmaq üçün yaradılır. Ermənistan cəmiyyətinin sağlam hissəsi üçün əsas prioritet demokratik islahatların davam etdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və regionda sülh və əməkdaşlıq mühitinin yaradılmasıdır. Karapetyan və onun tərəfdarları isə bu proseslərin qarşısında əngəl yaradırlar. Samvel Karapetyan hərəkatının siyasi mənzərəyə daxil olması ilə Ermənistanın gələcək perspektivləri barədə ciddi suallar yaranır. Bu hərəkat Rusiya və onun maraqları ilə bağlıdır və belə qüvvələrin bölgədə stabilliyə xidmət etmədiyi bilinir. Onların fəaliyyətləri Ermənistanın beynəlxalq imicini də zəiflədir.

Bu qüvvələrin fəaliyyəti həmçinin Ermənistan cəmiyyətini parçalamağa, siyasi və sosial qütbləşməyə səbəb olur. Onlar özlərini xalqın ümumi mənafeyinin daşıyıcısı kimi təqdim etsələr də, reallıqda ölkənin maraqlarını daşımağa əngəl törədirlər. Yaradıcı və inkişaf yönümlü siyasi qüvvələrin qarşısında duran əsas məsələ məhz bu revanşist nüfuzun aradan qaldırılması, siyasi dialoqun bütün ölkə üzrə bərabər və aktiv şəkildə qurulmasıdır. Bunun üçün həm vətəndaş cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət dəstəklənməlidir”.

STM əməkdaşı son olaraq bildirdi ki, Karapetyanın və onun hərəkatının çağırışlarına əsaslanan siyasət Ermənistanın gələcəkdəki siyasi inkişafına deyil, keçmişin illüziyalarına bağlı qalmasına xidmət edir və nəticədə ölkəni daha da təcrid edir: “Bu, Azərbaycan və Türkiyə ilə normallaşma və sülh proseslərinə də mənfi təsir göstərir. Beləliklə, Ermənistanın real gələcəyi üçün yeni, müasir və sülh yönümlü siyasətə ehtiyac var. Karapetyan kimi keçmiş revanşistlərin çağırışları isə bu gedişatın qarşısında ən böyük əngəl kimi qalır. Ermənistanda yeniləşmə üçün isə belə köhnə nümunələrin siyasi səhnədən çəkilməsi zəruridir. Bu baxımdan, cəmiyyətin maarifləndirilməsi, siyasi təhlillərin real vəziyyətə uyğun aparılması və revanşistlərin çağırışlarının ifşa edilməsi vacibdir. Yalnız bu halda Ermənistanın davamlı inkişafı və regionda sabitlik təmin edilə bilər”.

E.Paşasoy,
Musavat.com

Избранный
28
1
musavat.com

10Источники